TRİUMF

Doğrusu mövzunu hansı cümlə ilə başlamağa çətinlik çəkirəm. Sevgi dolu cümlə qurmaq istəyirəm. İçində Azərbaycan boyda eşq, Vətən boyda məhəbbət olsun. Çünki Vətən, xalq, millət sevgisi Azərbaycan insanının qanında, canında daşıdığı bir dəyərdi. Bu dəyərin nə qədər böyük bir sərvət olduğunu bəzən anlaya bilmirik. Bəzən də o sevginin içində itib-batırıq, sərvətin üstünə sərvət əlavə edirik - 44 günlük Vətən Müharibəsində olduğu kimi, qardaş Türkiyədə zəlzələ fəlakətininin içinə düşmüş  qardaşlarımızın yardımına ilk qaçdığımız kimi.

Vətəni necə sevməmək olar? Dünyanın ən gözəl havası, ən saf suyu olan bir məmləkətin övladı, vətəndaşı və "vətən daşı" olmaq çox böyük xoşbəxtlikdi. Bu milləti necə sevməmək olar? Mərhəmətli, şəfqətli, istiqanlı sadə insanların dağ boyda ürəkləri, səma qədər geniş qəlbləri var. Bu "yüklə" Azərbaycanda yaşamaq bir zövdü, həzzdi, ləzzətdi. Sadaladığım bu parametrlərin hamısını böyük SEVGİ birləşdirib bir bütöv, bir tam yaradır.

Artıq üçüncü həftədir ki, qardaş Türkiyə ilə birlikdə biz də fəlakətin acısını dadırıq. Hələ də narahatıq, gözümüzü ekranlardan çəkmirik.  Xoş xəbər  ümidi ilə gün ərzində  mətbuatı, sosial medianı ələk - vələk edirik. Dağıntılar altından kiminsə salamat çıxarılması möcüzəsini görəndə içimiz isinir, gözümüz gülür. Dünyanın başqa ölkələrindən  köməyə gedən xilaskarlar ötən həftə işlərini başa vurub ölkələrinə döndülər. Amma Azərbaycandan gedən xilaskarlar, həkim heyəti gəlməyiblər, könüllü olaraq qalıblar. Dağıntılar altında qalanları tamam çıxarmamış, yaralıları maksimum müalicə etməmiş  evlərinə dönmək istəməyiblər. Nə böyük SEVGİ, deyilmi?!

Qardaşın qardaşa olan sevgisi heç vaxt tükənməz, bitməz.  Çünki sevgi Allahın lütfüdü. Həmin  sevgini bu günlərdə bütün dünya gördü. İki qardaş arasındakı sevgidən şok olan da tapıldı, heyrətdən gözləri bərələni də gördük.  Aylardı qonşu qardaşların arasındakı ölüm-dirim savaşı bitmək bilmir. Şok olan, gözləri bərələnənlər bu savaşı dayandırmaq üçün neynirlər? Heç nə. Əksinə yanan ocağın üstünə benzin töküb alovun ərşə qalxmasını seyr edirlər. Bir-birinin sonuna çıxmaq üçün müharibə aparanların fonunda isə bizim qardaşlığımız dastan oldu. Fevralın 7-də qardaşlığımız, birliyimiz, həmrəyliyimiz  triumfa çatdı. Azərbaycan xalqı  belə bir triumfu 2020-ci ilin sentyabr-noyabr aylarında da əldə etmişdi. Döyüşə həm oğul göndərən, həm də maddi-mənəvi yardım edən xalq həmin günlərdə  ayaq üstə idi, yatmırdı. 44 günlük Vətən Müharibəsində nümayiş olunan xalq, dövlət və ordu birliyi hələ dünyanın heç bir ölkəsində olmamışdı. Azərbaycan bu birlik nəticəsində Zəfər qazandı. İndi də elə oldu. Səhər yuxudan zəlzələ xəbəri ilə oyandıq. Fəlakətin miqyası bizi "öldürdü". Amma ölmədik, oyandıq. Və ilk addımımz qardaş imdadına çatmaq oldu.

