Lavrovun səfəri Ermənistanla-Azərbaycan arasında gedən intensiv danışıqlar prosesi ilə bağlıdır - ÖZƏL
27 Fevral 2023 11:51 Siyasət"Rusiyanın xarici işlər naziri Lavrovun Azərbaycana səfəri Ermənistanla-Azərbaycan arasında gedən intensiv danışıqlar prosesi ilə bağlıdır". Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında görüş son dəfə Vladimir Putinin vasitəçiliyi ilə Soçidə keçirilmişdir: "Orada görüş kifayət qədər gərgin atmosferdə keçdi, imzalanmış sənədlərdə bir sıra yeniliklər, o cümlədən Ermənistan və Azərbaycan arasında etimad mühitinin formalaşması üçün siyasi dairələr və vətəndaş cəmiyyətləri arasında təmasların artırılması və digər məsələlər yer almışdır. Lakin bir çox məsələlər Qarabağda baş qaldıran qanunsuzluqlar ucbatından yarımçıq qaldı, Azərbaycan ictimai fəalları Laçın yolunda etirazlara başladılar, məsələ Münhen Təhlükəsizlik Konfransı, Blinkenin vasitəçiliyi ilə masaya, nəhayət Beynəlxalq Ədalət məhkəməsinə qədər gedib çıxdı". Politoloq deyib ki, Azərbaycanın haqlı tələbləri isə hələ də yerinə yetirilməyib: "Laçın yoluna nəzarəti isə Rusiya sülhməramlıları yerinə yetirir, bu onların məsuliyyət zonasıdır, ona görə düşünürəm ki, Laçın dəhlizi ilə bağlı əsas və həlledici məsələlər və qərarlar Rusiya tərəfi ilə aparılan danışıqlar masasında öz əksini tapacaq. Bununla yanaşı Zəngəzur dəhlizi ilə bağlı da məsələnin müzakirə olunacağını istisna etmirəm".