İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında bir çoxlarına beynəlxalq hüquq dərsi keçdi
24 Fevral 2023 12:42 SiyasətPrezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində önəmli görüşlər keçirərək reallıqları diqqətə çatdırdı. Dövlət başçısı Azərbaycanın qəti mövqeyini ortaya qoyaraq ölkəmizin strateji maraqlarının qorunmasını təmin etdi, desək fikrimizdə yanılmarıq. Belə ki, Prezident Azərbaycanın xarici siyasəti, dost və tərəfdaş ölkələrlə münasibətləri, Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olunması kimi məsələlərlə əlaqədar prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi. Millət vəkili Sahib Alıyev qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclası izlədikdən sonra gəldiyim nəticə birinci bundan ibarətdir ki, 3 il bundan öncə orada cənab İlham Əliyevlə debat zamanı pis vəziyyətə salınması Paşinyana qətiyyən dərs olmayıb. Ermənistan baş naziri savad baxımından necə kasad idisə elə də qalıb, yalançılığı və abırsızlığı isə bir az da artıb: "Bu özəllikləri onun zəlzələ ilə bağlı Türkiyəyə xilasedici və daha nələrsə göndərmələri haqda sualı cavablandırarkən və sonrakı açıqlamalarında elə açıq görünürdü ki, onu hiss etmək üçün mütəxəssis olmaq lazım deyil. Baxın, Paşinyan bildirir ki, Türkiyəyə etdikləri jest humanitar xarakterli addım imiş. Ardınca isə belə bir cümlə işlədir: "Siyasi dialoqa gəldikdə, səmimi desəm, zəlzələdən əvvəl bizim aramızda xüsusi elçilər vasitəsilə siyasi dialoq olub". Onun bu cümləsindən belə çıxır ki, öncə dedikləri səmimi olmayıb. Ümumiyyətlə, siyasətçi "səmimi desəm" sözlərini dilə gətirirsə, bununla çox vaxt səmimi danışmadığını ortaya qoyur. Eyni zamanda bu, siyasətçi kimi və elə jurnalist kimi də onun heç də yüksək hazırlıqlı biri olmadığından xəbər verir. Siyasətçi, jurnalist "açıq desəm" ifadəsini işlədə bilər, "səmimi desəm"i isə yox. Bu, ifadəni işlətməsi onun yalançılığından da çox, bir daha vurğulayıram aşağı intellektliliyindən xəbər verir". Millət vəkilin sözlərinə görə, Münxendəki bu toplantı göstərdi ki, Paşinyan sadəcə yalançı yox, abırsız yalançıdır: "Azərbaycan Prezidentinin işğal altında olmuş torpaqlarımızdakı 67 məsciddən 65-inin dağıdıldığını vurğulamasına onun cavabına başqa ad vermək çətindir. Cənab İlham Əliyev 65 məscidin dağdıldığını bildirdiyi halda aradan cəmisi bir neçə dəqiqə keçmiş eyni auditoriyaya Paşinyanın dediklərinə diqqət edin: "Prezident Əliyev qeyd etdi ki, bilmirəm bir neçə min məscid dağıdılıb". Bir neçə min hara, 65 hara-belə də ağ yalan, bu dərəcədə məsuliyyətsizlik və abırsızlıq olarmı? Açığı "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasın aparılması da mənə xoş təsir bağışlamadı. Hiss olunur ki, Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Hoysqenlə sələfi Volfqanq İşinqer arasında xeyli fərq var və bu fərq heç də birincinin xeyrinə deyil. Plenar iclasın adından da göründüyü kimi, orada suallar əslində Cənubi Qafqazda təhlükəsizliyin qurulmasına əngəllər, üç ölkənin sıx əməkdaşlığını təmin etmək üçün nələr gərəkdiyi, Gürcüstanın Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasında hansı rolu oynaya biləcəyi və sair haqda olmalıydı. Amma bunlardansa Gürcüstan baş nazirindən keçmiş Prezident Saakaşvilini azad edib-etməyəcəklərinin soruşulması, əksər sualların hədəfinin Rusiya olması, Ermənistana tərəfkeşlik cəhdi kimi məqamlar moderatorun yüksək peşəkarlığından xəbər verməməklə yanaşı, həm də pis gizlədilən tərəfkeşliyini üzə çıxarırdı. Görünür, elə həm də bu səbəbdən cənab İlham Əliyev ona "Dağlıq Qarabağ" ifadəsini işlətməyin yolverilməzliyini xatırlatmalı oldu. Kristof Hoysqenin gizli tərəf tutmaq cəhdi məncə, təkcə onun kimliyi ilə bağlı məsələ deyil. Açığı indiki Almaniya da, ikinci Qarabağ savaşından öncəkinə elə də çox bənzəmir. Və biz görürük ki, qərbdə Ermənistanın Fransadan başqa hələ xeyli ögey və doğma "böyük bacı-qardaşları" var". Onun sözləırinə görə, Azərbaycan Prezidenti sözü gedən iclasdakı bu dəfəki açıqlamalarıyla da onlara yaxşı bir diplomatiya dərsi verdi: "Oradakı ən maraqlı məqamlardan biri də bu idi ki, cənab İlham Əliyev birbaşa demədən dəqiq məntiqi ardıcıllıqla bəzi faktları xatırlatmaqla qərbdəkilərin "kiçik bacı"larının Rusiyadan heç nə ilə fərqlənmədiyini, Azərbaycanla Ukraynanın apardıqları savaşın isə mahiyyətcə bir-birinin təkrarı olduqlarını diqqətə çatdırdı. Mənə elə gəlir ki, bizim dövlət başçımızın oradakı bəzi diplomatik gedişlərini Sarbonna məzunu cənab Hoysqen də öyrənsə pis olmaz. Əminəm ki, bu, ən azından gələn il Münxen Təhlükəsizlik Konfransının daha uğurlu təşkilində onun işinə yaraya bilər. Paşinyana gəldikdə isə nahaq deməyiblər ki, qozbeli ancaq qəbir düzəldər. Və əgər söhbət hələ də düşmənçiliyindən əl çəkməyən Ermənistanın rəhbərindən gedirsə, bəlkə də elə belə yaxşıdır".
