Cənubi Qafqaz "treki": ayırıcı xətlər yeni məzmun alır
20 Fevral 2023 18:24 SiyasətCənubi Qafqaz regionunda hadisələrin sürətlə dəyişməsi artıq adi hala çevrilib. Xüsusilə insanlar siyasilərin, diplomatların səfərlərinə o qədər alışıblar ki, onlar gəlməyə ara verəndə şübhələnirlər ki, "görəsən, nə baş verəcək?". Ancaq indiki mərhələdə regionda diplomatik və siyasi aktivliyin konkret səbəbləri üzərində düşünmək də zərurətə çevrilib. Çünki qırx dörd günlük Vətən müharibəsində qazanılmış parlaq Zəfərdən sonra regionda yeni reallıqlara uyğun əməkdaşlıq formatları və geosiyasi konfiqurasiyanın yaranmasının növbəti mərhələsi başlayıb. Və bu prosesdə ABŞ, Avropa və Rusiya aktiv surətdə iştirak edirlər. Təbii ki, hər birinin öz marağı var. Məsələnin bu aspektdə təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.
"Həqiqəti gizlətmək olmaz": böyük güclər üçün tarixi dərs
Cənubi Qafqaz yenə də dünyanın ən həssas regionuna çevrilməkdədir. İndi hər bir ekspert bu bölgədən danışanda həll edilməli olan çoxlu sayda problemləri sadalayır. Onların sırasında hamının razılaşdığı aktual problemlər kimi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin parametrlərinin razılaşdırılması xüsusi vurğulanır.
Bu məsələlərin həlli ilə bağlı atılan hər bir addıma ekspertlərin və bütövlükdə ictimaiyyətin həssas reaksiyası da başadüşüləndir - hər kəs regionun davamlı sabitlik, sülh və inkişafa qovuşmasını arzulayır. Lakin, belə görünür ki, siyasətçilərin öz hesabları vardır. Ancaq "həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq olmaz".
İndi müxtəlif dairələrdə Cənubi Qafqazla bağlı atılan addımlardan hansının həqiqət, hansının isə qərəz olduğu analiz edilir. Düşünmək üçün faktlar isə kifayət qədərdir. Son günlər regionda müşahidə edilən "diplomatik trafik" bu baxımdan diqqəti çəkməkdədir. Sanki regiona səfər edən və ya telefonla əlaqə saxlayan hər bir siyasətçi, diplomat hesab edir ki, "lazım olan yerdə lazım olan vaxtda peyda olmaq" uğur qazanmağın əsasını təşkil edir. ABŞ-ın, Fransanın və Rusiyanın xüsusi nümayəndələrinin səfərləri və onlarla aparılan telefon danışıqlarının məzmunu bu fikri yaradır.
Fransanın xarici işlər naziri Katerin Kolonna və ABŞ-ın dövlət katibi Antoni Blinken Laçın yolu məsələsini müzakirə ediblər. Son bir həftədə Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bris Rokfeylə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir neçə dəfə Cənubi Qafqazın təhlükəsizliyi məsələsi ətrafında müzakirələr aparıblar. İranın Ermənistandakı səfirinin Aİ missiyası ilə bağlı dedikləri, Ermənistanın xarici işlər nazirinin Türkiyəyə səfəri də belə təəssürat yaradır. Bu danışıqların arxasında dayanan həqiqi məqamlar bir az sonra üzə çıxa bilər. Lakin Ulu Öndər Heydər Əliyevin bir müdrik kəlamını onlar unutmamalıdırlar: "tarix heç nəyi silmir"!
Heydər Əliyevin başqa bir müdrik kəlamını da yadda saxlamaq gərəkdir: "Heç bir ölkəni özünə düşmən hesab etməməlisən"! Yuxarıda vurğuladığımız səfərlər və telefon danışıqlarında kimlərin Azərbaycanı düşmən hesab edib-etmədiyini sona qədər gizlətmək mümkün olmayacaq. Üzərində düşünüləsi məqamlar isə az deyildir.
Onların sırasında Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin regiona səfəri ayrıca yer tutur. Ekspertlər diqqəti ona yönəldirlər ki, İ.Xovayev İrəvana səfər etdikdən sonra Bakıya deyil, Rusiyaya uçub. Orada məsləhətləşəndən sonra isə Bakıya gəlib - necə deyərlər, "lazımi vaxtda, lazımi yerdə olmağa" çalışıb. Ancaq bu səfərin coğrafi trayektoriyasının siyasi və geosiyasi mənasının olduğunu düşünən ekspertlər vardır. Çünki İ.Xovayev İrəvanda Nikol Paşinyana, Ararat Mirzoyana və Armen Qriqoryana açıq surətdə Moskvanın iradını bildirib. "Past" qəzetinin yazdığına görə, rusiyalı diplomat Ermənistan rəhbərliyinə N.Paşinyanın "Rusiyanın Ermənistanda hərbi mövcudluğunun Ermənistanın təhlükəsizliyinə təhdid yaratdığı" fikrinin Kremldə ciddi narazılığa səbəb olduğunu ifadə edib. Ekspertlər bunun əlamətlərindən biri kimi Rusiya Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodinin Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə görüşdə son dərəcə sərt şəkildə Ermənistanı hədələməsini göstərirlər. V.Volodin açıq şəkildə ifadə edib ki, Avropanın "mülki" missiyasını regiona gətirən ölkə "dövlətçiliyini itirə bilər"! Ekspertlər bunu sərt diplomatik ifadə hesab edirlər. Deməli, Rusiya hakimiyyəti ictimaiyyətin bilmədiyi informasiyalara malikdir.
Bu baxımdan rusiyalı ekspert Yevgeni Mixaylovun "Avropa İttifaqının Ermənistanda "mülki" missiyası yalnız NATO-nun maraqları naminə kəşfiyyatla məşğul olacaq" deməsi müəyyən məqamlardan xəbər verir. Belə çıxır ki, Moskva hesab edir ki, Ermənistanın Qərbdən "mülki" adı altında dəvət etdiyi qrup, əslində, hərbi-kəşfiyyat xarakterli işlərlə məşğul ola bilər.
Bütün bunların fonunda İ.Xovayevin Azərbaycana səfəri və eyni zamanda, Vladimir Putinin Azərbaycan Prezidenti ilə telefon danışığı davamlı diplomatik aktivliyin tərkib hissəsi təsiri bağışlayır. Azərbaycan və Rusiya prezidentləri regional təhlükəsizliyin təmininin müxtəlif aspektlərini müzakirə ediblər. Şübhə yoxdur ki, rəsmi verilən informasiyanın detalları daha maraqlıdır. İ.Xovayevin İrəvandakı müzakirəsindən sonra Rusiyanın diplomatik fəallığını daha da artırması və S.Qafarovanın Moskvaya səfəri onu göstərir ki, Moskva regionda diplomatik-siyasi təşəbbüsü ələ almağa çalışır.
Çarpazlaşan səfərlər: regional təhlükəsizlik və barış imkanları kontekstində
Məsələ onda deyil ki, Rusiya artıq burada zəif duruma düşüb. Başlıca məqam Rusiyanı Ermənistan rəhbərliyinin qeyri-müəyyən və şübhəli addımlar atmasının narahat etməsi ilə əlaqəlidir. Həmin addımlardan görünür ki, İrəvan regionda hansısa siyasi və geosiyasi təxribatın meydana gəlməsinə çalışır.
Ekspertlərə görə, bu məqam İrəvanda N.Paşinyanın İ.Xovayevə "Qərb Ermənistan və Rusiyanın Azərbaycana qarşı aqressivlik edib-etməyəcəyini monitorinq edir" deyimində öz əksini tapır.
Əslində, burada tam bir məntiqsizlik və təxribat vardır. N.Paşinyan vəziyyəti elə təqdim edir ki, guya Azərbaycan ehtiyat edir ki, Ermənistanla Rusiya ona hücum edə bilərlər. Yəni Avropa İttifaqının missiyasının regiona gəlməsində Azərbaycan daha çox maraqlıdır. Eyni zamanda, N.Paşinyan Bakıya mesaj vermək istəyir ki, "Rusiyaya etibar etmə, hər an Ermənistanla birləşib səni vura bilər".
Ancaq bu cür bəsit hiylə ilə nə Moskvanı, nə də Bakını aldatmaq olar. Azərbaycan və Rusiya münasibətlərini qarşılıqlı etimad üzərində qurublar və Moskvanın İkinci Qarabağ müharibəsindəki mövqeyi göstərdi ki, Rusiya Azərbaycanla müharibə etmək fikrində deyil. Buna heç bir səbəb də yoxdur. Deməli, reallıq ondan ibarətdir ki, İrəvan regiondan Rusiyanı sıxışdırmaq istəyənlərlə bir yerdədir və buna çalışır.
Həmin mövqedən Ermənistanın xarici işlər nazirinin Türkiyəyə səfərindən "siyasi şou" düzəltmək istəyənlərin xüsusi məqsəd güddükləri haqqında ekspertlər yazırlar. Məsələn, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan xarici işlər nazirinin Türkiyəyə səfəri haqqında "tarixi səfər" ifadəsini işlədib. Və yaxud ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer uzun müddətdir davam edən düşmənçiliyin arxa plana keçdiyini bəyan edib.
Bunları anlayırıq, eyni zamanda, həmin səfərdə Ermənistanın Türkiyə istiqamətində yeritdiyi xarici siyasətin bir nüansı da yer alır. Belə ki, rəsmi İrəvan bununla maraqlı bir mesaj verir: Türkiyə ilə münasibətləri müsbət məcraya yönəldə bilər. Məsələnin mahiyyəti Ermənistanın güclü və ya zəif olmasında deyildir. Başlıca məqam ondan ibarətdir ki, Ermənistan əvvəllər Türkiyəni heç bir məsələdə qəbul etmir, ona tam düşmən kimi baxırdı.
Azərbaycanın erməni ordusunu darmadağın etməsi və Türkiyənin bu prosesdə xüsusi qətiyyət nümayiş etdirməsi erməni siyasətçiləri ağıllandıra bilərdi. Türkiyə və Azərbaycan həmişə ağılla davranıb və qarşı tərəfi də buna dəvət ediblər. Mümkündür ki, erməni siyasətçilər regionda yaranmış bu yeni geosiyasi gücü qəbul etməkdən başqa yolun olmadığını etiraf etməyə başlayıblar. Zəlzələ sadəcə bir bəhanədir.
Türkiyə kimi böyük və güclü dövlətin diplomatiyası da həmin məqamı həssaslıqla tutub. Xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanı kənara itələmədiklərini, lakin şərtin dəyişmədiyini də ifadə edib. O, A.Mirzoyanla görüşündə deyib: "Bu gün Cənubi Qafqazda normallaşma prosesi davam edir. Bu gün ortaya qoyduğumuz işbirliyi anlayışının bu məsələyə dəstək verəcəyinə inanıram. Ermənistanın Azərbaycanla münasibətlərinin normalaşması bölgəmizdəki sabitliyə töhfə verəcək". Yəni hər şey Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırıb-normallaşdırmaması ilə bağlıdır.
Bütün bu diplomatik fəallığı rəsmi Bakı təmkinlə müşahidə edir. Diqqət edin, Azərbaycan rəhbərliyi heç bir tələskənlik, təlaş və ya hansısa başqa hərəkət etmir. Prezident İlham Əliyev davamlı olaraq konstruktiv əməkdaşlığa, sabitliyə xidmət edən yeni layihələr reallaşdırır. Yeni marşrutlar inşa edir, ölkələr arasında yollar salır, çünki Ulu Öndərin tövsiyəsi vardır: "Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir"!
Azərbaycan, eyni zamanda, regionun təhlükəsizliyi ilə bağlı faydalı təkliflərə diqqət göstərir. Məsələn, Rusiya Prezidenti ilə müzakirədə Azərbaycanın 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatına sadiqliyini bir daha bəyan edilib.
Bunun üç aspektdə əhəmiyyəti vardır. Birincisi, Azərbaycan regionda aparıcı geosiyasi güc kimi mövqeyini daha da gücləndirir. İkincisi, istər Rusiya, istərsə də Qərblə münasibətlərdə etibarlı tərəfdaş olduğunu tam sübut edir. Üçüncüsü, Azərbaycan Ermənistanın konstruktiv mövqeyə gəlməsini səbirlə gözləyir. Azərbaycan rəhbərliyi yaxşı bilir ki, "dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib" (Heydər Əliyev) və "müdriklik təşkil olunmuş həyatdır" (İmmanuil Kant). Əvvəl-axır ermənilər də bu mövqeyə gələcəklər - yaşamaq istəyirlərsə!
Kamal Adıgözəlov