"Xocalıda törədilən cinayət Holokostla eyni səviyyədə idi"- ÖZƏL

"Bu il 1992-ci ildə baş verən Xocalı faciəsinin 31 ili tamam olur. Bu faciəni biz unuda bilmərik. Çünki, həmin gün Xocalı şəhərindən çıxan azərbaycanlıları ermənilər bilərəkdən pusquya salmışdılar. Bu pusqu nəticəsində 613 nəfər qətlə yetirilmişdi. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i yaşlılar idi. 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi indiyə qədər bəlli deyil. Şəhər yerlə-yeksan edildi. Heç bir sosial-məişət obyekti qalmadı. Üç mindən çox yaşayış evi, 14-dən çox məktəb, klub, kitabxana,mədəniyyət evi, 600-ə qədər yaşı olan türbələr, tarix-diyarşünaslıq muzeyi, məzarlar dağıdıldı".

Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib.

"Burada əsas fakt ondan ibarətdir ki, birmənalı şəkildə soyqrım hadisəsi törədildi. Həmin vaxt dünyanın aparıcı mətbuat orqanları- "Sunday Times", "Time", Fransanın "Le Monde", Rusiyanın "İzvestiya" qəzetində  birmənalı şəkildə Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşilik qeyd edilmişdi. Mən Xocalı deputat-istintaq komissiyasının üzvü olmuşam. Əsas məqsədimiz Azərbaycan Respublikasının Prokurorluğu ilə birlikdə soyqrım faktının olub-olmamasını təhlil etmək idi. İlk dəfə soyqrım terminini BMT baş assambleyasının 9 dekabr 1948-ci il tarixi qətnamə ilə qəbul ediblər. Bu, soyqırım cinayətinin qarşısının alınması və cəzaları haqqında konvensiyadır. Konvensiyada soyqırımla bağlı bir neçə bənd var. Yəni, bir xalqa qarşı bilərəkdən törədilən vəhşilik soyqırım hesab edilir. Azərbaycan hüquq-mühafizə orqanları ilə deputat-istintaq komissiyasının birgə aparılan istintaqı nəticəsində soyqrım olduğu bəlli oldu. Xocalıda törədilən soyqrımda BMT-nin 1948-ci ildə qəbul etdiyi qətnamənin bəndlərini birmənalı şəkildə təsdiq edən məsələlər var idi.  Məsələn, bədənə fiziki, mənəvi xəsarətlə xətər yetirmək, irqi,etnik, dini müstəvini əsas gətirərək insanları qətlə yetirmək və.s. Xocalıda o qədər böyük vəhşilik törədilmişdi ki, 50-ə yaxın azərbaycanlı yandırılmışdı.  İnsanların baş dərisi soyulmuş, boynu vurulmuş, gözləri çıxarılmış, hamilə qadınların qarnınından uşaqları çıxarılmışdı. Xocalıda törədilən cinayət "Holokost"-la eyni səviyyədə idi. Heydər Əliyev o dövrdə Xocalı qətliamını insanlıq tarixinin ən qorxulu, kütləvi terror aktı adlandırmışdı. 1994-cü il fevral ayının 24-də Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqrımı günü haqqında qərar qəbul edildi. Daha sonra 25 fevral 1997-ci il qərarı ilə Xocalı soyqrımı qurbanları hər il 26 fevral saat 17.00-da Azərbaycanın hər yerində 1 dəqiqəlik sükutla yad edilir.  2008-ci ildə Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət" kompaniyası çox müsbət nəticə verdi. Qısa müddət ərzində dünyanın bir çox ölkələrinin parlamentləri buna müvafiq qətnamə qəbul etdi. ABŞ-ın 32 ştatı bunu qanunvericilik səviyyəsində tanıyıb. İslam Əməkdaşlıq Təşkilatı 12-ci sessiyasında (2013) Xocalı faciəsini soyqrım kimi qəbul edib. Xocalı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin 22 aprel 2010-cu il qərarına əsasən, Xocalının azərbaycanlılardan ibarət olan mülki əhalisinin qətlə yetirilməsi insanlığa qarşı cinayət kimi qəbul edilib. Azərbaycan bu baxımdan çoxsayılı işlər görüb. Xocalıdan olanların qanı yerdə qalmadı. İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində işğalda olan  ərazilər azad edildi. Xocalı qatillərinin çoxu Azərbaycan ordusu tərəfindən məhv edildi. İlham Əliyev qeyd edirdi ki, Xocalı faciəsi erməni millətçilərinin yüzillər boyu türk-Azərbaycan xalqına qarşı apardığı soyqırım və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Təbii ki, Azərbaycan xalqı qanlı səhifəni unutmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31