Cənubi Qafqazda böyük savaş: Ermənistanın riyakarlığı fonunda Qərb-Rusiya qarşıdurması kəskinləşir
7 Fevral 2023 14:58 SiyasətPostmüharibə mərhələsində Cənubi Qafqaz üçün mürəkkəb geosiyasi vəziyyətin yaranmaqda olduğu haqqında ekspertlər artıq fikir bildirirlər. Bunlar Ermənistan rəhbərliyinin açıq riyakarlığı üzündən baş verir. Rəsmi İrəvan Azərbaycana qarşı ittihamlarını yenidən gündəmə gətirir. Müxtəlif formalarda Bakını sülh prosesini pozmaqda günahlandırmağa çalışırlar. Bunlar ABŞ və Avropa İttifaqının rəsmi səviyyədə işğalçı Ermənistanı dəstəkləməsi ilə paralel baş verir. Vaşinqton və Brüssel Laçın-Xankəndi yolu ilə bağlı absurd ittihamlarını ifadə edirlər. Onlar Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi ekoloji cinayətlərdən qətiyyən bəhs etmirlər. Əvəzində yenə də "məzlum, zavallı erməniləri" müdafiə etməklə məşğuldurlar. Rusiya bütün bunlara səssiz qalmır, nəticədə, regionda yeni səviyyədə geosiyasi savaş başlayıb. Bütün bunları nəzərə alaraq indiki mərhələdə Cənubi Qafqazda böyük güclərin mübarizəsinə geosiyasi aspektdə təhlili nəzər salmağa ehtiyac duyuruq.
Vaşinqton-Brüssel-Moskva xəttində qarşılıqlı ittihamlar
Hazırda Cənubi Qafqazda geosiyasi mənzərə o dərəcədə süni olaraq mürəkkəbləşdirilir və risklərə atılır ki, qeyri-ixtiyari Uinston Çörçillin bir deyimini xatırlamalı oluruq. Böyük siyasətçi demişdi ki, "Tarixi öyrənin. Siyasi uzazqgörənliyin bütün sirləri tarixdədir". Eyni məntiqlə dünyanın böyük geosiyasi güclərinin Cənubi Qafqaz regionunda vəziyyəti hansı səbəblərdən və necə qarışdırmağa çalışdıqlarını adekvat anlamaq üçün XX əsrin 90-cı illərindən başlayaraq onların buradakı münasibətlərinin tarixinə qısa nəzər salmaq gərəkdir. Biz, konkret olaraq, ABŞ, Avropa İttifaqı və Rusiyanın Cənubi Qafqazda nüfuz uğrunda mübarizəsini nəzərdə tuturuq.
Bütövlükdə sosialist düşərgəsi və o cümlədən sovetlər dağılandan sonra ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda yeni fəallıq mərhələsinə keçdilər. Ancaq onlar burada ədalətli mövqedən deyil, ikili standartlardan çıxış etdilər. Bu, bir tərəfdən, Qərbin Cənubi Qafqazdakı şansını azaldırdısa, digər tərəfdən, regionda bir neçə əsrdir ki, dominantlıq edən Rusiyanın mövqeyini gücləndirmək imkanını artırırdı. Amerika və Avropa bunu duymadılar. Burada yenə də tarixi aspektdə ser Uinston Çörçillin fikrini xatırlayaq. O deyirdi ki, "Amerikalılar bütün yanlış qərarlarını təkrar-təkrar yoxlayandan sonra həmişə yeganə düzgün həlli tapırlar". Təəssüf ki, artıq otuz üç ildir ki, amerikalılar Cənubi Qafqazla bağlı hələ də yanlış qərarlarını təkrar-təkrar yoxlamaqla məşğuldurlar. Avropalılar da onlardan heç nə ilə fərqlənmirlər. Keçən əsrin 90-cı illərində hansı məntiq və üsulla haqsız erməniləri dəstəkləyirdilərsə, indi də eyni cür davranırlar. "Azadlığa dəstək Aktı"na bədnam 907-ci düzəlişi qəbul edənlər indi Laçın-Xankəndi yolunda baş verənləri ermənilərin xeyrinə izah etməyə çalışırlar.
