Ermənilər məhz milli mənsubiyyətinə görə azərbaycanlıları məhv edirdilər

Ağdaban faciəsi

Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımlara məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ildə Xocalıda üzləşdi. Sovet imperiyasının çöküşü ilə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə müstəqilliyini yenicə qazanan Azərbaycan ərazi itkisi ilə bərabər, tarixinin ən dəhşətli faciələrini  yaşamış oldu. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədil soyqırım faktları təkcə Xocalı faciəsi ilə bitmir, ölkəmizin digər şəhər və rayonlarında, kəndlərində də baş verib. Belə ki, Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. Məlumat üçün qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşir. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağıldı. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım aktı törətdilər. Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmışdır. Həmçinin, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 5 nəfər isə girov götürülmüşdür. Təkcə Dədə Şəmşirin nəslindən olan 15 nəfər sakin də bu faciənin qurbanı olmuşdur. Erməni cəlladları Dədə Şəmşirin 28 yaşlı nəvəsi Qurbanov Qulu Şabər oğlunu diri-diri tonqalda yandırmış, 8 yaşlı Ülviyyənin gözləri qarşısında atası Camalı güllələmiş, özünü isə kartof quyusunda diri-diri basdırmışlar. Ağdaban faciəsinə görə cəzalandırılmayan erməni separatçıları bütövlükdə Kəlbəcərin işğalı üçün planlar hazırlayır. Buna baxmayaraq, faciənin ağır müsibətlərini yaşamış, evləri viran qoyulmuş ağdabanlılar doğma kəndlərini tərk etmədilər. Ağdaban camaatı kəndi yenidən bərpa edib yaşamağa başladılar. Lakin 1993-cü il mart ayının 27-də erməni separatçıları Kəlbəcər rayonuna hücum edən zaman işğalı yenidən Ağdaban kəndindən başladılar. Erməni silahlıları yenidən kəndə hücum edərək onu viran qoydular. Beləliklə də, onlar Ağdaban kəndində ikinci faciəni törətdilər. Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprel ayının 2-dək erməni silahlı birləşmələri tərəfindən tamamilə işğal edildi.  Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, əslində Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfə admışdılar. Onlar Ağdabanda yalnız soyqırım törətmədilər. Erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdıldı, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunaraq məhv edildi. Bu kəndin yetirdiyi Ağdabanlı Qurban böyük sərkərdə Şah İsmayıl Xətainin silahdaşı olan Miskin Abdal ocağının nəsli davamçısı idi. Bu ocaq mənəviyyatımızın beşiyi kimi erməniləri olduqca ciddi narahat edirdi. Məhz ona görə də onlar Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş, xalqımızın əvəzsiz mənəvi xəzinəsi olan Ağdabanlı şair Qurbanın və onun oğlu klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmalarını yandıraraq bu nəhəng söz sərraflarının bədii irsini, bütün külliyatını məhv etdilər. Ağdaban faciəsi törədilmə spesifikasına və xarakterinə görə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında" Konvensiyanın müddəalarına tam uyğundur. Ona görə də bu faciə beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi qiymətləndirilməli və Ağdaban kəndinin dinc əhalisinə qarşı törədilən bu qırğın soyqırım cinayəti kimi dünya ictimaiyyəti tərəfindən tanınmalıdır.

Qaradağlı faciəsi

Ermənilərin Qarabağda Azərbaycan xalqına qarşı həyata keçirdikləri qanlı cinayətlərdən biri də Qaradağlı faciəsidir. 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsi, əslində, bir günün, bir gecənin hadisəsi deyil, iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər "böyük Ermənistan" ideyasını həyata keçirmək üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər. Yerevanda və ermənilərin Qərbdə olan himayədarları tərəfindən hazırlanmış plana uyğun olaraq 1988-ci ilin əvvəllərindən etibarən Dağlıq Qarabağın iqtisadi geriliyi pərdəsi altında vilayətin Ermənistana birləşdirilməsi üçün Xankəndidə və Yerevanda tətillər keçirilir, mitinqlər təşkil edilirdi. Vəziyyət getdikcə daha da gərginləşir, Qarabağın dağlıq hissəsində azərbaycanlı əhaliyə qarşı təzyiqlər, təqiblər, silahlı hücumlar təşkil edilirdi. Əsas məqsəd azərbaycanlıları Dağlıq Qarabağdan sıxışdırıb çıxarmaq idi. 1991-ci ilin sonları - 1992-ci ilin əvvəllərində Qarabağda vəziyyət daha da ağırlaşdı. Erməni silahlıları Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan kənd və qəsəbələri mühasirəyə alaraq bir-birindən təcrid edir, daha sonra işğal edərək, dinc əhaliyə divan tutur, evləri, təsərrüfatları qarət edərək yandırırdılar. 1991-ci ilin noyabr - 1992-ci ilin fevral aylarında Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli, Meşəli, Qaradağlı kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər. Qarabağ müharibəsində Xocavənd rayonunun ən çox faciəyə düçar olan, ağrı-acı yaşayan kəndlərindən biri Qaradağlıdır. Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılar baş qaldırdığı andan Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başlandı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid oldu.1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomobil ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 oğlan, 6 qadın həlak oldu. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı. 1992-ci il fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilən, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir və girov götürüldülər, onların növbəti məşəqqətləri başlandı. Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti silos quyusunda yaralı halda diri-diri basdırıldı. Sakinlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil. Beləliklə, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqlayblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadınlar olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə öz başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb. Sonda onu da qeyd edək ki, azərbaycanlılara qarşı törədilmiş qanlı cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31