"Bu qələbə təkcə 30 illik işğalın yox, 200 illik erməni düşmənçiliyinin cavabı idi"

Yalçın Hacızadə: "Müharibənin gedişi müddətində Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm cəhbədəki prosesləri idarə edir, həm də Baş diplomat kimi  işin informasiya, xarici siyasət tərəflərini də uğurla həyata keçirirdi"

Azərbaycanın tarixi zəfərə imza atmasından iki il keçir. Məhz iki il əvvəl, bu günlərdə Azərbaycan Silahlı Qüvvələri xalqımıza, millətimizə qələbə sevincini yaşatdı. Həmin tarixi günlərə nəzər salan politoloq Yalçın Hacızadə deyib ki, bizi böyük zəfərə çox şaxəli yol apardı. Onun sözlərinə görə,  ölkəmiz, torpaqların işğaldan azad olunması üçün ATƏT-in Minsk qrupu çərçivəsində uzun müddətli danışıqlar aparmış, işğalın sülh yolu ilə həll edilməsi üçün müxtəlif layihələr tərəflərə təklif edilmişdir: "Dövlətimiz sülh danışıqları ilə yanaşı müharibə variantını da unutmurdu. Doğrudur, bəzi ölkələr və  beynəlxalq təşkilatlar Qarabağ məsələsinin müharibə variantının olmadığını dəfələrlə təkrarlayır, bunun ediləcəyi təqdirdə bizə qarşı müxtəlif sanksiyaların ola biləcəyi təəssüratını yaradır, olmaması üçün ölkəmizin öhdəlik götürməsini istəyirdilər. Amma Azərbaycan məqsədinə çatmaq üçün maraqlarına uyğun siyasi xəttini davam etdirirdi.  Dövlət çox gözəl bilirdi ki, digər vasitələri təmin etmədən güclü ordumuz olsa belə müharibədə qələbə əldə etmək və qələbəni rəsmiləşdirmək qeyri-mümkündür. Ona görə qələbəyə aparan bir neçə yolu paralel şəkildə inkişaf etdirirdi. Qələbəni təmin etmək üçün bu zamana kimi çox eşitdiyimiz amma mahiyyətini bir çoxumuzun bilmədiyi "uzaqgörən və məqsədyönümlü" siyasət həyata keçirilirdi".

Politoloq qeyd edib ki, Azərbaycanın dövlət başçısının siyasi savadı və təcrübəsi dövlətin istədiyinə nail olması üçün özünə qarşı xalqın inamını formalaşdırmışdı: "Bununla yanaşı  "güclü ordu", "dövlətdə iqtisadi - siyasi sabitlik", "ölkədə xalqın birliyi" və "xarici ölkələrlə və beynəlxalq təşkilatlarla düzgün siyasi əlaqələrin qurulması" da təmin edilmişdir.  Respublika Prezidentinin ölkənin ərazi bütövlüyünün təmin olunması sahəsində siyasi xətti, işğalla barışılmayacağı sahəsindəki mübarizəsi xalq tərəfindən yekdilliklə qəbul edilməklə, torpaqlarımızın işğaldan azad edilməsinin alternativi olmadığını, bunun üçün həm siyasi həm də hərbi yolların aktiv olduğu mesajı dəfələrlə dünya ictimaiyyətinə çatdırılırdı. Müharibə variantında qələbənin təmin edilməsi üçün vacib olan şərtlərdən biri də dövlətlətlər və beynəlxalq təşkilatlarla düzgün siyasi əlaqələrin qurulmasıdı. Çünki bu şərt müharibənin başlaması üçün siyasi şəraitin formalaşdırılmasını, müharibə zamanı digər qüvvələrin siyasi, silah və əsasən fiziki müdaxilə etməməsini və əldə edilən qələbənin rəsmiləşdirilməsini özündə ehtiva edirdi.  Həmçinin, 100 ilə yaxındır formalaşmış, dünyanın super güclərinə və beynəlxalq təşkilatlarına kifayət qədər təsir etmək imkanında olan, bir çox ölkələrin siyasi hakimiyyətlərinin formalaşmasında, seçkilər zamanı təbliğatın aparılmasında maliyyə dəstəyi edən erməni lobbisininin zərərsizləşdirilməsi gərək idi".

