"Asmaq, edam etmək, öldürmək və yaxud həbs etmək çıxış yolu deyil"- Mübariz Göyüşlü
24 Fevral 2023 10:35 SiyasətDünya gündəmini zəbt edən və davam etməkdə olan iğtişaşlar İran hakimiyyətinin əsl üzünü bütün dünyaya göstərib. İranda iğtişaşların səbəbləri, vətəndaşları bu mərhələyə gətirən proseslər barədə Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü ilə həmsöhbət olduq.
- Mübariz bəy, Cənubi Azərbaycanda baş verən proseslərin mahiyyəti və nəticəsinin necə olacağı haqqında nə düşünürsünüz?
- Bilirsiniz, ötən il İranda qadınların etirazından sonra biz, bir qrup şəxslər düşünürdük ki, bu artıq İran hakimiyyətinin sonudur, hakimiyyət devriləcək və Cənubi Azərbaycan azad olacaq və daha sonra Azərbaycan Respublikası ilə Cənubi Azərbaycan birləşəcək, bütöv Azərbaycan olacaq. Belə düşüncələr yaranmışdı və bununla bağlı həqiqətən də çox geniş aksiyalar başladılmışdı ki, bu aksiyalar İran hakimiyyətini çox ciddi şəkildə silkələdi, çox ciddi problemlər yaşatdı. Demək olar ki, İranın əksər böyük şəhərlərində və o cümlədən azərbaycanlıların da üstünlük təşkil etdiyi ərazilərdə çox böyük bir miqdarda insan kütləsinin aksiyalarda iştirak etdiyini görürdük. Lakin artıq bu günlərdə aksiyalarda bir səngimə var. Biz istədiyimiz nəticələri görə bilmədik. Bu və ya digər formada da olsa etirazlar davam edir, amma əvvəlki aktivlik müşahidə olunmur.
Mən düşünürəm ki, bu həm də onunla bağlıdır ki, azərbaycanlılar tam olaraq bu etiraz proseslərində iştirak etmirlər. Yəni, tarixi təcrübə göstərir ki, Təbriz və digər Azərbaycan şəhərləri inqilabi prosesə aktiv şəkildə qoşulanda, bu İranda çox böyük bir təlatümə səbəb olur və hətta bu proseslər İranda hakimiyyətin devrilməsinə qədər gətirib çıxara bilir. Amma biz bunu müşahidə edə bilmədik. Görünür ki, azərbaycanlılar tam olaraq bu məsələlərdə iştirak etmirlər. Perspektivdə yenə də belə aksiyalar baş verə bilər və əgər İran hakimiyyəti tələbləri yerinə yetirməsə, bu və yaxud hətta bundan da ciddi şəkildə proseslər baş verə bilər.
- Azərbaycanlıların həmin proseslərdə rolu nələrdən ibarətdir?
- Ümumiyyətlə götürdükdə, İranda baş verən bütün hadisələrdə azərbaycanlıların çox yüksək səviyyədə rolu olub. İranın bu gün bu şəkildə gücü varsa, regionda bir güc nisbətini təmin edə bilirsə və İsrail, Amerika və başqa dövlətlərlə baş-başa gələ bilirsə, buna görə azərbaycanlılara borcludur. Azərbaycanlıların İrandakı inqilabi proseslərə də, İranda dövlətçiliyin qorunmasında və yaxud da inkişafında müstəsna dərəcədə rolu vardır. Azərbaycanlıların İranda bu qədər rolunun olmasına baxmayaraq, İranda türk dilinə, mədəniyyətinə qarşı bir ayrı-seçkilik hiss olunur. Məsələn, İranın indiki hakimiyyəti azərbaycanlıların bu qədər potensialının qarşılığında ən azından ölkədə dövlət dilini fars dili ilə yanaşı, ikinci dil olaraq türk dili də rəsmi dil elan edə bilər. Çünki konstitusiya da buna imkan verir. Amma biz bunun qarşılığını görmürük.
Açığını deyim, türk dilinə və mədəniyyətinə qarşı olan basqılar çox üzücüdür. Mən hesab edirəm ki, bu da haqlı olaraq azərbaycanlıların narazılığına səbəb olur. Bir daha qeyd etmək istəyirəm, bütün İranda baş verən proseslərdə, istər inqilablarda, istər çevrilişlərdə, istər dövlətçiliklə bağlı fəaliyyətlərdə, dövlət quruculuğu və s. çalışmalarda azərbaycanlıların müstəsna dərəcədə rolu var.
