İran Azərbaycanla sərhəddə müəyyən şübhəli addımlar atmaqla Azərbaycanı qorxutmağa çalışır- ÖZƏL

"Hadisələr göstərir ki, İranın Azərbaycana münasibəti, apardığı siyasət, formaca dostluq donuna büründürülsə də, əslində, Azərbaycanın dövlət mənafelərinə dost münasibəti sayılmayan bir siyasətdir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib:

"İran müstəqilik əldə olunandan indiyə qədər Azərbaycanın dövlət maraqları ilə ürəkdən barışmayıb və Azərbaycanın dövlət mənafelərinə uyğun olan bütün proseslərə münasibətdə, apardığı siyasətdə ancaq və ancaq özünü  düşünüb. Açıq-aşkar Azərbaycanın müstəqil dövlət kimi güclənməsi, möhkəmlənməsi İranın maraqları  çərçivəsində olmayıb. Biz bunu 30 il davam etmiş erməni işğalları dövründə, erməni təcavüzünün başlanğıcında və erməni təcavüzünə son qoyduğumuz müharibə günlərində, eləcə də, müharibədən sonrakı dövrlərdə açıq-aşkar gördük. Əgər İran bir dəfə də olsun Ermənistanın Azərbaycana qarşı ərazi iddialarında olan bir ölkə kimi pisləsəydi və onu Azərbaycana qarşı təcavüzkar ölkə adlandırmış olsaydı, biz heç vaxt İranla bağlı belə düşüncədə olmazdıq. Məsələ budur ki, Qərb ölkələri əgər Ermənistanı açıq təcavüzkar kimi tanımaqdan bəlli səbəblərə görə imtina edirdilərsə, İranın özü də özü üçün məlum səbəblərə görə Ermənistana təcavüzkar deməkdən həmişə çəkinib. Halbuki, İran Qərb ölkələrinin siyasəti ilə heç vaxt barışmayıb və özünün guya islam din dəyərlərinə söykənərək Qərb ölkələrini ikiüzlülükdə, yalançılıqda iddia edib.  Amma özü isə Ermənistanın təcavüzünə münasibətdə Qərb ölkələrindən heç də fərqlənməyən bir siyasət nümayiş eltdirib. 

Hər kəsin yadındadır ki, 1992-ci ildə Ermənistan hətta Azərbaycanın sərhədlərinə müəyyən qoşun hissələrin toplamış və o zaman hərbi manevrlər keçirirdi. Sonradan aparılan təhlillər sübut edir ki, İranın 1990-cı illərin əvvələrində Azərbaycanın sərhədlərində aktivləşməsi, fəallaşması heç də Azərbaycana kömək və dəstək məqsədi daşımırdı. Bu əslində müəyyən mənada Ermənistanın hərəkətlərinə dəstəkdir. İkincisi isə, İranın dərin dövlət dəhlizlərində belə bir gizli niyyət və düşüncə var idi ki, guya müstəqiliyini müəyyən etmiş Azərbaycan dövləti özünün müstəqilliyinin möhkəmləndirməyə macal tapmadan müəyyən hissələrə parçalanacaq, onun böyük bir hissəsini Ermənistan götürəcək, cənub hissələri öz müstəqiliyini elan eləyib və Azərbaycanın qalan hissələrini isə İran öz cənginə keçirə bilər. Belə bir şəraitdə İranın əslində 1990-cı illərin əvvəllərində dərin qatlarda apardığı siyasətin mahiyyəti Azərbaycanın bölüşdürülməsinə hazırlıq görməkdən və bu bölüşdürmədən özünə pay götürməkdən ibarət idi. Eləcə də, müharibə illərində Azərbaycanın təcavüzə məruz qaldığı ilə bağlı İrandan bir dəfə də olsun birmənalı siyasi bəyanat eşitmədik. Sadəcə bəzi hallarda islamın, müsəlmanların təcavüzə məruz qalmaları ilə bağlı fikirlər eşidirdik ki, bu da əslində Ermənistanın mənafeyinə uyğun idi. Çünki Azərbaycan dini təcavüzə məruz qalmış ölkə deyildi. Ermənistan Azərbaycana dini təcavüz yox, ərazi iddiaları ilə siyasi təcavüz etmiş bir ölkə idi və bunun adı da elə siyasi təcavüz idi. Halbuki Ermənistan dünya miqyasında bu münaqişənin mahiyyətini dini münaqişə kimi qələmə verməyə çalışırdı ki, guya bu xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında gedən davadır. Əslində bunun dini qarşıdurma ilə heç bir əlaqəsi yox idi. Sadəcə Ermənistanın Azərbaycana siyasi təcavüzü və ondan törəyən hadisələr idi.

44 günlük Vətən müharibəsində də biz İranın bəzi davranışlarını gördük. Hətta Azərbaycan sərhədboyu ərazilərdə Ermənistan qoşunlarının ağzından vurub geri qaytarmağa hazırlaşdığı bir vaxtda biz İran qoşunlarının Azərbaycanla sərhəddə şübhəli tərpənişlərini müşahidə etdik. Erməni təcavüzünün davam etdiyi 30 il ərzində Azərbaycanın cənub-qərb rayonları ilə İranın sərhədlərində heç bir İran hərbi qüvvələrinin yerləşdirilmədiyi və həmin sərhədlərə İran tərəfindən heç bir nəzarət edilmədiyi halda. Amma müharibədən dərhal sonra birdən-birə bu sərhədlərdə İranın güclü hərbi birləşmələri peyda oldu və guya bu sərhədləri Azərbaycandan qoruyurmuşlar kimi bir görüntü yaratmağa başladı. 

İranın 90-cı illərin əvvəllərində Azərbaycanla sərhəddə hərbi fəallığının manevrlərinin ayrı bir pərdəaltı mənası görsənir. İndiki sərhədyanı hərbi əməliyyatların isə başqa mənası görsənir. 90-cı illərin əvvəllərində İran Azərbaycanla sərhədlərdə bu cür aktivlik və fəallıq nümayiş etdirməklə əslində Azərbaycanın müstəqil bir dövlət kimi möhkəmlənməsinin qarşısını almaq, Azərbaycanın gözünü qorxutmaq və erməni təcavüzünün dərinləşməsinə şərait yaratmaqla ən sonda Azərbaycanın bölüşdürülməsində iştirak etməyə hazırlaşırdı ki, bir hissəni Ermənistan alsın, bir hissəsini Rusiya götürsün, başqa bir hissəni isə tarixən guya İranın əraziləri olduğu üçün İrana birləşdirsinlər. Amma indiki hərbi əməliyyatların, sərhədyanı fəallıqların isə ayrı mənası var. Bu elə bir vaxtda törədilir ki, Azərbaycan artıq təcavüzkar Ermənistanın nəfəsini kəsib, onu öz mağarasına sıxışdırıb və belə şəraitdə qarşıda dayanan əsas vəzifə kapitulyasiya şərtləri ilə Ermənistana sülh sazişini bağlamaqdır. Bu şəraitdə İran Azərbaycanla sərhəddə müəyyən şübhəli addımlar və tərpənişlər etməklə Azərbaycanı qorxutmaq, Azərbaycanı Ermənistanla sona qədər prinsipial və cəsarətli davranışlardan çəkindirmək, beləliklə bu bölgədə müstəqil dövlət kimi daha da möhkəmləndirilməsinin qarşısını almağa çalışır. İndi kim bu mülahizələrlə razı deyilsə, sübut etsin və İranı bizim gözümüzdə müstəqil, güclü Azərbaycanın dostu olan bir dövlət kimi təmizə çıxartsınlar".

Röyalə  Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31