Vətən müharibəsindən sonra azad edilmiş torpaqlarımızdakı mənzərə
24 Fevral 2023 11:51 SiyasətAnar Salehoğlu: "Azərbaycanın multikultural ölkə olduğunu bir daha sübuta yetirdi"
İstiqamət:Azərbaycanda dini və milli tolerantlıq: millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Sovet rejiminin sərt qayda və qanunları, təzyiq vasitələrinə baxmayaraq Azərbaycan xalqı həmişə öz dinini qoruyub saxlayıb, dini inanclarına böyük ehtiram nümayiş etdirib.
Sovetlərin dağılmasından sonra Azərbaycanda din daha geniş yayılmağa başladı desək yanılmarıq. Keçmiş SSRİ-nin zamanında qapıları bir növ bağlı saxlanılan dini ibadət yerləri xalqın üzünə açıldı, uzun illər baxımsızlıqdan bərbad vəziyyətə düşən dini məkanlar dövlət səviyyəsində təmir edilməyə başlanıldı. Burada diqqət çəkən başlıca məqam ondan ibarətdir ki, müsəlman ölkəsi olan Azərbaycanda yalnız İslam dininə xas olan ibadət məkanları deyil, eyni zamanda ölkə ərazisində mövcud olan qeyri-İslam dininə aid məkanlar da dövlətin diqqətindən kənar qalmırdı. Xüsusilə qeyd etmək yerinə düşər ki, bu müsbət tendensiya ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra müşahidə edilməyə başlandı. Tezliklə Azərbaycan ərazisində mövcud olan məscid və digər dini ziyarət yerləri ilə yanaşı, ölkədə mövcud olan kilsələr, İslama bağlılığı olmayan digər müqəddəs məkanlar da dövlətin diqqət və qayğısı nəticəsində təmir edildi. Bütün bu müsbət addımlar heç şübhəsiz ki, beynəlxalq səviyyədə Azərbaycanı multikultural dövlət kimi tanıdırdı. Elə bu səbəbdən də beynəlxalq səviyyədə tanınan dini təşkilatlar və qurumlar öz mühüm tədbir və toplantılarını bir qayda olaraq Azərbaycanda keçirməyə üstünlük verirdilər. Ölkədə hazırda bu sahədə mövcud olan vəziyyətə diqqət çəkən ictimai-siyasi fəal Anar Salehoğlu deyib ki, Azərbaycan ərazisində dini və milli tolerantlıq qədim zamanlardan bəri mövcud olmuş, tarixin müxtəlif dövrlərində fərqli millətlərin və dinlərin nümayəndələri sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma, dialoq şəraitində yaşamışlar. Onun sözlərinə görə, mənbələrdə də göstərildiyi kimi qədim Albaniyada 26 dildə danışan tayfalar mövcud olmuşdur: "Eyni zamanda bu coğrafiyada yaşayan xalqlar ayrı-ayrı dinlərə sitayiş etsələr də bu onların milli birliyinə xələl gətirməmişdir. VII əsrdə islam dininin yayılması bu proseslərə müsbət təsir göstərmişdir".
.jpg)
Anar Salehoğlu deyib ki, Azərbaycanda XIX-XX əsrlərdə Çar Rusiyası və SSRİ tərəfindən dini və milli birliyimizə müxtəlif təhdidlər yaradılmış, etnik-milli qarşıdurmalar qızışdırılmışdır: "Bütün bunlara baxmayaraq XX əsrin 90-cı illərində müstəqilliyimizi bərpa etdikdən sonra tarixi ənənələrimizi davam etdirdik. Ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən tədbirlər prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndərin "Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir.", "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" sözləri Azərbaycan xalqının milli birliyinin təməl prinsiplərini təşkil edir".
O hesab edir ki, dünyanın müxtəlif ölkələrində multikulturalizm nümunələrinə rast gəlmək olar. Lakin Azərbaycan nümunəsi qədim tarixə, mədəniyyətə və ilkin sivilizasiyalara söykəndiyinə görə digərlərindən köklü surətdə fərqlənir: "2011-ci ildən başlayaraq prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bundan başqa ölkə başçısının 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilmiş, 15 may 2014-cü il tarixli sərəncamı ilə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış, 11 yanvar 2016-cı il tarixli sərəncamla həmin il Azərbaycanda Multikulturalizm ili elan edilmişdir".
Sonda Anar Salehoğlu onu da qeyd edib ki, 44 günlük vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızdakı mənzərə Azərbaycanın multikultural ölkə olduğunu bir daha sübuta yetirdi: "Azərbaycanın işğaldan azad olunmuş 20 faiz ərazisi ilə, digər əraziləri arasındakı fərqə baxmaq kifayətdir. Mənfur ermənilər işğal illərində dini və tarixi abidələrimizi dağıtmış, məscidlərdə donuz saxlamaqla dinimizi təhqir etmişdir. Ancaq Azərbaycanda bütün dinlərə, onların müqəddəs bayramlarına, abidələrinə hörmətlə yanaşılır və dövlət tərəfindən qayğı göstərilir. Vətənimizdə dini və etnik mənzərə təqdirdəlayiqdir. Azərbaycanı gözü götürməyən qüvvələr ölkədaxili etnik-milli və dini sabitliyi pozmağa dəfələrlə cəhd göstərsələr də buna nail ola bilmirlər. Çünki, düşmənlərimiz Azərbaycan xalqının əzmini, iradəsini və həmrəylik ruhunu ciddiyə almır, bunu kənara qoyurlar. Əgər adıçəkilən amilləri araşdırıb düşünsələr heç vaxt Azərbaycanda nəinki qarışıqlıq yaratmaq, bu haqda düşünməyə belə cürət etməzlər. Dərk edərlər ki, etdikləri və etmək istədikləri fiaskoya uğrayacaq".
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir