Azərbaycan təhlükəsizlik orqanları – 104 il
17 Mart 2023 10:32 Siyasət"Nizam-intizam təhlükəsizlik orqanlarının işinin əsasını təşkil edən amillərdən biridir. Hərbi qulluq birinci növbədə nizam-intizam üzərində qurulur. Təhlükəsizlik orqanlarında işləyən sıravi adam da, zabit də, rəhbər işçi də bilməlidir ki, nizamnamə, konstitusiya sizin üçün rəhbər və istiqamətverici sənəddir".
Heydər ƏLİYEV
"Əgər hər yerdə sakitlikdirsə, təhlükə yoxdursa, deməli, təhlükəsizlik orqanları yaxşı işləyir. Sizin peşə uğurlarınız çox vaxt ictimai diqqətdən kənarda qalır. Son illərdə ölkələrimizin təhlükəsizlik orqanlarının qazandığı uğurlar bəzən məlum olmur. Lakin vətəndaşlar bir şeyi bilirlər ki, təhlükəsizlik orqanları öz işini hər gün yerinə yetirir, istirahət günləri olmadan qanunun və təhlükəsizliyin keşiyində dayanırlar".
İlham ƏLİYEV
104 yaşlı təhlükəsizlik orqanlarımız
Hər bir xalqın tarixində yalnız onun özünün yazdığı, mərd, cəsur övladlarının qəhrəmanlıqları ilə gerçəkləşdirdiyi, nəsillərdən-nəsillərə ötürülən şərəf, ləyaqət və qürur simvolu olan səhifələri vardır. Azərbaycan təhlükəsizlik orqanlarının keçdiyi çətin, keşməkeşli, eyni zamanda, şərəfli və fədakar yol xalqımızın çoxəsrlik tarixinin əlamətdar səhifələrini təşkil edir. Bu gün biz fəxrlə deyə bilərik ki, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və böyük tərəqqi yolu ilə inamla irəliləyən müstəqil Azərbaycan Respublikası möhkəm təməllər üzərində qurulmuş və müasir tələblərə cavab verən təhlükəsizlik imkanlarına malikdir. Azərbaycan təhlükəsizlik orqanlarının 104 illik tarixini qeyd edərkən, vətənin suverenliyi və dövlətçiliyi yolunda xüsusi igidlik və şücaət nümunələri göstərərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızın, xüsusilə də bütün təhlükəsizlik orqanlarının əməkdaşlarının əziz xatirəsini ehtiramla anırıq.
1919-cu ilin mart ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahının tərkibində təsis edilmiş ilk xüsusi xidmət orqanının - kəşfiyyat və əks-kəşfiyyat bölməsinin varisi olan, bu gün Azərbaycanın maraqlarının və təhlükəsizliyinin qorunmasında öz yeri və rolu olan Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının bu il 104 illiyidir. Ümummilli lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncamla 28 mart tarixini bu orqanların əməkdaşları peşə bayramı günü kimi qeyd edirlər.
Ulu Öndәr Heydәr Әliyev bu barədə demişdir: "Bugünkü müstәqil Azәrbaycan Respublikasının tәhlükәsizlik orqanının başlanğıc tarixini 1918-1920-ci illәrdә yaşamış ilk Azәrbaycan Demokratik Respublikasının yaratdığı orqandan götürmәk doğru, düzgün vә mәqsәdәuyğun qәrardır...".
Bütün Şərqə, müsəlman və türk dünyasına ilk dəfə olaraq respublika, parlament ifadəsini, cümhuriyyət düşüncəsini gətirən, özündən sonra zəngin irs qoyan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətli işlər gördü.
Azərbaycanın ilk xüsusi xidmət orqanlarının yaradılması da gənc Cümhuriyyətin öz dövlətçiliyinin qorunması istiqamətində atdığı addımlardan biri idi. Dövlətin təhlükəsizliyinin təşkili, baş verə biləcək terror-təxribat aktlarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün xüsusi xidmət orqanlarının yaradılmasının zəruriliyinin qaçılmaz olduğunu düzgün dəyərləndirən hökumət bu yönümdə lazımı işlər görürdü. Beləliklə, hərbi nazir general Səməd bəy Mehmandarov və Baş Qərargahın rəisi general Məmməd bəy Sulkeviçin 157 saylı birgə əmri ilə Hərbi Nazirliyin Baş Qərargahının General-kvartirmeystr şöbəsinin tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Səməd bəy Mehmandarov AXC Nazirlər Şurasının sədrinə məruzəsi zamanı qeyd edirdi ki, kəşfiyyat və əks-kəşfiyyatın əsas vəzifəsi "düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, ölkənin daxilində isə casusluğa qarşı mübarizə aparmaqdan ibarətdir".