Lakin hazırda Rusiya dünya siyasətində dominantlıq iddiasındadır. Moskva sanki U.Çörçillin deyiminə ciddi əməl edir: "...heç zaman təslim olmayın. Böyük və ya kiçik məsələdə, əhəmiyyətli və ya əhəmiyyətsiz məsələdə öz mövqeyinizdə qalın".
Bu məntiqlə hazırda Qərblə Rusiyanın Cənubi Qafqazda, əsasən də, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi məsələsində güzəştsiz savaşı davam edir. Onlar yenə də unudurlar ki, "ikisi savaşanda udan üçüncü olur" (U.Çörçill). Qərblə Rusiyanın savaşından Çin uda bilər.
Bunları diqqətdə saxlayaraq Cənubi Qafqazda ABŞ, Avropa İttifaqı və Rusiyanın atdıqları addımlara baxaq. Onların fəaliyyəti, əsasən, Laçın-Xankəndi yolu ətrafında yaranmış vəziyyətlə bağlıdır. Belə ki, artıq bir aydan çoxdur ki, mülki Azərbaycan fəalları sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edirlər. Onlar bu prosesin dayandırılmasını tələb edirlər.
Bu, həm də ona görədir ki, Ermənistan Laçın-Xankəndi yolu vasitəsilə Qarabağdakı quldurlarına silah-sursat, partlayıcı maddələr göndərir. Azərbaycanlıların bu aksiyasından sonra erməni quldurların "əl-qolu bağlanıb". Necə deyərlər, İran da artıq onlar üçün "həyat yolu" rolunu oynaya bilmir - Azərbaycan başlarının üstündədir!
Bu vəziyyətdə böyük dövlətlərin və onların nəzarət etdikləri beynəlxalq təşkilatların ədalətli davranışı necə ola bilərdi? Birincisi, Azərbaycanın etirazlarına obyektiv yanaşmalı idilər. İkincisi, Ermənistandan qanunsuz silahlı birləşmələrini Qarabağdan çıxarmağı və yataqların istismarına son qoymağı tələb etməli idilər. Üçüncüsü, qiymətləndirmə aparıb Azərbaycana vurulan ziyanın təzminatını Ermənistandan tələb etməli idilər.
Hadisələr göstərir ki, Qərb və Rusiya nəinki bunları etmədilər, hətta ABŞ və Avropa Azərbaycanı günahlandırdı. Rusiya susdu. U.Çörçill demişkən, "həqiqət paltarını geyinənə qədər yalan dünyanın yarısını dolaşdı". Avropadan başlayaq.
Türkiyə-Azərbaycan tandeminin geosiyasi əhəmiyyəti yeni səviyyədə
Avropalılar keçən ilin payızında Azərbaycan-Ermənistan sərhədinə kiçik mülki müşahidə qrupu göndərmişdi. Onların müddəti iki ay idi. İndi həmin müddət başa çatıb. Brüssel Laçın-Xankəndi yolunu bəhanə edib, daha böyük müşahidə və patrul qrupu göndərmək qərarına gəlib. Onlar Ermənistan tərəfdən bütün sərhəd boyu iki il nəzarət etmək niyyətindədirlər. Bu müddəti müntəzəm artırmaq da onların planlarında vardır.
Onu vurğulayaq ki, Avropa İttifaqının bu addımı Ermənistan rəsmilərinin Qərbdə təxribatçı çıxışları ilə paralel baş verir. Xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın danışıqlardan imtina etdiyi haqqında fikir bildirib. O, NATO-nun Baş katibi Yens Stoltenberq ilə də görüşüb. Görüşdə tərəflər arasında əməkdaşlıqdan bəhs edilib. Maraqlıdır, KTMT-nin üzvü olan bir ölkənin NATO ilə əməkdaşlığı hansı mənada perspektivli sayıla bilər? Həm də Ermənistan, faktiki olaraq, antiNATO məqsədli hərbi bloka üzv ola-ola NATO ilə necə əməkdaşlıq edə bilər? Bu suallara cavab yoxdur.
Bunların fonunda Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın İrəvana səfəri təəccüblü görünmədi. O, Ermənistanda bəyan etdi ki, Laçın yolu ətrafında vəziyyət ciddidir və təcili həll yolları axtarılmalıdır. Üstəlik, T.Klaar bütövlükdə Avropanı təmsil etdiyini də deyir. Bəs Qərb bu məsələni necə həll etmək fikrindədir?
Bu məqama ABŞ-ın dövlət katibi Antoni Blinken aydınlıq gətirib. O, Azərbaycan Prezidenti ilə telefon danışığı haqqında deyib ki, "Prezident İlham Əliyevi ... Laçın dəhlizinin təcili olaraq kommersiya nəqliyyatı üçün açılmasına çağırdım. Dəhlizin bağlı qaldığı hər gün humanitar böhran riskini artırır və Ermənistan və Azərbaycanın sülh istiqamətində atdıqları addımları sarsıdır. ABŞ bu səyləri dəstəkləməyə sadiqdir".
Avropa, ABŞ və Ermənistan nümayəndələrinin fikirlərindən aydın olur ki, Qərb Ermənistanla birgə sülh danışıqları prosesini pozmağa çalışır, müxtəlif bəhanələrlə Qərbin diplomatik və həm də silahlı təmsilçilərini Ermənistanla Azərbaycanın sərhədinə yerləşdirməyə çalışır ki, bunların fonunda da Rusiyanı regiondan sıxışdırmaq planını reallaşdırmaq istəyir. Buna Moskvanın cavabı gecikmədi. Rusiya XİN bəyanat verərək Qərbi ikiüzlülükdə və Cənubi Qafqazda Rusiyaya qarşı fəaliyyət göstərməkdə qınadı. Xarici işlər naziri Sergey Lavrov da kifayət qədər sərt şəkildə Qərbi və Ermənistanı tənqid etdi. Ekspertlər hesab edirlər ki, Moskva mövqeyindən çəkilməyəcək və regionda qarşıdurmanın kəskinləşməsi ehtimalı yox deyildir.
Azərbaycan bütün bunlara kifayət qədər təmkinlə reaksiya verir. Rəsmi Bakı öz mövqeyində qalır və sona qədər də qalacaq. Azərbaycan nikbindir və "hər çətinlikdə imkanları görür" (U.Çörçill).
Bununla yanaşı, böyük geosiyasi güclərin toqquşması regionda gərginliyi artırır. Bu isə Azərbaycan-Türkiyə tandeminin sərt addımlar atmasına səbəb ola bilər. Belə çıxır ki, Qərb keçən əsrin 90-cı illərində olduğu kimi, regiondakı proseslərə ikili standartlarla yanaşmaqda davam edir. Kollektiv Qərb Ermənistana şirnikləndirici vədlər verməklə bütövlükdə Cənubi Qafqazda təhdidləri və riskləri artırır. Başlıcası ondan ibarətdir ki, bununla Qərb həm də özünün enerji təhlükəsizliyi imkanlarını məhdudlaşdırır.
Azərbaycan heç zaman öz maraqları xilafına addım atmaz. Əgər Qərb Azərbaycanın enerji təhlükəsizliyi və milli təhlükəsizliyinə qarşı hansısa addımlar atarsa, ölkə rəhbərliyi həmişə olduğu kimi, sırf dövlətçilik mövqeyindən cavab verəcəkdir.
Ancaq bütövlükdə Cənubi Qafqazın konstruktiv geosiyasi xəttə çıxmasına ziyan dəyə bilər. Bir çox beynəlxalq layihələrin reallaşması təhlükə altına düşər. Bu isə ümumən Cənubi Qafqazda əməkdaşlıq və sabitliyə ciddi təhlükə deməkdir.
Deməli, böyük güclər hazırda, faktiki olaraq, regionu riskə atırlar. Onların bu fəaliyyətlərinin qarşısı alınmalıdır. İran qətiyyən bu niyyətdə deyildir. Əksinə, Tehran Ermənistanı müdafiə etməkdədir. Onu düşmən hesab etdiyi Qərbin regiona gəlişi elə də narahat etmir - təki Türkiyə-Azərbaycan tandemi söz sahibi olmasın.
Gürcüstan da vəziyyəti köklü şəkildə dəyişmək iqtidarında deyildir. Qalır Türkiyə-Azərbaycan birliyi. Bu güc regionda sabitlik və təhlükəsizliyin təminatçısıdır. Bu səbəbdən yaxın zamanda Türkiyə-Azərbaycan tandeminin geosiyasi əhəmiyyətini təsdiq edən proseslər başlaya bilər. Regionu geosiyasi konfrontasiyadan xilas etmək naminə!
Kamal Adıgözəlov