O gün Bakı əhalisi "Doğtaş" mebel mağazasının önündə idi. İynə atsan yerə düşməzdi. Kimin ürəyindən nə keçirdi, evində nə vardı zəlzələdən zərər çəkənlərə göndərmək üçün tələsirdi. Hamı  bilirdi ki, çətin vəziyətə düşən insanlara qış paltarları, yorğan, döşək, balış, yataq dəsti, əl fənəri, generator, təmizlik alətləri kimi zəruri əşyalar hava, su qədər lazımdı. Hər kəs səfərbər olmuşdu. Kimsə kimsədən tapşırıq almamışdı. Azərbaycan xalqı ürəyinin hökmü ilə hərəkət edirdi. Toplama məntəqəsində könüllülər çalışırdılar. Gələn yardımları çeşidləyir, qablaşdırır və TIRlara yükləyərək qardaş ölkəyə yola salırdılar. Rayonlardan, hətta ucqar kəndlərdən belə gələn yardımlar qardaş yaralarını sarımaq üçün fəlakət zonasına göndərilirdi. Sonrakı günlərdə ərzaq yardımı ilə  həmin toplantı məntəqələrinə gedən cadə insanlar, balaca uşaqlar, məktəblilər o qədər  özən göstərirdilər ki, bu duyğunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Azərbaycan Respublikası prezidentinin, dövlətin və rəsmi qurumların, ayrı-ayrı iş adamlarının, məmurların, deputatların maddi-mənəvi yardımlarını da əlavə etsəm mənzərə tam aydın olur. Bu bir SEVGİ seli idi. Qarşısını almaq mümkün deyildi. Televiziyalar, sosial şəbəkələr  əbədi qardaşlığa, həmrəyliyə, birliyə xidmət edən bu kampaniyanı yayımlayır, paylaşırdılar. İnanmıram  kiminsə o görüntülərə baxanda gözləri yaşarmasın, riqqətə gəlməsin. Möhtəşəm görüntü idi. Hamı bir-birinə "can" deyib, "can" eşidirdi. Yarı canımız can qardaşlarımızın yanında idi. Kömək əlimizi Türkiyəyə uzatmışdıq. Onlar da bizə qucaq açmışdılar. Dünyanın başqa yerində yaşayan azərbaycanlılar da qan qardaşlarımıza kömək edirdilər. Dünya həsəd aparırdı. Dünyanın gördüyü bu mənzərə bəlkə də dünya düzənində indiyə kimi olmamışdı.

O günlərin qəhrəmanı Sərvər Bəşirli haqqında hələ də sosial mediada danışılır. Türk qardaşlarımız ona əfsanə deyirlər. O bu ada, əlbəttə, layiqdi.  Bu sadə və kasıb oğlanın ürəyindəki  SEVGİ onu əfsanəyə çevirdi. Bir Vətən oğlunun öz köhnə avtomobilinə yüklədiyi yorğan, döşək, paltar və digər zəruri avadanlıqlar o gün Türkiyəyə göndərilən  digər yardımlardan seçilməsə də, qardaş ölkə vətəndaşları üçün çox böyük dəyər oldu. Sərvərin bu hərəkətini hər kəs alqışladı. Bir günün içində Sərvər iki ölkədə gündəm oldu. Təşəkkür olaraq ona türk iş adamı avtomobil bağışladı. Yarımçıq qalmış evinin tikintisini başa çatdırmaq üçün pul da verildi. Bunu görən bir-iki adam Sərvərin yolu ilə gedərək yardım yüklənmiş avtomobili ilə birlikdə şəkil çəkdirib sosial şəbəkələrdə paylaşdılar. Bu isə "çoxları atasının gözünü çıxardı ki, ona da Koroğlu desinlər, amma kor kişinin oğlu dedilər" situasiyasından başqa bir  effekt vermədi. Həmişə belə olub. Birinin  qazandığı uğurun hansı yolla əldə edildiyini görən bəziləri eyni addımı atıblar ki, onlar da bir şey əldə etsinlər. Amma bu, təkrarçılıqdan başqa bir şey olmadığı üçün tez də unudulub.

Bir də var ki, yaxşı niyyətin, xoş əməlin yan-yörəsində  az da olsa, neqativ fikirlər səslənsin. Yaxşılığı gözü götürməyənlər, pisliyi özünə vərdiş edənlər iki qardaş arasındakı doğmalığa xələl gətirməyə çalışdılar. Azərbaycandan gedən yardıma ağız büzən, "köhnədi", "ikinci əldi" deyənlər tapıldı. Burda da "Türkiyəyə olunan yadımları öz kasıblarınıza niyə vermirsiniz?" deyənlər oldu. Amma bu fikirləri səsləndirənlər "dəryada bir damcı" effektindən başqa bir şey deyil. Bu adamların heç birinin damarları ilə təmiz türk qanı axmır. Onlar Azərbaycanı sevməyən, türkçülük və turançılıq ideyalarını həzm etməyən, xarici ölkələrin casus şəbəklərində yer tutanlardı. Eləcə də Türkiyədəkilərin heç biri türk deyil, ya ermənidi, ya da başqa millətin tör-töküntüsüdü. Qardaş ölkənin Azərbaycan sevdalıları belələrinin cavabını verərək "can Azərbaycana canımız qurban" deyirlər. Bütün hallarda biz qan qardaşımızın yanındayıq və hər gün, hər an dəstəyimizi, həmrəyliyimizi böyük bir sevgiyə büküb nümayiş etdiririk. Son iki ildə iki dəfə triumfa layiq olan bu xalqın SEVGİsini heç kim əlindən ala bilməz. Çünki böyük və ali SEVGİ satılmır.

Triumfa gedən yol da məhz həmin ali SEVGİdən başlayır...

Züleyxa NADİR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31