"Üsyana qalxan əhali İranı bütün dünyanın gözündən saldı"- ÖZƏL
12 Yanvar 2023 14:07 Siyasət"İranda baş verən hadisələr molla rejiminin yeritdiyi siyasətin nəticəsidir. İnsanlar fars-molla rejiminə inanmır. Orada təkcə milli məsələlər fonunda yox, dövlətin yürütdüyü siyasətə qarşı ciddi narazılıq var. Hakimiyyətin idarəçilikdən xəbəri olmadığına görə hər şeyi üz-gözlərinə bulaşdırıblar. 5 əsr geridə qalan həll üsulu kimi güc tətbiqinə əl atırlar. Ancaq, müasir siyasi nəzəriyyələr göstərir ki, güc hər zaman "boomerang" effekti verir. İranda da belə oldu. 4-cü aya yaxındır ki, həyata keçirilən siyasət özünü doğrultmur. Üsyana qalxan əhali İranı bütün dünyanın gözündən saldı. İndiyə qədər təkcə ABŞ və bir neçə ölkənin qınaq obyekti idi. 1988-ci ildə İranda edamları həyata keçirən şəxs İsveçdə ömürlük həbs cəzasına məhkum edilib".
Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib.
"Bu proseslərdə indiki prezident İbrahim Rəsinin də iştirak etdiyi ortaya çıxır. İran ən azı 35 il öncəki siyasəti yürüdür. Xüsusilə, gənclər edam olunur. Onların da əksəriyyəti türk kökənlidir.
İranda Allahın insanlara göndərdiyi müqəddəs kitabın ayələrinə belə əməl olunmur. Peyğəmbərimizin hədisləri kənarda qalıb, İranın cahil mollalarının verdiyi ayrı-ayrı fətvalarla idarə olunur. Nə Xomeyni, nə də Xomeneyi düz-əməlli din adamı deyillər. Verdikləri fətvalar özlərinin şəxsi, ailə maraqlarına uyğun olur. Ona görə də bu prosesin sürətlənməsi xalqın hakimiyyəti ələ alması ilə nəticələnəcək. İnanmıram ki, şah rejimi qayıtsın. Amma, bütün hallarda molla rejimi olmayacaq. Fransa ilə İran pərdəarxası dostdurlar. Ikisinin də mövqeyində ədalətsizlik var. Hər ikisi cəzasını alacaq".