İrəvanın iddiaları əsassızdır - ÖZƏL
21 Dekabr 2022 11:10 SiyasətRəsmi İrəvanın iddialar əsassızdır. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmənin həyata keçirilməsi barədə iddiaları dünya ictimaiyyətini çaşdırmaq məqsədli və böhtan xarakterli olduğundan heç bir həqiqəti əks etdirmir.
"OLAYLAR" xəbər verir ki, bu fikirləri YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov səsləndirib. O bildirib ki, baş verənlər, aksiya iştirakçılarının, hətta Xankəndidən olan sakinlərimizin öz doğma torpaqlarına buraxılmaması yolun azərbaycanlılar tərəfindən deyil, Rusiya Federasiyasının dırnaqarası sülhməramlı kontingenti tərəfindən bağlandığını bir daha sübut edir:
"Vətəndaş cəmiyyətinin nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərimizin qanunsuz istismarının və daşınmasının qarşısını almağa çalışırlar. Təcili tibbi yardım və digər humanitar məqsədli yüklər bu yolla maneəsiz daşınır və bu istiqamətdə heç bir problem yaşanmır. Bu günlərdə aksiya iştirakçılarına ictimai dəstək isə günbəgün artır. Ekologiya, geologiya və digər sahələr üzrə alimlər, ekspertlər, tələbələr, vətəndaş cəmiyyətinin təmsilçiləri aksiyaya qoşulur, səsləndirilən tələblərə dəstək verirlər".