Hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsas əlamətlərindən biri insanlarda siyasi mədəniyyətin tərbiyə edilməsidir
11 Noyabr 2022 10:58 SiyasətSon illər Azərbaycanda müşahidə edilən müsbət tendensiyalardan biri də siyasi sahədə islahatların həyata keçirilməsi və bu islahatların fonunda ölkədə siyasi konfiqurasiya, siyasi mədəniyyətin formalaşmasıdır. Bu gün üçün təqdir olunan siyasi mədəniyyətin formalaşmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsiz olub. Hüquqşünas Əli İbrahimov bu barədə danışarkən deyib ki, Azərbaycanda siyasi mədəniyyətin formalaşması prosesində Ulu Öndər Heydər Əliyevin nəzəri və praktiki siyasi fəaliyyəti olduqca böyükdür. Azərbaycanda siyasi mədəniyyət plüralizmin geniş spektrini əhatə edərək formalaşmışdır. Hələ vaxtilə Ulu Öndər Heydər Əliyevin vətəndaş cəmiyyəti uğrunda etdiyi çağırışlar və apardığı siyasət Azərbaycanda müasir vətəndaş cəmiyyətinin formalaşmasını sürətləndirdi. Sovet totalitarizmindən çıxmış Azərbaycan cəmiyyətinin yeni siyasi mədəniyyəti formalaşmağa başladı. SSRİ-nin dağılması prosesində ən gərgin şəraitlərlə üzləşmiş Azərbaycanda siyasi mədəniyyət stabil şəkil aldı. Bu siyasi mədəniyyətin formalaşmasını şərti olaraq 3 mərhələyə bölmək olar: 1992-1999-cu illər, 2000-2005-ci illər, 2005-ci ildən başlanan mərhələ".
Onun sözlərinə görə, əsasən, Azərbaycanın müstəqillik əldə etməsindən sonra formalaşan siyasi mədəniyyət azərbaycançılıq kontekstində özünün fərqli xüsusiyyətləri ilə seçilir: "Azərbaycanın siyasi mədəniyyəti özünün dövlətçiliyə möhkəm sədaqət, rəhbərin güclü tərəflərini tez müəyyənləşdirmək və populizmə tez məruz qalmamaq məharəti ilə seçilməyə başlamışdır. Azərbaycançılıq ideyasının bu prosesdə xüsusi rolu vardır".
Əli İbrahimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində prezident seçkilərini yeni siyasi mədəniyyətin formalaşması kimi xüsusi qeyd etmişdir: "Sözsüz ki, yeni siyasi mədəniyyət kontekstində bu seçkilər heç bir müdaxilə olmadan keçirildi. Azərbaycanda siyasi mədəniyyətin formalaşması həm də cəmiyyətin siyasi cəhətdən yeniləşməsi səviyyəsi ilə ölçülməlidir. Müasir Azərbaycanın sosial-siyasi həyatında əsaslı islahatlar həyata keçirilməkdə və ölkə müasirlik yolunda böyük uğurlar əldə etməkdədir. Nəticə etibarilə yeni siyasi mədəniyyət formalaşmışdır. Azərbaycan ictimaiyyətinin siyasi mədəniyyət səviyyəsinin göstəriciləri artıq müəyyən dəyərlərə ehtiramı ilə seçilir. Bu dəyərlərdən ən mühümü də Heydər Əliyev fenomenidir".
Əli İbrahimov onu da deyib ki, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsas əlamətlərindən biri insanlarda siyasi mədəniyyətin tərbiyə edilməsidir: "Vətəndaş cəmiyyəti bir ideya kimi siyasi mədəniyyət çərçivəsində formalaşmışdır. Politoloji elmə "siyasi mədəniyyət" terminini ilk dəfə XVII əsrdə alman filosofu İohan Herder gətirmişdir. O özünün "Bəşəriyyətin fəlsəfə tarixi ideyaları" əsərində siyasət və mədəniyyətin qarşılıqlı təsiri məsələsinə toxunmuş, "siyasi mədəniyyət", "yetkin siyasi mədəniyyət" və "siyasi mədəniyyətin daşıyıcıları" anlayışlarının siyasi-politoloji mahiyyətini tədqiq etmişdir. Siyasi mədəniyyət mücərrəd bir proses kimi, məkan və zamandan asılı olmayaraq, formalaşmır. Sosial reallıq, cəmiyyətdəki və şəxsiyyətlər arasındakı münasibətlər, mənəvi və əxlaqi dəyərlər sistemi, ictimai rəy və ənənələr siyasi mədəniyyətin formalaşmasına təsir göstərən amillərdir. Siyasi mədəniyyət sistem daxilində siyasi təsisatların qarşılıqlı münasibətlərini, eləcə də, onların sosial sistemin başqa ünsürləri ilə əlaqələrini normalar, dəyərlər, ənənələr vasitəsilə tənzimləyir. Siyasi mədəniyyətin inkişafının ən mühüm şərtlərindən biri siyasi plüralizmin həyat normasına çevrilməsinə geniş imkan yaradılması və digəri aşkarlığın genişlənməsidir. Yüksək səviyyədə inkişaf edən siyasi mədəniyyətli cəmiyyətlərə aşkarlıq və plüralizm, şəxsiyyətin yüksək siyasi mədəniyyəti, siyasi fəallıq, xalqın siyasi həyatda iştirakının təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması və s. xasdır. Deməli, siyasi mədəniyyət yalnız bilik və inam şəklində deyil, habelə, vərdiş və davranış normaları, onların siyasi həyatda tətbiq olunmasını bacarmaq şəklində mövcuddur. Xalqın müxtəlif səviyyələrdə siyasi fəaliyyətdə iştirakı idarəetmənin demokratik stilinin yaranıb formalaşmasına səbəb olur. Siyasi mədəniyyətə tələbat siyasi biliklərə və siyasi informasiyalara olan tələbatdır. Politoloqlar siyasi mədəniyyətin funksiyalarından bəhs edərkən göstərirlər ki, siyasi mədəniyyətin funksiyaları onun digər aspektləri qədər mübahisə doğurmur. Əksər tədqiqatçılar siyasi mədəniyyətin aşağıdakı funksiyalarını qəbul edirlər: dərketmə, qnoseoloji, evristik (tərbiyəvi), varislik, ətraf mühitin qorunması, requlyativ-akseoloji (sərvət)".
Süleyman