“Siyasi partiyalar haqqında” qanun layihəsi bizə nə verəcək?

Ölkə parlamenti tərəfindən qəbul ediləcəyi gözlənilən "Siyasi partiyalar haqqında" qanun layihəsilə bağlı bir neçə dəfə ictimai dinləmə keçirilib. Buna baxmayaraq, cəmiyyətdə layihə haqqında fikir müxtəlifliyi var. Bəs, əslində  sözügedən qanundan gözləntilər hansılardır. Əməkdar jurnalist, siyasi şərhçi Elçin Mirzəbəyli qeyd edib ki, səs-küyü sosial şəbəkələri və bəzi media resurslarını başına götürən bəzi xroniki narazılardan və müxtəlif platformalarda daha "ağıllı görünmək" üçün dəridən-qabıqdan çıxanlardan  fərqli olaraq, qanun layihəsini bir neçə dəfə oxumuşam. Elə bu yazını kompüterin "ağ vərəqinə" köçürdüyüm zaman kəsiyində də sənəd gözümün önündə olacaq: "Mətləbə keçməzdən öncə, qanun layihəsinin dilinin səlisliyinə və sadəliyinə görə müəlliflərə dərin minnətdarlığımı bildirirəm. Layihədə dilimizin bütün qanunlarına yüksək peşəkarlıqla əməl edilib, dolaşıq, ziddiyyətli və anlaşılmaz ifadələrə yer verilməyib. Əsas anlayışların izahı isə təhsilindən, peşəsindən asılı olmayaraq, hər bir kəsə qanun layihəsini hüquqi yardıma ehtiyac duymadan qavramasına imkan yaradır. İndi isə qanun layihəsi ilə bağlı ictimai müzakirələr zamanı ən çox toxunulan məqamlara diqqət çəkmək istəyirəm. Nəzər salacağım ilk məqam, ən çox müzakirə predmeti olan məsələ - yeni təsis olunan siyasi partiyanın üzvlərinin sayı ilə bağlıdır. Ölkə əhalisinin sayını nəzərə alsaq, yeni təsis edilən siyasi partiyaya 10 min üzv tələbi, mahiyyət etibarilə çox olmasa da, ölkəmizdə çoxpartiyalı sistemin yetərincə inkişaf etmədiyini, bu sahədə çoxsaylı institutional problemlərin hazırda qüvvədə olan qanunun qəbul edildiyi zamandan mövcud olduğunu nəzərə alsaq, bu say müəyyən zaman kəsiyi üçün aşağı endirilə bilər. Yəni keçid müddəalarında tələb qoyula bilər ki, məsələn, siyasi partiyalar 5 il ərzində öz üzvlərinin sayını 10 min nəfərə çatdırmalıdırlar. Toxunmaq istədiyim və təbii ki, ən çox müzakirə olunan məsələlərdən biri də siyasi partiya üzvlərinin reyestrinin tərtib edilməsi ilə bağlıdır. Doğrusu, hətta müzakirələrin gedişi zamanı da, hüquqi biliklərinə və analitik təhlil qabiliyyətlərinə şübhə etmədiyim insanların bu məsələyə lazım gəldiyindən daha çox vaxt ayırmalarına təəccübləndim. Siyasi partiya funksioneri kimi fasiləsiz 22 illik təcrübəmə söykənərək bildirirəm ki, siyasi partiyaların üzvlərinin reyestrinin tərtib edilməsi real siyasi fəaliyyətlə məşğul olmaq istəyən istənilən siyasi partiya üçün faydalı və zəruridir.  Buna etiraz edən şəxslərə, xüsusilə də siyasi partiya rəhbərlərinə sadə bir sualım var: Sizə "ölü canlar" lazımdır, yoxsa real partiya üzvləri? Partiya mənsubiyyətini gizlədən bir şəxsin üzv olduğu partiyaya və onun ideyalarının təbliğinə hansı faydası dəyə bilər? Siyasi partiya üzvü siyasi iddiası olan və bunu ideyalarını qəbul etdiyi siyasi partiya vasitəsi ilə gerçəkləşdirmək istəyən şəxsdir. Yəni partiya üzvü bu və ya digər siyasi partiyanın rayon təşkilatlarının ümumi yığıncaqlarında, konfranslarında iştirak edir, qurultay nümayəndələrini seçir, qurultay nümayəndəsi olduğu halda partiyanın rəhbər və seçkili orqanlarının seçilməsində səs və söz sahibi olur, siyasi partiyanın seçkili orqanlarında təmsil olunmaq, hətta partiyanın sədri olmaq imkanı qazanır. Bu baxımdan, siyasi partiya üzvləri təmsil olunduqları partiyanın işində fəal iştirak edən insanlar olmalıdır, adı siyasi partiyanın üzvlərinin sayını çox göstərmək üçün qapalı siyahılarda yer alan şəxslər yox. Əgər kimsə partiya mənsubiyyətini gizli saxlamaq istəyirsə, deməli, ya qeyri-səmimidir, ya fərqli niyyəti var, ya da üzv olduğu siyasi partiyaya və ilk növbədə özünün siyasi fəaliyyətinə ciddi yanaşmır".

