"Prezidentin çıxışı Azərbaycanın qərarlılığından xəbər verir"- ÖZƏL
12 Yanvar 2023 11:50 Siyasət"Bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev yerli mətbuata müsahibə verdi.. Prezident görüşdə bir çox məsələlərdən, eləcə də Azərbaycanın Qafqaz siyasətindən danışdı. İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan Qafqazda inkişaf və tərəqqi tərəfdarıdır. Ancaq bunun üçün beynəlxalq hüquq əsas olmalıdır. Yəni Azərbaycanın suverenliyinin təmin edilməsi Azərbaycanın əsas prioritetidir".
Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib:
"Boşuna deyil ki, Azərbaycan prezidenti ordunun təkmilləşdirilməsi, xüsusən də, elit qoşun növlərinin sayının və hazırlığının artırılması, eləcə də hərbi-texniki inkişafın təmin edilməsi kimi məsələləri vurğuladı və bu, Ermənistanla onun havadarlarına verilmiş aydın mesaj idi. 10 Noyabr sazişinin şərtlərinə riayət etməyən tərəflər anlamalıdır ki, Azərbaycan tərəfi həmişə səbr nümayiş etdirmək məcburiyyətində deyil. O həmişə özünün güc istifadəsi yolu ilə suverenliyini təmin etmək imkanını saxlayır.
Düşünürəm ki, yaxın zamanlarda rəsmi Bakı öz hüquqlarını daha qabarıq və tələbkar şəkildə istəyəcək. Bu isə, güc istifadə edilməsini aktual məsələyə çevirir. Qarşı tərəf ancaq gücdən anlayır və onların növbəti dəfə cəzalandırılması şərt halını alır.
İrəvan siyasətini dəyişib, dinc əməkdaşlıq və qarşılıqlı hörmət əsasında Azərbaycanın hüquqlarını təmin etməsə, Bakı bunu güc yolu ilə edəcək."