Beynəlxalq Ədalət Məhkəməsi hər iki tərəfin şikayətinə mahiyyəti üzrə baxmayıb
23 Fevral 2023 16:12 SiyasətHüquq müdafiəçisi Sahib Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanın Azərbaycana, Azərbaycanın Ermənistana qarşı verdiyi şikayətlə bağlı fikirlərini bölüşüb. "Olaylar"ın məlumatına görə, hüquq müdafiəçisi qeyd edib ki, hər iki dövlət bir-birinə qarşı "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyaya isinad etməklə şikayət verib. Hər iki tərəf hesab edir ki, qarşı tərəf onun xalqına qarşı (Ermənistan ermənilərə qarşı, Azərbaycan azərbaycanlılara qarşı) irqi ayrı-seçkilik aparır və konvensiya ilə üzərinə götürdüyü öhdəliyi pozur: " Beynəlxalq Ədalət Məhkəməsi hər iki tərəfin şikayətinə (iddasına) mahiyyəti üzrə baxmayıb. Mən bəzi media və sosial mediada görürəm ki, anlayışı olmayanlar, xüsusən qərəzli olanlar "Məhkəmə Azərbaycanın Ermənistana qarşı iddasını rədd etdi" kimi cəfəng fikirlər yazırlar. Ya naşılıqdan, ya qərəzdən, ya da erməni sevgisindən dolayı. Ermənistan iki dəfə, Azərbaycan da iki dəfə işə mahiyyəti üzrə baxılanadək müvəqqəti və təxirəsalınmaz tədbirlərin görülməsi xahişi ilə məhkəməyə vəsadət verib. Ermənistanın sonuncu vəsadəti qismən təmin edilsə də Azərbaycanın vəsadəti qəbul olunmayıb. Azərbaycanın vəsadəti niyə qəbul olunmayıb? Əlbəttə ortada qərəzli münasibət, Ermənstanın informasiya kampaniyasının daha ünvanlı və sürəkli olması, Ermənistanın məhkəmə prosesinə BƏM-də yaxşı tanınan hüquqşünaslər cəlb etməsi və s. amillər də var. Amma mənim qənaətimə görə Azərbaycan Ermənistanın bütün hərəkətlərini güzgü şəkilində təkrar etməməlidir. Biz sonuncu vəsadəti vermək əvəzinə ermənilərin verdiyi absurd vəsadətlərin rədd edilməsi üçün çox ciddi sübutlar təqdim etməli idik. Bizim verdiyimiz vəsadətlə bağlı isə məhkəmə onsuz da qərəzli olmasa belə qərar qəbul etməkdə çətinlik çəkəcəkdi. Biz bəzən özümüz üçün tam aydın olan məsələnin başqaları üçün də tam aydın olması qənaətində oluruq. Hətta hesab edirik ki, sübutları məhkəmənin özü toplamalıdır. Nəzərə almaq lazım idi ki, bu pis-yaxşı BMT-nin məhkəməsidir. Ya sübutlar mükəmməl olmalı idi, ya da vəsadət verilməli deyildi. BƏM "Ermənistan Azərbaycan ərazilərində piyadalar əleyinə minaları basdırmağı dayandırsın" qərarını verəsi deyildi. Bu əvvəldən görünürdü. Biz əla bilirik ki, Ermənistan piyadalar əleyhinə minaları fürsət tapdıqca əraziyləriməzə basdırmaqda davam edir və bunu arxasında irqi nifrət dayanır. Amma hamı bizə inanırmı?
Ermənilər 70 gündən artıqdır ki, qəsdən Laçın yolunda öz nəqliyyat vasitələrindən istifadə etmirlər. Əhalinin də gediş-gəlişinə qəsdən mane olurlar. Elə effekt yarada biliblər ki, guya ancaq ağır xəstələr Qırımızı Xaç vasitəsilə Ermənistana aparıla bilir. Halbuki, öz təcili yardımlarından da istifadə etsəydilər heç bir maneə olmayacaqdı. Həmçinin mülki yükləri də qəsdən rus hərbi kontingetinin nəqliyyat vasitələrindən istifadə etməklə daşıyırdı. Kənardan görünən nə idi? Azərbaycan tərəfindən aksiya keçirənlər yalnız Rusiya həbi nəqliyyatına və Qırımızı Xaça gediş-gəliş icazəsi verib. Halbuki belə deyildi. Biz bunu sübut etmək, dünyaya göstərmək əvəzinə hər gün rus və Qırımızı Xaç nəqliyyat vasitələrini çəkib yayırdıq. Məsələn XİN səfirliklərə müraciət edə bilərdi ki, gedin orda müşahidə aparın. Silah, narkotik və filizdən başqa nə daşıyırlar daşısınlar. O ki qaldı Məhkəmənin müvəqqəti və təxirəsalınmaz tədbirlərə dair qərarı. Orda hüquqi baxımdan bizə problem yaradacaq heç nə yoxdur. Bu barədə dünən yazmışam. Amma bu erməni təbliğat maşını üçün uzunmüddətli enerji mənbəyi rolunu oyanayacaq. Nəticə çıxarmalıyıq. Müvafiq qurumlar bu işi bilənlərlə məsləhətləşə yaxşı olar. Hələ gec deyil".