İranın molla hakimiyyətinin narkotika sevgisi
3 Fevral 2023 11:08 SiyasətArtıq bir xeyli müddətdir ki, ölkəmizdə İranın casus çəbəkəsinə qarşı əməliyyat həyata keçirilir. Ötən müddət ərzində hüquq-mühafizə orqanları uğurlu əməliyyat keçirib bu şəbəkənin müəyyən bir qismini zərərsizləşdirsə də, lakin onu tamamilə məhv etmək hələlik mümkün olmayıb. Çünki İran Azərbaycanda kifayət qədər oturuşub və burada özünə çox ciddi dayaqlar qurub. Təkcə agent yetişdirmək deyil, burada özünün narkotik ticarətinə narkokuryerlər də tapa bilib. Elə son iki gündə Daxili İşlər Nazirliyinin həyata keçirdiyi əməliyyat nəticəsində aşkar edilən faktlar belə deməyə əsas verir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Bakı şəhərində və bölgələrdə keçirilən əməliyyatlar nəticəsində, narkotik malların ticarəti ilə məşğul olan 36 nəfər saxlanılıb, 114 kq. narkotik vasitə, psixotrop maddə, 3 min ədəd ekstazi və metodon həbi dövriyədən çıxarılıb. Bunlardan əlavə, narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər də saxlanılaraq istintaqa təhvil verilib.
Belə bir uğurlu əməliyyatdan dolayı başda Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov olmaqla, əməyi keçən hər kəsə dərindən təşəkkür edən Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, məhz, polis işçilərinin sayıqlığı, prinsipiallığı nəticəsində minlərlə ailənin faciəsinə səbəb ola biləcək cinayətlərin qarşısı alındı: "Göz yaşları ilə, doğma övladlarına ölüm arzulayan bədbəxt analarla yəqin ki, rastlaşmısınız. Mən görmüşəm, dəhşətli mənzərədir. Daxili İşlər Nazirliyinin narkomaniyaya qarşı apardığı mübarizə Azərbaycan xalqı tərəfindən tam dəstəklənir və alqışlanır. Düşmənə, cəmiyyətimizi zibilləməsinə imkan verməməliyik".
Deputat qeyd edib ki, ölkəmizə narkotiklərin gətirilməsində İranın xüsusi rolu var və son 30 ildə İran, davamlı şəkildə 4 istiqamətdə Azərbaycana qarşı hibrid müharibəsi aparıb: "Birinci istiqamət. Ermənistana iqtisadi, siyasi, hərbi, informasiya dəstəyi verib, Qarabağda separatçılığı dəstəkləyib, işğal altında olan ərazilərin vəhşicəsinə talanmasında bilavasitə iştirak edib. İkinci istiqamət. Azərbaycanın demokratik, dünyəvi dövlət quruculuğunun İranyönlü teokratik idarəetmə sistemi ilə əvəzlənməsi üçün məqsədyönlü siyasət aparıb. Bundan ötrü azərbaycanlı tələbələr kütləvi şəkildə, Qum, Məşhəd şəhərlərinə "dini təhsil" almağa göndərilir. SEPAH-ın, ETTEALATIN və digər xüsusi xidmət orqanlarının nəzarəti altındakı düşərgələrdə təlimlərdə iştirak etdikdən sonra, konkret tapşırıqlarla Azərbaycana qaytarılır. Bu istiqamət, İran dövlətinin bütün İslam ölkələrinə yönəlik xarici siyasətinin ana xəttini təşkil edir. Yəməndə, Livanda, İraqda, Suriyada, Əfqanıstanda gedən proseslər, HİZBULLAH, HƏMAS kimi terror təşkilatlarının fəaliyyəti bunun sübutudur".
Millət vəkili qeyd edib ki, üçüncü istiqamət isə narkotik vasitələrin və psixiotrop maddələrin kütləvi şəkildə ixracıdır: "Heroin və digər narkotik maddələrlə yanaşı, İnsan orqanizmi üçün olduqca təhlükəli hesab olunan patı, şüşə, kokos, spayz kimi sintetik narkotiklər də İrandan gətirilir. İranın daxilində narkotika ticarəti ilə məşğul olanlara qarşı ən ağır cəzalar tətbiq olunur. Hətta edam olunurlar. Azərbaycana narkotik ixracı, İran hakimiyyət dairələri tərəfindən nəinki qarşısı alınmır, əksinə təşviq olunur. Məqsəd Azərbaycan gəncliyini sarsıtmaq və genofondunu məhv etməkdir. Dördüncü istiqamət Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlıdır. Baltikyanı ölkələrdən başlayaraq, Rusiya-Azərbaycan-İran ərazisindən keçməklə, Hindistana qədər uzanan dəmiryoluna növbəti mərhələdə İraq, Küveyt və Körfəz ölkələrinin qoşulması nəzərdə tutulmuşdu. Sadəcə, Azərbaycanla İranı birləşdirən Astara-Rəşt dəmiryolu inşa olunmalıydı. 23 il keçməsinə baxmayaraq, Molla rejimi müxtəlif, gülünc bəhanələrlə Şimal-Cənub marşrutunun açılmasının qarşısını aldı. Bəhanələrdən biri guya ki, maliyyə vəsaitinin olmaması idi. Azərbaycan hökuməti yolun tikintisinə 500 milyon ABŞ dolları ayırmaqla bu bəhanəni də aradan qaldırdı. Amma yol tikilmədi. İldə ən azı 30 milyon ton yük daşınması nəzərdə tutulmuşdu. Süveyş kanalından keçən, mövcud dəniz marşrutu ilə müqayisədə 2-2,5 dəfə az vaxt sərf olunmalı idi. Şimal-Cənub nəqliyyat dəhlizinin istismarından, İran daxil, marşrutun keçdiyi bütün ölkələr iqtisadi gəlir əldə edəcəkdilər. Təəssüf ki, bir çox sahələrdə olduğu kimi, burada da İranın Azərbaycan düşmənçiliyi özünü göstərdi. Öz xalqının, dövlətinin ziyanına, ancaq riyakar mollalar belə qərar verə bilərdilər.
Süleyman