Qafqazlarda yeni Qərb-Rusiya mübarizəsi
10 Mart 2023 10:34 SiyasətBir neçə aydır ki, yaşadığımız coğrafiyada cərəyan edən proseslər onu deməyə əsas verir ki, Rusiya ilə Qərb arasında mübarizə Cənubi Qafqaza daşınır. Rusiyanı Ukrayna cəbhəsində hərbi baxımdan çökdürməyi qarşısına məqsəd qoyan Qərb, Qafqazda da siyasi baxımdan Kremlə zərbə vuraraq onu regiondan uzaqlaşdırmaq istəyir. Hər halda Ermənistana göstərilən dəstək, eləcə də iki gündür ki, Gürcüstanda vəziyyətin gərgin xarakter alması və keçirilən etiraz aksiyaları belə demətə əsas verir. Elə politoloq Elxan Şükürlü də belə düşünür. O bildirib ki, Ukrayna ilə həlledici döyüşə hazırlaşan Putin Rusiyasının qüvvələrini parçalamaq və resurslarını digər cəbhələrə yönəldib tükəndirmək məqsədiylə Qərb Rusiya üçün həyati əhəmiyyətli daha iki dəhliz-regionda - Cənubi Qafqazda və Orta Asiyada da vəziyyəti gərginləşdirmək xətti seçib. Onun sözlərinə görə, Paşinyan Ermənistanını Azərbaycanla sülh sazişindən yayındırmağa və ən azından, Türkiyədəki 14 may seçkilərinin nəticəsi məlum olanadək uzatmağa çalışan Qərb, mövqelərinin hələ güclü olduğu daha bir Cənubi Qafqaz respublikasında - Gürcüstanda da ictimai etirazların əsas körükləyicisi və təhrikçisi kimi çıxış edir: "Çünki Qərbdə yaxşı bilirlər ki, Qaribaşvili hökuməti hazırda etirazların əsas səbəbi kimi göstərilən "Xarici agentlər haqqında" qanunu qəbul edərsə, bu, Qərb xüsusi xidmət qurumlarının Gürcüstan üzərindən digər yaxın ölkələrə rahat çıxış imkanlarını xeyli məhdudlaşdıracaq".
Elxan Şükürlü deyib ki, hazırda ictimai etirazların genişləndirilməsi yoluyla Qərb, bir tərəfdən, bu qanunun qəbulunu əngəlləməyə çalışırsa, o biri tərəfdən də aksiyaların Rusiya ilə qarşıdurmadan yayınan və Rusiya əleyhinə sanksiyalara qoşulmayan Qaribaşvili hökumətinin devrilməsinədək inkişafında, Rusiyanın qulağının dibində daha bir tonqalın alovlanmasında aşkar maraqlı görünür:
"Xatırlayırsınızsa, Münhen konfransında ilk dəfə olaraq keçirilən Azərbaycan, Gürcüstan və Ermənistan təmsilçilərinin görüşündə aparıcının prezident Əliyevə, baş nazir Qaribaşviliyə və baş nazir Paşinyana ünvanladığı, cavab almağa çalışdığı əsas sual məhz Rusiya-Ukrayna savaşına tərəflərin mövqeyi idi. Gürcüstanın baş naziri Qaribaşvili cavabında açıq şəkildə Qərbi suçlayaraq, onları indi Ukraynaya verdikləri qədər dəstək verməməkdə qınamış və ardınca da xüsusi vurğulamışdı ki, ərazilərinin Rusiya tərəfindən işğalına baxmayaraq, onlar problemin yalnız sülhlə həllinə tərəfdardılar. Yəni, Rusiyaya qarşı yeni cəbhənin Gürcüstandan açılmasını istəmirlər. Qərbə isə regionda sülh yox, Rusiya ilə döyüşə biləcək yeni "sovet respublikası", yeni qaynar cəbhə gərəkdir".
Siyasi ekspert Çingiz Şahbazi də hesab edir ki, Gürcüstanda, ümumən Cənubi Qafqaz regionunda baş verən hadisələrin kökündə Rusiya-Qərb qarşıdurması dayanır. Onun sözzlərinə görə, Qərb Rusiyanı qafqazlardan sıxışdırıb çıxarmaq üçün bütün mümkün variantlara əl atır: "Gürcüstanda baş verən etiraz aksiyalarının arxasında, zəifləyən və regionda proseslərə nəzarəti itirməkdə olan Rusiya və onu əvəz etməyə çalışan Qərbin mübarizəsi dayanır. Bura Türkiyədə keçiriləcək seçkiləri də əlavə etsək, görərik ki, yaxın vaxtlarda bölgənin vəziyyətinin qeyri sabit keçməsi qaçılmazdır. Bu qeyri-sabitlik, heç də birmənalı olaraq ziyanlı hadisələr zəminində anlaşılmamalıdır. Bu həmçinin yeni münasibətlərin qurulması baxımından və siyasi vəziyyətin daha geniş aspektlərinə inteqrasiya edilməsi istiqamətində daha çox imkanların əldə edilməsi fürsəti deməkdir". Ekspert hesab edir ki, Bunun üçün Azərbaycan tərəfinin kifayət qədər böyük təcrübəsi var və hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq, ölkəmizin istər region ölkələrilə münasibətlərində, istər dünya ölkələri ilə əlaqələri baxımından olsun, siyasi və iqtisadi münasibətlərdə sabitliyi qoruyacaq qədər imkana malikdirlər: "Hər zaman olduğu kimi, bundan sonra da beynəlxalq hüququn yanında yer alacaqdırlar. Bu düşünülmüş siyasət, Cənubi Qafqaz ölkələri arasında yürüdülən ən məqbul siyasət hesab edilir".
Süleyman