Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəkləri elə qara ürəklərində də qalacaq - ÖZƏL
27 Fevral 2023 11:38 Siyasət"Son günlərin ən vacib hadisəsi olan Münxen Təhlükəsizlik Konfransında cənab Prezident İlham Əliyevin iştirakı, keçirdiyi görüşlər, "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" adlı panel iclasdakı çıxışı milli-dövlət maraqlarımızın ən yüksək səviyyədə ifadəsi, qorunması olmaqla qürur hissi yaratdı.
Fikrimcə, panel iclasından və keçirilən görüşlərdən çıxarılan başlıca nəticə odur ki, dövlət başçımız təkcə Ermənistana, dünya erməniliyinə deyil, eyni zamanda onları müdaifə edən dairələrə, dövlətlərə yerlərini göstərdi, Qafqaz regionunun gələcəyinin yollarını bir daha bəyan etdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, 44 günlük müharibədə qazandığımız qələbə bizə düşmən olan ölkələrin, xaricdəki bir sıra mərkəzlərin, dairələrin xoşuna gəlmədiyindən onlar dövlətimizi zəiflətmək, dövlət hakimiyyət orqanlarımızı gözdən düşürmək, ölkəmizdə tək bayraq altında tək millət olaraq tək dövlət və tək vətəndə yaşayan müxtəlif kökənli insanları bir-birinə vurmaq, Azərbaycan-Türkiyə münasibətlərini soyuqlaşdırmaq məqsədilə bütün imkanları, o cümlədən ölkəmizin daxilindəki əlaltıları vasitəsi ilə hərəkətə keçiblər: "Dövlətimizə və millətimizə düşmən olan təşkilatların verdikləri qrantların və dövlətlərin təltiflərinin əvəzini ödəməkdən ötrü aldıqları təlimata uyğun olaraq dövlətimizin onurğa sütununu təşkil edən hakimiyyət orqanlarımızı, ayrı-ayrı dövlət adamlarımızı gözdən düşürmək, Laçın-Xankəndi yolunda keçirilən dinc aksiya üzərinə kölgə salmaq cəhdləri, Azərbaycan-Türkiyə münasibətlərini pozmaq üçün dövlət dilimizə dil uzatmaq hərəkətləri, şəhid atalarının xoş niyyətlərindən özlərinin cılız siyasi məqsədləri naminə istifadə etmək istəyən bəzi siyasi partiya rəhbərlərinin iyrənc niyyətləri, uzun illər boyu dövlət büdcəsindən oğurladıqları pulları xaricə çıxaran bəzi zaatların fəaliyyətləri düşmənin strateji planının tərkib hissələridir. Dövlət, millət anlayışlarının nə olduğunu bilməyən belələri anlamalıdırlar ki, indi 90-cı illərin əvvəlləri deyildir, onların millətimizi parçalamaq, dövlətimizi zəiflətmək və Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəkləri elə qara ürəklərində də qalacaqdır".