Bəzi dövlətlər bu gün də Ermənistanı müdafiə etməkdə davam edirlər - ÖZƏL - FOTO

"Bəzi dövlətlər bu gün də Ermənistanı müdafiə etməkdə davam edirlər. Onların hakim dairələri bilmirlər, bəlkə də bilirlər ki, xarici ölkələrdəki bir sıra erməni mətbuatı və təşkilatları XX əsrin 20-80-ci illərində daim SSRİ xarici kəşfiyyat orqanlarının nəzarəti altında olublar. Çoxlu arxiv sənədlərini sübut olaraq gətirmək olar. 80-ci illərin ortalarında da  onlara xüsusi qərarlarla  SSRİ dövlət büdcəsindən vəsaitlər ayrılıb". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlı  bir neçə ən mötəbər arxiv sənədini diqqətə çatdırıb: "Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçiyan Sov.İKP MK-ya 1986-cı il iyunun 25-də 14-1240/ss saylı "Tamamilə məxfi. Xüsusi qovluq"  qrifli məktubunda  "xarici ölkələrdəki daşnakların erməni icması arasında fəaliyyətini məhdudlaşdırmağın zərurliyini" əsas gətirərək "mütərəqqi", kommunistlərin nəzarəti altında nəşr edilən" Livandakı "Kanç", Fransadakı "Aşxar", ABŞ-dakı "Lraber" qəzetlərinin hər birinə ildə 20 min, Argentinadakı  "Sevan" qəzetinə isə 10 min ABŞ dolları maliyyə yardımı ayırmağı xahiş edib. MK Katibliyi bu məktubu rəy bildirməkdən ötrü SSRİ DTK-nın sədri V. Çebrikova və MK katibi A.Yakovlevə göndərib.  Onlar məsələni SSRİ maliyyə naziri ilə razılaşdıraraq 1986-cı il 17 avqust tarixdə "Tamamilə məxfi. Xüsusi qovluq" qrifi  ilə MK-ya göndəriblər.  Sov. İKP MK katibliyi 1986-cı il 14 avqust tarixli ST-19/17 qs (dövlət sirri) nömrəli "Tamamilə məxfi. Xüsusi qovluq" qrifi altında müvafiq qərar qəbul edib. Maliyyə Naziriliyi həmin vəsaiti SSRİ DTK-na verib. Heç şübhəsiz, günümüzdə də bu ölkələrin hər biri ermənilərdən alət kimi istifadə edirlər, topa çevrilən onlar isə özlərinə xas olan xarakterləri ilə Qərb ölkələrində Rusiya, Rusiyada isə Qərb ölkələri əleyhinə fəaliyyət göstərirlər. Bu sənədlər bir daha göstərir ki, 44 günlük müharibədə cənab Prezident İlham Əliyevin komandanlığı altında millətimiz və dövlətimiz təkcə Ermənistan, dünya ermənliyi deyil, onları himayə edən dövlətlər üzərində də qələbə qazanıb, 200 illik erməni strategiyasını, havadarlarını darmadağın edib. Üzərimizə olan total hücumlar bununla bağlıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31