- Sizcə, insanları rejimə qarşı doğruldan səbəb həqiqətən gənc bir qızın qətlidir, yoxsa bu, səbri daşırmaq üçün son damla oldu?
- Xeyr, bu əsas səbəb deyil. Onsuz da, insanlar İran hakimiyyətinin ölkədə onlara qarşı tətbiq etdikləri qaydalardan narazıdırlar. Gənclər, qadınlar və cəmiyyətin böyük bir hissəsi azadlıq tələb edir. Bir sıra önəmli məsələlərlə bağlı onların tələbləri var. Təəssüf ki, İran hakimiyyəti bu tələbləri gözardı etdikcə, artıq bu məsələlər, problemlər şişirdilməyə başlayıb və gənc qızın ölümü gəlib ortaya çıxanda, bu şəkildə partlayış baş verir. O gənc qızla bağlı deyil, başqa bir sosial, mədəni və yaxud başqa siyasi bir məsələ ilə bağlı narazılıq yaradan bir addım olsaydı, düşünürəm ki, İran cəmiyyəti ona da etiraz edib ayağa qalxacaqdı. Bu göstərir ki, İran hakimiyyətinin çox ciddi şəkildə islahatlar həyata keçirməsi, xalqın səsini eşitməsi lazımdır. Xaricdə olan müdaxilələri bəhanə edib, insanlara qarşı repressiv və kəskin addımlar atmaqdan çəkinməlidir. Asmaq, edam etmək, öldürmək və yaxud da ki, həbs etmək kimi məsələlər çıxış yolu deyil. Bu çox ciddi şəkildə problemlər yarada bilər və məncə, yaradır da. Biz bunu müşahidə edirik.
- Necə düşünürsünüz, İranın hazırki vəziyyətində kənar müdaxilələr varmı, yoxsa tamamilə daxili problemdir?
- Mən İran hakimiyyətinin o fikrini bölüşmürəm ki, bu məsələlər ancaq kənardan müdaxilələrlə idarə olunur. İnsanlar ölkədəki mövcud vəziyyətə, duruma etiraz edir, narazıdırlar. Onları narazı salan qərarlar qəbul olunur, onları narazı salan vəziyyət, rejim yaradılır və insanlar da buna etirazlarını bildirirlər. Özü də etirazlar da basdırıldığı üçün bəzi məqamlarda çox kəskin şəkildə insanlar öz haqq səslərini ucaltmağa məcbur olur. Bunu tamamilə kənar müdaxilə ilə əlaqələndirib, insanlara qarşı zor tətbiq etmək qəbuledilməzdir. Əlbəttə, əgər sən ölkəni elə bir şəkildə idarə etmisən ki, bütün dünya dövlətləri ilə demək olar ki, düşmən vəziyyətdəsən, hətta sənə qarşı loyal olan, kəskin mövqelərlə çıxış etməyən Azərbaycanı, Türkiyəni belə özündən narazı salmısansa və dünyanın da böyük gücləri ilə münaqişəli vəziyyətə qədər gəlib çıxmısansa, sən daxilində baş verəcək siyasi proseslərdən və yaxud da ki, etiraz dalğasından kənar güclərin yararlanması mümkündür. Mübarizə gedir, sən də onlara qarşı mübarizə aparırsan, hücumlar təşkil edirsənsə, onlar da sənin daxilində gedən proseslərlə bağlı hansısa formada müdaxilələr edə bilərlər və yəqin ki də edirlər. Amma bütövlükdə bu prosesləri xarici müdaxilə ilə əlaqələndirmək və bunu bəhanə edib insanlara, öz vətəndaşlarına qarşı aqressiv davranışlar nümayiş etdirmək qəbuledilməzdir. Hesab edirəm ki, problem mədəni, sosial, siyasi hüquqların, sosial məsələlərin yerinə yetirilməməsi ilə bağlıdır. Bunların yerinə yetirilməsi üçün İran hakimiyyəti geniş şəkildə islahatlar və tədbirlər həyata keçirməlidir.
- Sizcə, İranın Azərbaycana qarşı son 2 ildə mövqeyinin kəskin şəkildə dəyişməsinin altında hansı amillər dayanır?
