Sülhməramlılar Qarabağda sülhə deyil, şərə, erməni maraqlarına xidmət edir

Qarabağda yenə də arzuedilməz proseslər cərəyan edir. Ermənistanın üçtərəfli bəyanata əməl etməyərək Qarabağdakı qeyri-qanuni silahlı birləşmələri tərkisilah etməməsi, əksinə onları daha da revaşizmə sürükləməsi, bölgədə sülhə və təhlükəsizliyə zəmanət olacaq Rusiya sülhməramlılarının isə öz üzərilərinə düşən vəzifəni icra etməyib bütün bunları kənardan müşahidə etməsi, hətta yeri gələndə erməni maraqlarına xidmət edən addımlar atması gərginliyi hər ötən gün daha da artırır. Artıq dördüncü gündür ki, həm sülhməramlıların erməni maraqlarına xidmət edən fəaliyyətləri, həm  də Qarabağda həyata keçirilən ekoloji terrora etiraz olaraq Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri dinc aksiya keçirirlər. Aksiyanın nəticəsi olaraq Xankəndi-Laçın yolu bağlanıb və Qarabağ ermənilərinin İrəvanla əlaqələri kəsilib. Yaranmış vəziyyətə görə isə Azərbaycan cəmiyyəti haqlı olaraq sülhməramlılar və onların bağlı olduğu ölkəni, Rusiyanı günahkar bilir. Əgər Kreml vəziyyətin bu həddə gəlib çatmasını istəməsəydi sülhməramlılara ciddi tapşırıq verər və proseslərin tənzimlənməsinə nail olardı. Elə vətəndaş cəmiyyəti nümayəndələri də bu fikirdədir. "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı da hesab edir ki, burada əsas günahkar Rusiyadır və Moskvaya yerini göstərməyin zamanı yetişib: "Necə ki, İrana öz yerini göstərdik. Çünki İran uzun müddətdir ki, Azərbaycana qarşı açıq və ya gizli şəkildə iş aparırdı. Ancaq rəsmi Bakı öz diplomatik və siyasi mədəniyyətini nümayiş etdirərək buna susur, iki dövlət arasında hansısa problemin yaranmasını istəmirdi. Ancaq Azərbaycan tərəfinin bu diplomatik və siyasi mədəniyyətindən İran nəticə çıxarıb öz antiAzərbaycan siyasətini aradan qaldırmaq əvəzini bir qədər də həddini aşdı. Belə olan halda Azərbaycan da İrana qarşı adekvat addımlar ataraq molla rejiminə öz yerini göstərdi. Hesab edirəm ki, indi Rusiyaya da öz yerini göstərməyin zamanı yetişib".

Arzuman Muradlı qeyd edib ki, Rusiya da uzun illərdir bizə qarşı iş aparır, televiziyalarında bizə qarşı cəbhə açır. Ancaq biz siyasi mədəniyyətimizi nümayiş etdirərək istəmirik ki, Rusiya ilə münaqişəmiz meydana çıxsın: "Ancaq Azərbaycanın bu mövqeyi qarşılığında Rusiya da İran kimi həddini aşır. Baxmayaraq ki, Ermənistan, eyni zamanda Qarabağdakı separatçılar bir neçə dəfə Rusiyaya qarşı etiraz aksiyası təşkil edib, ancaq buna rəğmən Rusiya yenə də erməniləri müdafiə edir". Arzuman Muradlı Rusiyanın Ermənistana meyilli olmasını bu ölkədə bir neçə yüksək vəsifəli şəxsin erməniəsilli olması ilə əlaqələndirib: "Elə xarici işlər naziri Sergey Lavrovun erməni kökənli olduğu bildirilir. Eyni zamanda Kreml rəhbəri Vladimir Putin də ermənilərə meyilliliyi ilə seçilir. Bütün bunlara baxmayaraq Azərbaycan hər zaman münasibətlərin sağlam saxlanılmasının tərəfdarıdır. Bu ölkə ilə Azərbaycan arasında müttəfiqlik sazişi də imzalanıb. Ancaq dediyim kimi, bunların heç birini nəzərə almayan Rusiya Azərbaycana qarşı həddini aşır".

İctimai Birlik sədri deyib ki, bunu Qarabağda yerləşdirilən sülhməramlı qüvvələrin fəaliyyətindən də aydın  görmək mümkündür: "Gördüyümüz ki, həmin qüvvələr Qarabağda sülhə deyil, şərə, erməni maraqlarına xidmət edir. Əgər həmin qüvvələrin sülhə zidmət etməsi Rusiyanın marağında olsaydı, o zaman bir tapşırıqla onların  fəaliyyətində dönüş baş verər və şərə deyil, sülhə xidmət göstərərdilər. Azərbaycan vətəndaşlarının Qarabağa buraxılmaması, hökumət üzvlərimizin ekoloji monitorinq aparmaq cəhdinin qarşısının alınması deyilənlərin sübutudur. Buna nə ad vermək olar? Bunun yalnız bi9r adı var. Rusiya öz iç üzünü göstərir".

Arzuman Muradlı onu da bildirib ki, Rusiyanın bu cür mövqeyinə qarşı biz də adekvat addım atmalıyıq: "Necə ki, İrana qarşı eyni addım atıb molla rejimini öz yerində oturtduq"

İctimai Birlik sədri hesab edir ki, artıq Rusiyadan tərəfsiz vasitəçi ola bilməz: "Necə ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev "Makron heç bir görüşdə iştirak edə bilməz, o bu hüququ itirib" dedi, eynən Putin də həmin hüququ itirib. Ona görə də Kreml rəhbərinin artıq hansısa görüşlər təklifi, müzakirələr təşəbbüsü mənasızıdır. Düşünürəm ki, Azərbaycan Rusiyanın həmin təşəbbüslərinə müsbət cavab verməməlidir".

Arzuman Muradlı onu da bildirib ki, Rusiya hər zaman Azərbaycanın parçalamaq, onu küncə sıxmaq siyasəti həyata keçirib: "Birinci Pyotrdan, hətta ondan əvvəl başlanan bu siyasət təəssüflər olsun ki, bu gün davam edir".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31