Beynəlxalq birlik də Xankəndi-Laçın yolundakı aksiyaya dəstək verməlidir - ÖZƏL

"Hazırda bütün Azərbaycan xalqı, dünya azərbaycanlılarının diqqəti Xankəndi-Laçın yolunda vətəndaş cəmiyyəti nümayəndələrinin Qarabağdakı ekoloji terrora etiraz əlaməti olaraq keçirdiyi aksiyaya yönəlib. Bu aksiya həssas bir məsələyə həsr olunmaqla yanaşı, həm də Azərbaycan xalqının birlik və həmrəyliyini bir daha dünyaya göstərmiş oldu". Bu fikirləri "OLAYLAR"-a  Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, bu Azərbaycan xalqının haqlı tələbədir və bu tələbin yerinə yetirilməsi üçün təşkil olunan aksiyada hər bir azərbaycanlı iştirak etməyə can atır: "Bu həm də Vətən, dövlət, ərazi bütövlüyümüz uğrunda aparılan mücadilədir".

Emin Həsənli hesab edir ki, beynəlxalq aləm də Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin "Qarabağda ekoloji terrora yox!" şüarı altında keçirdiyi aksiyaya dəstək verməlidir: "Tərəqqipərvər dünya bilməlidir ki, ekoloji məsələ qlobal bir məsələdir. Ona görə də Qarabağda ekoloji terrorun baş verməsinə göz yummaq olmaz".

İctimai Birlik sədri deyir ki, Rusiya sülhməramlıları da bu məsələdə öz üzərilərinə düşən vəzifələri layiqincə icra etməli, Azərbaycanın hökumət nümayəndələrinin ekoloji monitorinq aparmasına şərait yaratmalıdırlar. Emin Həsənli əmin olduğunu bildirib ki, keçirilən aksiya ilə qarşıya qoyulan məqəsədə nail olunacaq: "Çünki artıq bütün dünyanın diqqətini bu istiqamətə, bu problemə cəlb edə bildik. Ona görə də hesab edirəm ki, qarşıya qoyulan məqsədə nail olunacaq. Bu qarşıya qoyulan məqsədə nail olmaq üçün gedən yolun dinc mərhələsidir. Azərbaycan xalqı öz istəyinə çatacaq və mübarizə müsbət sonluqla başa çatacaq. Onu da qeyd edim ki, bu aksiyanın Azərbaycanın mübarizə tarixində özünəməxsus yeri var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31