- Mən hesab edirəm ki, İranın Azərbaycana qarşı son 2 ildə mövqeyinin kəskin şəkildə dəyişməsinin altında yanlış xarici siyasəti dayanır. Bayaq qeyd etdiyim kimi, bütün dünya dövlətləri ilə, xüsusilə qonşuları ilə kəskin konfrantasiyalı xarici siyasət yürüdən İran artıq çıxılmaz dalana gəlib dayanıb. İnqilab ixrac etmək kimi yalnış xarici siyasət fəaliyyətləri İranı bu duruma gətirib çıxarıb. Azərbaycan ilə Türkiyə İrana qarşı dost, loyal mövqe göstəriblər, konfrantasiyaya getməyiblər, hətta öz ərazisindən bu günə qədər də nə Azərbaycan, nə Türkiyə xarici güclərə icazə vermirlər. Bunun qarşılığında nə görürük? Bunun qarşılığında biz İrandan aqressiya, Ermənistanı dəstəkləmə siyasəti, İranın yalnış mövqedə olduğunu görürük. İran Azərbaycana qarşı hədə-qorxu, təhdidlə danışır və hərbi güc nümayiş etdirir. Bu nə deməkdir? Hərbi güc tətbiq edərəm, torpaqlarını işğal edərəm mesajını vermək istəyirsən? Yəni, belə deyək, dünya cəngəllik qanunları ilə idarə olunur ki, İran istədiyini etsin. Bu anlamda mən hesab edirəm ki, Azərbaycanın bölgədə artan nüfuzu, Türkiyə ilə birgə türki birliyinin yaranması və inkişafı istiqamətində aktiv fəaliyyət, Azərbaycanın digər türk ölkələri ilə və Avropanın dünyanın aparıcı ölkələri ilə aktiv şəkildə yürütdüyü siyasət, Qoşulmama Hərəkatına rəhbərlik etməsi və s. istiqamətlərdə fəallığı İranı qıcıqlandıran amillərdən olur və İran düşünür ki, məsələn, diqtə siyasəti ilə davranmalıdır. Azərbaycan isə diqtə siyasətini qəbul etməz, bərabər qonşuluq münasibətində olacağıq. Əgər diqtə siyasəti həyata keçiriləcəksə, Azərbaycan üçün bunu edə bilməzsən. Eyni zamanda, islam inqilabını ixrac etmə davranışları və s. artıq arada gərginlik yaradır. Mənasız yerə və anlamsız olaraq İran Azərbaycana qarşı bu cür radikal davranışlar sərgiləyir, qəbuledilməz bəyanatlar verir. Bunların da heç bir nəticəsi yoxdur və olmayacaq da.
- Bəs Azərbaycan hansı halda İranı bağışlamalıdır?
- Azərbaycan bununla bağlı İran tərəfinə fikrini söyləyib. Sıfır nöqtəsinə qayıtmaq lazımdır. Bu təhdid, hədə, şantaj, terror siyasətindən əl çəkmək lazımdır. Yeri gəlmişkən, mən Tehrandakı səfirliyimizə qarşı olan terror aksiyasını kəskin şəkildə pisləyirəm. Belə deyək, bu cür siyasətdən əl çəkmək lazımdır. Əgər normal qonşuluq münasibətləri saxlamaq istəyirsənsə, normal davranacaqsan, qonşuluqda, dövlətlərarası münasibətlərdə, beynəlxalq hüquqda qəbul olunmuş prinsiplərdən çıxış edəcəksən. Yoxsa ki, Ermənistanın sərhədi, ərazi bütövlüyü mənim qırmızı xəttimdir bəyanatları bu münasibətləri yaxşı yerə aparıb çıxara bilməz. Belə deyək, Azərbaycan sərhədində hərbi təlimləri keçirmək kimi hədələyici üslubdan və davranışlardan əl çəkmək lazımdır. Dildə bir, fikirdə, əməldə başqa cür siyasət yürütməkdən əl çəkmək lazımdır. Siyasətin də açıqlamalarına, davranışlarına uyğun olmalıdır. Normal siyasi, iqtisadi, mədəni və s. istiqamətlərdə münasibətləri saxlamaq istəyirsənsə, bunu öz əməlində göstərməlisən. Yoxsa, qonşuyuq, biz Azərbaycanı çox istəyirik kimi bəyanatlar verib, əməldə Tehranda terror aksiyası törətmək, Azərbaycana qarşı hücumları həyata keçirmək qəbul olunan deyil və bu əməllərdən əl çəkmək lazımdır.
Röyalə Xəyal
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31