Vətəndaş cəmiyyətləri milli və dövlət maraqlarının qorunmasında öndə gedir

İstiqamət:   Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə siyasi plüralizmin inkişafına təkan verən sahələrin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb. Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı. Belə ki, dövlətimiz ilk növbədə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna önəm verməyi əsas məqsəd kimi qarşısına qoydu. Nəticədə vətəndaş cəmiyyətləri  üçün yeni bir mərhələ başlandı, vətəndaş cəmiyyətlərinin xarici donorlardan asılılığı aradan qalxdı. Hazırda Qeyri Hökumət Təşkilatları (QHT)  ölkədə dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevrilib. Vətəndaş cəmiyyətinin inkişafında bu təşkilatların rolu olduqca böyükdür və o, üçüncü sektor kimi bütün dünyada əsas institutlardan hesab olunur. Azərbaycanda QHT-lərin sayının artması və müxtəlif istiqamətlər üzrə QHT-lərin fəaliyyət göstərməsi onu sübut edir ki, vətəndaş cəmiyyəti institutlarının inkişafı istiqamətində dövlət siyasəti var. Artıq ölkədə dövlət qeydiyyatına alınmış yüzlərlə vətəndaş cəmiyyəti fəaliyyət göstərir. Paralel olaraq, Azərbaycanın xarici ölkələrdə və beynəlxalq arenada fəaliyyət göstərən QHT-lərini sayı kifayət qədərdir. Vətəndaş cəmiyyəti institutları olaraq  həmin QHT-lər xalqlar və ölkələr arasında dostluq və anlaşma mühitinin daha da yaxşılaşması istiqamətində  çox ciddi töhfələr verməkdədirlər. Azərbaycan dövləti demokratik və vətəndaş cəmiyyəti quruculuğunda indiyə kimi əldə etdiyi mühüm nailiyyətləri davam etdirməkdə qərarlıdır. Bu baxımdan qətiyyətlə demək olar ki, demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin təmin olunması  Azərbaycanda yüksək səviyyədə təşəkkül tapıb. Azərbaycanın müstəqil inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, vətəndaş cəmiyyətlərinin tarix səhnəsinə qədəm qoyması və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. Bu isə Azərbaycan dövlətinin vətəndaş cəmiyyətlərinin fəaliyyəti üçün zəruri şərait yaratması nəticəsində mümkün olmuşdur. Azərbaycanda həyata keçirilən demokratik islahatlardan biri də azad fəaliyyətə malik vətəndaş cəmiyyətlərinin formalaşmasıdır. Elə bu səbəbdən də demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının daha da inkişaf etdirilməsi prioritet hesab olunur. Xüsusən, vətəndaş cəmiyyətlərinin sərbəst şəkildə fəaliyyəti üçün qanunvericilik bazasının yaradılması, beynəlxalq sənədlərin ratifikasiyası bu məqsədlə görülən işlərin mahiyyətini təşkil edir.

Hazırda da bu istiqamətdə ciddi islahatlar aparılmaqdadır. Bu islahatların bir qismi də demokratik inkişafın ən mühüm elementlərindən biri olan vətəndaş cəmiyyəti inistitutlarının inkişafı ilə bağlıdır. Artıq bu istiqamətdə xeyli işlər görülüb. Birmənalı şəkildə qeyd etmək olar ki, artıq görülən işlər bəhrəsini verməkdədir. Milli və dövlət maraqlarının keşiyində duran Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinin Xankəndi-Laçın yolunda keçirdikləri aksiya dedikləimizin bariz nümunəsidir. Azərbaycanda ekofəalların ötən ilin dekabr ayının 12-də başlanan aksiyası bu gün də davam edir. Aksiya xalqımızın ekoloji terrora və separatizmə qarşı mübarizədə nə qədər qətiyyətli olduğunu göstərməklə yanaşı, xalqımızın humanizmini də açıq şəkildə ortaya qoymaqdadır. Aksiyada iştirak edən vətəndaş cəmiyyəti təmsilçilərinin dinc ermənilərə xoş münasibət sərgiləməsi faktı deməyə əsas verir ki, aksiyaçıların etirazı sadəcə separatçıların, qanunsuz erməni hərbi birləşmələrinin Laçın yolundan qanunsuz istifadəsinin qarşısını almağa, ekoloji terroru dayandırmağa yönəlib. Məlum məsələdir ki, ixtisaslaşmış beynəlxalq təşkilatların Xankəndi və ətraf ərazilərdə fəaliyyətə cəlb edilməsi aksiyaçıların da maraq dairəsindədir. Azərbaycanlı ekofəallar hesab edirlər ki, beynəlxalq təşkilatların məlum problemin həllinə cəlb edilməsi separatizmin və ekoloji terrorun qarşısının alınması baxımından faydalı olar. Elə bu səbəbdən  də aksiyaçılar bütün beynəlxalq təşkilatlara müraciət edərək onları bölgəyə dəvət edir, hadisələrin şəffaflığını təmin etməyə çalışırlar. Təkcə bu faktın özü ölkəmizdə formalaşmış vətəndaş cəmiyyətlərinin milli və dövlət maraqlarından çıxış etməsini təsdiq edir.

Məlum olduğ kimi sivil vətəndaş cəmiyyətinin formalaşması birbaşa hüquqi dövlətin yaranması və inkişafı ilə bağlıdır. Vətəndaş cəmiyyətlərinin aksiya zamanı atdığı addımlarla da göstərir ki, ictimai qurumlar hər zaman mübarizəni insani dəyərlər və beynəlxalq qanunlar çərçivəsində aparır. Qalib gəlmək, uğur qazanmaq üçün anti-insani vasitələrə əl atmaq, hüquqi və mənəvi dəyərləri tapdalamaq Azərbaycan insanının təbiətinə, dövlətçilik ənənəmizə yaddır. Azərbaycanda mövcud olmuş hüquqi dövlət ənənəsi müstəqilliyin ilk illərində də ölkəmizdə demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması insanların hüquq və azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsini zəruri etmişdir. Məhkəmə-hüquq islahatlarının reallaşdırılması isə hər şeydən əvvəl yeni hüquqi dövlət quruculuğu konsepsiyasının işlənib hazırlanmasını şərtləndirmişdir. Hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanır və 1995-ci il noyabrın 12-də referendumda xalq tərəfindən qəbul edilir. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunur. İnsan hüquq və azadlıqlarına, habelə onların təminatlarına xüsusi yer ayrılır, onların təmin edilməsi isə dövlət siyasətinin həlledici istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilir. Təsadüfi deyil ki, hüquqi dövlətin ayrılmaz atributu kimi insan hüquq və azadlıqlarının qorunması sonradan ölkədə həyata keçiriləcək hüquqi islahatların əsas istiqamətini müəyyən edir. Qanun yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlir, köhnə hüquq sistemindən miras qalmış korporativ münasibətləri aradan qaldırır. Bundan əlavə, hüquqi islahatların aparılması, habelə ölkəmizin Avropa təsisatlarına inteqrasiyası məqsədilə 1996-cı il iyunun 8-də Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramı qəbul olunur. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının müddəaları nəzərə alınmaqla yeni qanunlar hazırlanır. Mahiyyət etibarilə hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir. Məhz bu kimi amillər Azərbaycanda sivil vətəndaş cəmiyyəti və hüquqi dövlət ənənəsinin hazırda da davam etməsini deməyə əsas verir.

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31