Volkovun əli fırıldaqçı Vardanyanın şalvarının cibindədir

Ermənistan isə işarə ilə hərəkət edir

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların, QHT nümayəndələrinin və media təmsilçilərinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir. Xatırladaq ki, 10 noyabr bəyənatına əsasən Rusiya sülhmərmalıları erməni silahlılarının  Azərbaycan ərazisindən çıxarılmasını təmin etməli idi. Lakin fakt ondan ibarətdir ki, sülhməramlılar üzərlərinə düşən vəzifələri icra etmək əvəzinə ermənilərin ərazimizdə ekoloji terrror törətməsinə göz yumurlar. Vəziyyət o həddə çatıb ki, hətta xarici şirkətlərin Azərbaycan ərazinidə ekoloji teror törətməsinə şərait yaradılır. Bu kimi hallar nəzərə alınaraq İqtisadiyyat Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri bir müddət öncə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı monitorinq keçirmək qərarına gəliblər. Çox təəssüf ki, erməni təxribatı   nəticəsində bu istək  baş tutmayıb. Sülhməramlıların Azərbaycana qarşı təxribatlara göz yumması haqlı olaraq etirazlara səbəb olub. Məhz bu amil nəzərə alınaraq Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəalı Şuşa şəhərinin girişində - Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz aksiyasına start veriblər. Maraqlıdır, ərazilərimizdə təbii sərvətlərin qanunsuz istifadəsini monitorinq edən hakimiyyət orqanlarımızın nümayəndələrinin korrupsioner Vardanyanın və Rusiyanın müvəqqəti sülhməramlı qüvvələrinin komandanı general Volkovun qurduqları birgə oyun nəticəsində mədənlərə buraxılmaması, bunun ardınca sülhməramlıların Laçın-Xankəndi yolunu bağlaması hansı məqsədlər daşıyır və belə fəaliyyətin sülhməramlı hərbi qüvvələr adı ilə əlaqəsi varmı?

Millət vəkili Musa Qasımlı qeyd edib ki, bu sualın cavabı əslində tam aydındır. Amma təkrar olsa da, bundan ötrü müvəqqəti hərbi kontingentin ərazilərimizə yerləşdikdən sonrakı fəaliyyətinə qısa bir nəzər yetirmək vacibdir: "Sülhməramlı qüvvələrin dünya ölkələrindəki tarixi təcrübəsi göstərir ki, onların başlıca məqsədi qarşıdurmaya, qan tökülməsinə yol verməmək, insanları bir-birinə yaxınlaşdırmaq, etimad mühiti yaratmaq üçün tədbirləri həyata keçirməkdir. Bəs Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərimizdə fəaliyyəti bu tələblərə cavab verirmi?  Bu sualın da cavabı aydındır. Qətiyyən yox! Baş verən bütün qanunsuz hərəkətlər üçün məsuliyyət müvəqqəti yerləşmiş Rusiyanın sülhməramlı adlanan hərbi kontingentinin komandanının və onun rəhbərlərinin üzərinə düşür. İlk növbədə, indiyədək üçtərəfli bəyanatın aşağıdakı konkret tələbləri yerinə yetirilməyib: erməni silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmayıb; Ermənistanın və havadarlarının təqsiri üzündən Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqə qurulmayıb;  Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası həyata keçirilməyib; sülh sazişi imzalanmayıb. Bu məsələlərin yerinə yetirilməsində Ermənistanla müstəqil deyildir, işarə ilə hərəkət edir. Onun himayədarları nə vaxtsa əlverişli şəraitin  yaranacağı və ya "bəlkə də qaytardılar" xəyalları ilə yaşadıqları üçün  prosesləri rezin kimi uzatmaqla məşğuldurlar. Bütün bunlar azmış kimi sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan  ərazilərimizdə qanunazidd, cinayətkar fəaliyyətlər həyata keçirilir. Konkret olaraq: ərazilərimizə Ermənistandan terrorçular və xarici ölkə vətəndaşları qanunsuz daxil olurlar; silah və sursat daşınır; ermənilərin Ermənistana getmələrinin qarşısı zorla alınır; qanunsuz miqrasiya həyata keçirilir; ağır vəziyyətdə yaşayan ermənilərin dirçəliş işlərini həyata keçirən azərbaycanlılarla yaxınlaşmasının qarşısı alınır; ermənilər və azərbaycanlılar arasında münasibətlərin yumşaldılmasından ötrü heç bir şey edilmir, əksinə düşmənçiliyi dərinləşdirməkdən ötrü bildirilir ki, guya erməniləri azərbaycanlılardan Rusiya hərbi kontingenti qoruyur; blokpostları qurmaqla onları tədricən sərhəd xəttinə çevirmək üçün zəmin hazırlanır; ərazidə qanunsuz olaraq kilsələr tikilir, qondarma icma yaratmaq üçün fəaliyyətlər həyata keçirilir; təbii sərvətlərin qanunsuz talanmasına, ekologiyaya vurulan ziyana göz yumulur; Laçın-Xankəndi yolu özlərini sülhməramlı adlandıran, əslində isə düşmənçiliyi dərinləşdirən qüvvələr tərəfindən bağlanılır və sair".