Yeni xidmətə başlayan Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətində Denikinin casus şəbəkəsinə və bolşevizmə qarşı mübarizə əsas yerlərdən birini tuturdu. Qısa müddətdə Azərbaycanın milli ordusuna nüfuz edən Denikinin casus şəbəkəsi ifşa edildi. Hətta bu şəbəkənin üzvlərinin bir qisminin ingilis kəşfiyyatına işləməsi də müəyyən olundu.
Ölkədə ictimai-siyasi vəziyyətin gərginliyi və kənar hərbi müdaxilənin reallığını nəzərə alan AXC Nazirlər Şurası Dövlət Müdafiə Komitəsi yaratdı. Komitə 1919-cu il iyun ayının 11-də ölkədə fövqəladə vəziyyət elan etdi və elə həmin gündə də müvafiq qərarla Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı - Əksinqilabla Mübarizə Təşkilatının (ƏMT) təsis olunması barədə qərar qəbul edildi.
Erməni millətçi siyasi təşkilatları, silahlı dəstələri və terrorçu daşnak qrupları AXC-nin müstəqilliyinə qarşı təxribatlar törətdiyindən təşkilat onlara qarşı aramsız mübarizə aparır, bolşevizmlə qarşı mübarizə isə Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətində əsas yerlərdən birini tuturdu. Rusiyada bolşevik hökumətinin getdikcə güclənməsi Bakıda, Gəncədə, eləcə də Azərbaycanın digər bölgələrində bolşeviklərin dövlət əleyhinə fəallığını artırmışdı. ƏMT əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinə soxulmağa çalışan bolşeviklərə qarşı mübarizəni artırsalar da, bu işin öhdəsindən yetərincə gələ bilmirdilər. Bu barədə Səməd bəy Mehmandarov yazırdı: "Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir. Bolşevizmlə mübarizə ümumxalq işi olduğundan bir hərbi idarə onun öhdəsindən layiqincə gələ bilməz". Buna görə hərbi nazir kömək üçün Bakı axtarış polisinin də bu işə cəlb olunmasını məqsədəuyğun hesab edirdi.
Lakin 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində Azərbaycan təhlükəsizlik orqanlarının qısa sürən səmərəli fəaliyyəti yarımçıq qaldı. Xüsusi xidmət orqanlarının əməkdaşları və bu insanların yaxın və uzaq qohumları repressiyalara məruz qalaraq çoxu güllələndi, az qismi isə mühacir həyatı yaşamağa məcbur oldular. AXC-nin müstəqilliyi və dövlətçiliyin möhkəmləndirilməsi uğrunda mübarizə aparan ilk təhlükəsizlik orqanlarının fəaliyyətini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev demişdir: "Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc, müstəqil dövlətimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini vermişdir".
XX əsrin ortalarından etibarən respublika təhlükəsizlik orqanının milliləşdirilməsi, həmçinin Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin millətçi damğası ilə təqib olunmalarından qorunması, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində işə başlanılır.
Azərbaycanın gələcək müstəqilliyinə və respublikanın təhlükəsizlik orqanlarının kadr potensialının həllinə hesablanmış həmin proses ömrünün 25 ilini bu orqanlarda xidmətə həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin böyük dühası, idarəçilik və təşkilatçılıq bacarığı, gərgin səyləri sayəsində Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətində əsaslı dönüş yaranmış, bu orqanın milliləşdirilməsi istiqamətində əvəzolunmaz işlər görülmüşdür.
Ümummilli lider Heydər Əliyev həmçinin İkinci Dünya müharibəsi ilə bağlı hərbi əsir və legionerlərin də taleyi ilə maraqlanmış və çalışmışdır ki, onlar arasında öz xalqına, millətinə xəyanət etməyən şəxslər də bəraət alsınlar. Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi və onun Bakı şəhərində möhtəşəm abidəsinin ucaldılması dahi öndərimiz Heydər Əliyevin fədakarlığı nəticəsində mümkün olmuşdur. Sovet dönəmində hər hansı bir hərbi əsirin, xüsusilə də legionerin Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülməsi olduqca çətin idi.
Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən biri də ölkəmizdə milli ruhda əsərləri ilə mərkəzi qıcıqlandıran yazıçıların, şairlərin qorunması, hətta onların dövlət mükafatlarına layiq görülmələri istiqamətində gördüyü əvəzsiz xidmətlər idi. Təsadüfi deyil ki, SSRİ dövründə bütün müttəfiq respublikalardan fərqli olaraq Azərbaycanda dissident yox idi.
1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra digər dövlət qurumları ilə birgə təhlükəsizlik orqanlarının da yenidən qurulmasına təkan verildi. Lakin həmin dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsiz idarəçiliyi nəticəsində respublikanı xaos bürümüş, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı.