Siyasi şərhçi qanun layihəsində əksini tapmış daha bir məqama toxunub: "Yaxın siyasi tariximizdə öz cinayət əməllərini "siyasi çətir" altında gizlətmək üçün bu və ya digər siyasi partiyaya üz tutan insanlarla bağlı çoxsaylı faktların olduğunu, siyasu proseslərdə fəal iştirak edən hər kəs bilir. Məsələn, hər hansı bir şəxs dələduzluqla və ya başqa bir cinayət əməli ilə məşğul olub, daha sonra isə konkret cinayət əməlinə görə təqib olunma faktını siyasiləşdirmək üçün bu və ya digər siyasi partiyaya üzv olub, hətta siyasi partiyaların mövcud durumunu və reallıqları nəzərə alsaq, qısa müddətdə seçkili orqanlarda təmsil olunmaq hüququ da qazanıb. Belələrinin adları reyestrdə olduğu halda, siyasi partiya rəhbərliyinə onların konkret cinayət əməlləri, yaxud siyasi partiyanın nüfuzuna xələl gətirə biləcək davranışları ilə bağlı məlumat verilə bilər. Bu isə arzuolunmayan hər hansı bir şəxsin siyasi partiyanın rəhbərliyində təmsil olunmasının, həmçinin təmsil olunduğu partiyanın nüfuzundan öz əməllərinin ört-basdır edilməsi üçün istifadə etməsinin, qanunsuz əməllərini siyasiləşdirməsinin qarşısını ala bilər.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, siyasi partiya üzvlərinin reyestrinin tərtib edilməsi, siyasi partiya üzvü üçün onun partiya mənsubiyyətinə görə, subyektiv qərarların hədəfinə çevrilməsinə zəmin yaratmır. Çünki qanun layihəsinin 21.4-cü maddəsində imperativ şəkildə qeyd olunur ki,  "özü barədə rəsmi məlumatların təqdim edilməsi zamanı şəxsdən siyasi partiyadakı üzvlüyünə və ya üzvlüyünün olmamasına dair məlumatın göstərilməsinin tələb edilməsinə yol verilmir". Qanun layihəsinin ən önəmli cəhətlərindən biri sənədin partiyadaxili demokratiyanın inkişafı üçün hüquqi əsaslar yaratmasında, kollektiv idarəçiliyi təşviq etməsindədir. Qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, siyasi partiyaların təmərküzləşməsinə, birləşmələrinə töhfə verəcəyi barədə deyilənləri isə bölüşmürəm. Ona görə ki, qanun hüquqi bazadır, çərçivədir, siyasi qərarlara təsir etmək üçün vasitə deyil. Azərbaycandakı siyasi partiyaların birləşməsinə gəldikdə isə, ölkədəki siyasi reallıqlara bələd olduğum, partiya liderlərini, funksionerlərini yaxşı tanıdığım üçün indiki mərhələdə bunun mümkün olmadığını düşünürəm. Çünki siyasi partiyaların əhəmiyyətli hissəsi ideoloji platformalar üzərində deyil, konkret şəxslər ətrafında yaradılıb. Əksər siyasi partiyaların rəhbərləri həmin partiyaların seçkili orqanlarının rəhbərləri deyil, "sahibləri"dir. Reallıq belədir! Bu baxımdan, partiyadaxili demokratiyanı inkişaf etdirmədən, siyasi fəaliyyətə və siyasi partiya üzvlüyünə real məzmun vermədən Azərbaycanda real siyasi güc mərkəzlərinin yarana biləcəyinə böyük ümidlər bəsləmirəm. Bununla yanaşı, hesab edirəm ki, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul edilməsi dövrün tələbidir, sosial sifarişdir. Zənnimcə, sənədə ölkədə çoxpartiyalı sistemin inkişafı ilə bağlı həyata keçirilən islahatların tərkib hissəsi kimi yanaşıldıqda, əlavə suallara bir o qədər də yer qalmır. Eyni zamanda, qanun layihəsinin ayrı-ayrı müddaəlarından daha çox, onun hüquqi fəlsəfəsinə diqqət yetirməyi zəruri hesab edirəm. Qənaətimə görə, yalnız bu halda, qanun layihəsinin əhəmiyyətini daha dərindən anlamaq mümkündür. Azərbaycanın siyasi mühitini 90-cı illərin ab-havasından və siyasi sistemin inkişafına mane olan ziddiyyətlərdən, siyasi proseslərə, faəliyyətə, idarəçiliyə yanaşma tərzindən, üslubundan təmizləmək lazımdır. Şübhəsiz ki, bunu inzibati yollarla həyata keçirmək mümkün