Müasir hərbi-sənaye kompleksi dövlətin qüdrətini müəyyənləşdirən meyarlardır - ÖZƏL
12 Yanvar 2023 11:18 Siyasət"Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi bir daha göstərdi ki, dövlətimiz dünyada baş verən hadisə və prosesləri diqqətlə izləyir, dərindən təhlil edir və əvvəlcədən öz siyasətini bütün mümkün ola biləcək şəraitlərə uyğun müxtəlif variantlarda müəyyənləşdirərək ardıcıllıqla həyata keçirir. Müsahibədə ölkəmizdə hərbi-sənaye kompleksinin inkişafı və dünya silah satışı bazarında yer tutmaqla bağlı dövlət başçısımızın dediyi fikirlər bir zamanlar xəyal kimi görünənlərin gerçəkləşməsidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, müasir hərbi-sənaye kompleksi dövlətin qüdrətini müəyyənləşdirən meyarlardan, onun istehsal etdiyi silahların dünya bazarlarında satışı isə ən çox gəlir gətirən sahələrdən biridir. Həm də nəzərdən qaçırmayaq ki, dünya ölkələri ancaq ən müasir silahları almağa can atırlar. Deməli, yaxın illərdə həm ölkəmizin müdafiə qüdrəti müasir texnologiyalarla daha da möhkəmlənəcək, həm də dünya silah satışı bazarında fəal oyunçuya çevrilmək dövlət büdcəmizə böyük gəlirlər gətirəcəkdir: "Cənab Prezidentin sözləri belədir: "Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaqdır. Çünki birincisi, biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik. Əminəm ki, nəzərdə tutulan müəssisələrin bir neçəsi artıq bu il istehsala başlayacaq. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır. Amma buna böyük ehtiyac var. Ona görə biz bu bazarı doldurmalıyıq. Mən hesab edirəm ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik. Yəni, hər halda, bunu biz hədəfləmişik və buna doğru gedəcəyik".