Millət vəkili bildirib ki,  Rusiya müvəqqəti hərbi kontingenti yolu bağlamaqla deyir ki, ermənilər, sizin düşmənləriniz azərbaycanlılardır və biz sizləri guya azərbaycanlılardan qoruyuruq: "Əslində isə Xankəndidə yaşayanlar da bizim vətəndaşlarımızdır. Azərbaycanlıların onlarla haqq-hesab çəkmək niyyəti yoxdur, əgər olsaydı, 44 günlük Vətən müharibəsində çoxdan etmişdi. Elə isə general Volkov niyə belə hərəkətlər edir? Öz rəhbərliyinin tapşırıqlarını yerinə yetirir. O, rus xalqının pullarını oğurlamış fırıldaqçı Vardanyanın şalvarının cibindədir və xirtdəyinə qədər çirkaba bulaşıb. Volkov düşmənçiliyi qızışdıraraq erməniləri guya qorumaq adı altında əslində ilk növbədə, imperiya siyasətini təmin etməyə çalışır. Ermənistanın gələcəyi qonşuları ilə dil tapıb keçinməkdən keçsə də, hərbi kontingentin etdikləri  İrəvanı qorxudaraq, ondan bir vasitə kimi istifadə edərək Cənubi Qafqazda Rusiyanın qalmasını təmin etməyə  yönəlib. Rusiya Cənubi Qafqazda iki yolla qala bilər: Birincisi, maliyyə, kapital qoymaqla. İkincisi, çarizm dövründən qalan ənənəni davam etdirərək parçala və hökm sür siyasəti, münaqişələr yaradıb, özünü sülhpərvər kimi sırıdıb hərbi güc yolu ilə. Rusiyanın müstəmləkəçilik siyasətində hər hansı bir əraziyə maliyyə, kapital qoyuluşu ilə daxil olmaq ənənəsi yoxdur. Və bu gün də Rusiyanın maliyyə, kapital imkanları mövcud deyildir. Rusiya daim sümürgəçiliklə məşğul olub. Deməli, Qafqazda qalmasının və ya buraya qayıtmasının yolu nifaq yaratmaqdan, özünü barışdırıcı kimi göstərməkdən keçir. İmperiya təfəkkürlü adamlar belə hesab edirlər ki, əgər ermənilərlə azərbaycanlılar mehriban bir şəraitdə yaşayarlarsa, Ermənistan və Azərbaycan arasında normal dövlətlərarası münasibətlər olarsa, onda bu regionda üçüncü qüvvəyə ehtiyac qalmaz. Laçın-Xankəndi yolunu bağlayan sülhməramlıların əsl məramı da elə budur: parçala və hökm sür. Baş verənlər Cənubi Qafqaz uğrunda son çırpıntıların işarəsidir. Tarixən belə çırpıntılardan sonra son nəfəs, çöküş və ölüm gəlib. Tarix isə təkrar olunur".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31