Məhz belə bir vaxtda 1993-cü ilin iyul ayında Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlət quruculuğunun bütün sahələrində, o cümlədən təhlükəsizlik orqanlarının formalaşmasında böyük islahatlar həyata keçirdi. Təhlükəsizlik orqanlarının normal fəaliyyətini təmin etmək üçün onun qanunvericilik bazasını yenidən təkmilləşdirdi və vəzifələrini müəyyənləşdirdi.
Bütövlükdə ölkənin təhlükəsizliyinə etibarlı zəmin yaradıldı. Ulu öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində separatçı qüvvələrin qanunsuz fəaliyyətlərinin, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Vətəndaş müharibəsi təhlükəsi sovuşduruldu. Müstəqil Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyəti beynəlxalq standartlara uyğun və dövlətimizin təhlükəsizliyinin qorunması tələblərinə cavab verə biləcək səviyyədə quruldu.
Ümummilli Liderin təhlükəsizlik orqanlarına göstərdiyi diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının müdrik rəhbərliyi ilə Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətinin normativ hüquqi bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilmiş, islahatlar aparılmış və beynəlxalq əlaqələri xeyli genişləndirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq, idarəçilik strukturunu təkmilləşdirmək məqsədilə Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradıldı. Bu, müstəqil Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində yeni mərhələnin başlanğıcı, həm də təhlükəsizliyin təmin olunmasında, qarşıya qoyulmuş vəzifələrin peşəkarlıqla yerinə yetirilməsi baxımından xüsusi xidmətin yeni tələblər səviyyəsində təşkilinə yönəlmiş müdrik bir addım idi.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının öz işinə yüksək peşəkarlıq və dərin məsuliyyət hissi ilə yanaşması nəticəsində qısa müddətdə ölkəmizin əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə, terrorçuluğa, transmilli cinayətkarlığın müxtəlif növlərinə qarşı digər aidiyyəti dövlət və hüquq-mühafizə orqanları ilə birgə mübarizədə konkret nəticələrin əldə edilməsi sübut etdi ki, Azərbaycan təhlükəsizlik orqanları peşəkar, çevik və güclü bir struktura çevrilmişdir.
Bu gün dahi şəxsiyyət Heydər Əliyevin peşəkarlıq məktəbini ləyaqətlə və uğurla davam etdirən Azərbaycan təhlükəsizlik orqanları dövlətimizin başçısının müdrik rəhbərliyi ilə xalqın ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində, ölkənin milli maraqlarının qorunması və təmin olunması istiqamətində bütün qüvvəsini səfərbər edərək, fəaliyyətini zamanın çağırışlarına uyğun daha da təkmilləşdirərək gücləndirirlər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz misilsiz şücaət göstərərək 30 illik işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etməklə xalqımızın tarixinin şərəf və ləyaqət səhifəsini qızıl hərflərlə yazdı. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.
Vətən müharibəsinin getdiyi günlərdə Ermənistanın ölkəmizdə ictimai-siyasi sabitliyin və daxili təhlükəsizliyin pozulmasına yönəlmiş kəşfiyyat-pozuculuq və terror-təxribat cəhdlərini və planlarını daha da artırmasına baxmayaraq, bu mənfur fəaliyyətin qarşısı Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları tərəfindən yüksək peşəkarlıqla və qətiyyətlə alındı. Azərbaycan xüsusi xidmət orqanları bununla da düşmənin və ya istənilən rəqib dövlətin təhdidinə cavab verə biləcək qüvvə, vasitə və potensiala malik olduqlarını bir daha əyani surətdə sübut etdilər.
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti qarşısında qoyduğu vəzifələr vaxtında və dəqiq, eyni zamanda şərəflə yerinə yetirilir. Bir sözlə, Dövlət Təhlükəsizliyi Xidməti digər aidiyyəti orqanlarla yanaşı, müstəqilliyin və dövlətçiliyin, ölkənin siyasi və iqtisadi əsaslarının xarici və daxili təhdidlərdən qorunması üzrə fəal hüquq-mühafizə siyasətinin həyata keçirilməsində daim ön sıradadır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi "Əvvəlki illərdə başlanmış münaqişələr, qanlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alır. Bu mənfi mənzərə fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir" fikri 104 illiyini qeyd etməyə hazırlaşan dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları üçün böyük məsuliyyət deməkdir.
İnanırıq ki, 104 il əvvəl yaradılmış ilk təhlükəsizlik orqanlarının varisi olan, bu gün milli mənafelərin və təhlükəsizliyin qorunmasına layiqli töhfələrini verən Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti xalqın maraqlarının etibarlı təmin olunması uğrunda sələflərinin keçdiyi çətin mübarizə yolunu bundan sonra da əzmlə və fədakarlıqla davam etdirəcəkdir.
H.Zeynallı