Millət vəkili Musa Qasımlı qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibi A.Blinkenin təşəbbüsü ilə təşkil edilən Azərbaycan-Ermənistan görüşündə, konfransın sədri Kristof Heusgenin moderatorluq etdiyi, Prezident İlham Əliyevin, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmidin iştirak etdikləri "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda sənab Prezidentin cavablarından fikrimcə, beynəlxalq münasibətlər, Azərbaycan-Ermənistan münasibətləri və ərazimizdə yaşayan erməni icmasının həyatı baxımından aşağıdakı nəticələr çıxarmaq olar: Rusiya-Ukryanya müharibəsindən sonra geosiyasi vəziyyət dəyişəcək, BMT Təhlükəsizlik Şurası da əvvəlki kimi olmayacaq; müharibə nəticəsində Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsindən ötrü əlavə imkanlar açılıb. Avropa üçün Azərbaycanın rolu və əhəmiyyəti artıb, beynəlxalq mövqeləri güclənib; ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər. Yəni Ermənistan da konstruktivlik göstərsə həm özünə, həm də regiona faydalı olar; regionda vəziyyətə iki istiqamətli yanaşma zəruridir: Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Birincisi, Azərbaycan-Ermənistan münasibətlərinə, ikincisi isə Azərbaycan dövlətinin daxili məsələləri cərgəsinə aiddir. İkinci məsələni Azərbaycan Ermənistanla müzakirə etməyəcəkdir; Azərbaycan dövləti beynəlxalq tərəfdaşları ilə Qarabağdakı erməni icmasının orada doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparmağa hazırdır. Qarabağa ixrac edilmiş şəxslə belə bir danışıq aparıla bilməz; Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, Azərbaycanda Dağlıq Qarabağ inzibati vahidi yoxdur, Qarabağ iqtisadi rayonu vardır". Onun bildirdiyinə görə, konfransda bir daha qəti mövqe ortaya qoyuldu ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməsi vacibdir. Bu, bütün dünyaya ciddi xəbərdarlıqdır. Laçın-Xankəndi yolunda ekofəalların aksiyası blokada deyildir, yol açıqdır, dinc insanlar, Rusiya hərbi kontingentinin, Qırmızı Xaç Komitəsinin gedib-gəlirlər. Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20%-ni işğal altında saxlasa, beynəlxalq hüququ pozsa da, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsə də, ona qarşı heç bir sanksiya tətbiq olunmayıb. Azərbaycan müharibənin qarşısını almaqdan ötrü Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyib. Bu olmadıqda ərazi bütövlyünü və ədaləti bərpa etmək üçün Azərbaycan qurbanlar verib. Yəni BMT TŞ qətnamələrini özü qan tökərək yerinə yetirib. Azərbaycan müharibə aparıb, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Ermənistan kapitulyasiya, təslim aktını imzalayıb. Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə əlaqələri kontekstdən çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğu unudulmamalıdır. Yəni Ermənistan törətdiyi müharibə cinayətlərinə görə cavab verməlidir. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Azərbaycan Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırdır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platforma vardır. Onlardan biri Brüssel formatı adlandırılan platformadır. ABŞ Dövlət katibi A. Blinken tərəfindən təşkil olunmuş üçtərəfli görüşdür. Azərbaycan ABŞ, Rusiya və indi də Aİ tərəfindən təşkil olunmuş platformada bir araya gəlib. Fransa hökuməti birtərəfli ermənipərəst mövqe tutduğundan bu platformada iştirakı Azərbaycan tərəfindən rədd edilib. Prezidentin "Vasitəçi olan tərəf tuta və bunu nümayiş etdirə bilməz" fikri tərəf saxlamaq istəyən digərlərinə də xəbərdarlıqdır. Yəni tərəf tutanı Azərbaycan yenə də rədd edəcəkdir. Azərbaycan müharibəni öz ərazisində aparıb. Bu müharibə torpaqların azadlığı uğrunda, ədalətli müharibə idi. Müharibə zamanı Azərbaycanın bir nəfər də olsun əsgəri döyüş meydanını tərk etməyib. Ermənistanda isə fərarilərin sayı 11 minə çatıb. Bu hal təkcə döyüş meydanında uduzmaqla deyil, Ermənistanın apardığı müharibənin işğalçı xarakteri ilə bağlı olub. Ermənilər digər bir ölkənin ərazisində döyüşmək istəməyiblər. Ermənistanla sərhəddə Laçında, Şərqi Zəngəzurda və Naxçıvanda sərhəd-keçid məntəqələrinin qurulması zəruridir. Münxen Təhlükəsizlik Konfransında cənab Prezident milli-dövlət maraqlarımızı ən üstün səviyyədə qorudu, eyni zamanda bir çoxlarına haqq-ədalət, beynəlxalq hüquq dərsi keçdi".
Alim