olmayacaq, amma bu prosesin stimullaşdırıması zərirudir. Hazırda, ölkədə 60-a yaxın siyasi partiya var. Onların bir çoxunun sədrlərini belə ölkə vətəndaşlarının mütləq əksəriyyəti tanımır. Ölkənin siyasi həyatında iştirakları, ən yaxşı halda uzunmüddətli fasilələrlə verdikləri bəyanat və müraciətlərdən başqa, heç bir müstəvidə nəzərə çarpmır. Amma danışdırsan, özlərini "dünya lideri" səviyyəsində gördükləri bəlli olacaq. Ölçü, məsuliyyət hissi yox, özgüvən isə, üzrlü sayın, bəzən az qala şizofrenik həddə çatır. İndi ətraflarında yaratdıqları, real üzvlərinin sayı ən yaxşı halda 2-3 nəfər olan - "partiya" yazmağa əlim gəlmir - təsisatları "dədəsinin mülkü" sayan əlahəzrət sədrləri birləşməyə dəvət etsən, daş atıb başlarını tutacaqlar. Hər biri onminlərlə üzvünün, yüzminlərlə, bəlkə də milyonlarla tərəfdarının olduğunu deyəcək, şərtlər, tələblər irəli sürəcək, hansısa absurd təminatlar istəyəcək... Və guya birləşsələr nə baş verəcək ki? Nə verəcəklər ölkənin siyasi mühitinə? Hansı dinamikanı gətirəcəklər? Siyasi partiyalar cəmiyyətin ideya generatorları olmalıdır, pəli qırıq yel dəyirmanları ilə "savaşan" don kixotları yox.  Birdə ki özünü "dünya lideri" sayan - şərti olaraq deyirəm - 5 "Novruzəli" bir araya gəlsə nə olacaq, gəlməsə nə olacaq? Son 30 il ərzində bu ölkənin siyasi səhnəsində onlarla birləşmənin, parçalanmanın, ən müxtəlif adlar altında yaradılan birlik və ittifaqların şahidi olan biri kimi deyirəm, bu "vitrin"lə ölkənin siyasi həyatına yeniliklər gətirə, cəmiyyətə, dövlətə faydalı ola biləcək kimsəni aktiv siyasi fəaliyyətə cəlb etmək mümkün deyil. Hansısa qrant vəsatlərini, yaxud "ciblər"dən, "maraqlar"dan ötürülən pulları mənimsəmək üçün yaradılan "birlik", "ittifaq" və "blok"ların son görüntüsü isə masa üzərindəki külqabılarda tüstülənən siqaret kötüklərindən, üzərinə anlaşılmaz nələrsə yazılmış kağız qırıntılarından ibarət olacaq".

Onun sözlərinə görə, yeni qanun uzun-uzadı müzakirələr aparılmadan qəbul olunmalı, islahatlar davam etdirilməli, ölkənin siyasi arenası Azərbaycanın müasir obrazına, inkişaf dinamikasına, hədəflərinə uyğunlaşdırılmalıdır: "Son olaraq, diqqət çəkmək istədiyim bir məqam da siyasi partiyaların proqramları ilə bağlıdır. Qanun layihəsində siyasi partiyaların proqramları ilə əlaqədar xüsusi tələbin yer almasını, istisnasız olaraq, dəstəkləyirəm. Daha öncə də qeyd etdiyim kimi partiyalar ideoloji platformalar üzərində qurulmalıdır. Yalnız fərqli ideyaların axını və rəqabəti cəmiyyətin inkişafına töhfə verə, siyasi həyata dinamika gətirə bilər. Məsələnin hüquqi tərəfini deyə bilmərəm, amma düşünürəm ki, qanunda siyasi partiyaların proqramlarında onların ideoloji istiqamətləri ilə bağlı konktret terminlərin yer alması tələbinin qoyulması da pis olmazdı. Çünki Azərbaycanda bu məsələ ilə bağlı "ara qarışıb, məzhəb itib". Adlarında və istinad etdikləri nəzəriyyələrdə sol, sol mərkəzçi ideyaların daşıyıcısı olanlar özlərini sağ, liberalizmi təbliğ edənlər mühafizəkar təmayüllü partiya elan edirlər və s. və il... Məsələn, "xalqçılıq", yaxud "təsanüdçülük" sol siyasi platformalara məxsus istiqamətlərdir. Amma özlərini bu ideyaların daşıyıcısı elan edənlərə "solçu" desən, gözünü çıxararlar. Çoxpartiyalı sistemin inkişaf etdiyi əksər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da siyasi fəaliyyətin nəzəri və praktik əsasları real məzmun kəsb etməli, siyasi partiyalar cəmiyyətin inkişafında aparıcı platformalara, beyin mərkəzlərinə çevrilməlidirlər".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31