Yalçın Hacızadə deyib ki,  torpaqlarımızın düşmənin əlində olması, onun xristian mənsubiyyəti və dünyanın xristian təsübkeşliyi, düşmənin məsələni bir çox hallarda dini müstəviyə çəkmə cəhdləri, münaqişənin beynəlxalq hüququn "dövlətlərin ərazi bütövlüyünün" toxunulmazlığı ilə deyil, "millətlərin öz müqəddaratını təyin etmə" prinsipi ilə həll edilməsinə çalışılması, problemin həll edilməsinin erməni lobbisinin dünyada ən çox təsir imkanı olan Rusiya, Fransa və ABŞ-a həvalə edilməsi, onların da Ermənistan dövlətinə siyasi, iqtisadi və hərbi dəstəyi,  beynəlxalq siyasətimizdə qarşımızda duran başlıca problemlərdən idi: "İşğal olunmuş torpaqların bizə aid olduğunu göstərən tarixi sənədlər olan 1805-ci il "Kürəkçay", 1813-cü il "Gülüstan" və 1828-ci il "Türkmənçay" müqavilələri, ondan sonrakı dövürlərə aid olan kifayət qədər sübutedici sənədlərin və ən əsası işğal faktını təsdiqləyən, ərazilərimizdən erməni qoşunlarının çıxarılmasını tələb edən BMT-nin qətnamələri olsa da "ikiüzlü" dünya haqqımızın təmin olunması üçün heç bir addım atmırdı. Azərbaycan bu məsələdə beynəlxalq siyasətinin qarşısında duran maneələri zərərsizləşdirmək üçün yuxarıda göstərdiyim kimi "uzaqgörən və məqsədyönlü" siyasət apararaq "Avroviziya" mahnı müsahibəsi, "Avropa" idman oyunları, "İslam həmrəyliyi" oyunları, "Formula - 1" kimi  mədəni və idman tədbirlərini, Avropanın enerji təhlükəsizliyini təmin edəcək Bakı-Tiblisi-Ceyhan, Bakı-Tiblisi-Ərzurum, TAP və TANAP  kimi beynəlxalq layihələri həyata keçirməklə siyasi fürsətlər əldə edir və iqtisadi inkişafını sürətləndirirdi.  Bu layihələr vasitəsilə ölkəmiz dünyaya tanıdılır, müsbət imici formalaşdırılaraq sivil, intelektli, multikultural və çoxmillətli cəmiyyət, müasir dövlət olmağımız təqdim olunurdu. Erməni lobbisinin güclü təsirə malik olduğu dövlətlərlə və beynəlxalq təşkilatlarla siyasi, iqtisadi və mədəni əlaqələr gücləndirilmiş, ölkəmizin xeyrinə müsbət düşüncənin formalaşdırılması, əks təsirin azaldılması üçün beynəlxalq təşkilatlara əlaqələr qurulmuş, alternativ beynəlxalq qrumlar öyrənilməklə ölkəmizin təsir imkanlarının artırılması üçün tədbirlər görülmüşdü. Bunlardan ən bariz nümunə Qoşulmama Hərəkatı ilə bağlıdır. Hesab edirəm ki, erməni lobbisinin və ermənipərəst hakimiyyətlərin qarşısına sədd olaraq çəkilmiş ən uğurlu beynəlxalq siyasi addımlardan biridir. Qoşulmama Hərəkatında 120 dövlət, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat vardı. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Qoşulmama Hərəkatı öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir.  Hərəkata qoşulma səbəblərindən biri də təşkila üzv ölkələrin sayının çoxluğundan və təsirindən istifadə edərək ermənipərəst dövlətlərin beynəlxalq təşkilatlarda ölkəmizə qarşı çıxa biləcək haqsız qərarların qarşısını almaq, beynəlxalq məsələlərin müzakirəsi üçün geniş bir platformadan uğurla istifadə etməkdir".

Politoloq qeyd edib ki,  ölkəmiz bu üstünlükdən istifadə edərək müharibənin davam etdiyi vaxt əleyihimizə çıxa biləcək qərarın BMT Təhlükəsizlik Şurasında baxılmasının qarşısını ala bilmişdi: "Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunub və qoşulduqdan sonra bir neçə dəfə təşkilatın yekun sənədlərində Ermənistanın işğalçılıq siyasəti pislənilmiş, münaqişənin məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində həll edilməsinin vacibliyi qeyd edilmişdir. Ermənistan rəhbərliyinin hərəkətləri, mümkünsüz tələbləri, "yeni müharibə, yeni torpaqlar" planları sülh danışıqlarının nəticəsizliyinə gətirib çıxardı. Elə buna görə də Azərbaycan 27 sentyabr 2020-ci ildə  əks hücumla "Vətən müharibəsinə" başladı. Dövlət, torpaqlarımızın işğaldan azad edilməsi üçün davamlı və uğurlu addımlarla siyasi mühüt formalaşdırmış, əleyihimizə verilə biləcək qərarların qarşısının alınması üçün tədbirlər görülmüşdür. Müharibənin gedişinə fiziki müdaxilə edilə bilməsi ehtimal olunan qüvvələrə  qardaş Türkiyə ilə qurulmuş siyasi-hərbi müttəfiqliklə balanslaşdırılmışdı. Bununla yanaşı, regionun geostrateji fürsətlərindən, əlverişli nəqliyyat - komunikasiya vəziyyətindən Ermənistanın yaratdığı işğal faktına görə istifadə edilə bilinməməsi, Şərq-Qərb dəhlizinin açılmasında maraqlı olan ölkələrin yanımıza çəkə bilmək imkanını da yaratmışdı. Bir çox daxili və xarici faktorları dövlətimizin xeyrinə formalaşdırmaqla əlverişli siyasi mühitin yaradılması qələbənin təmin edilməsi üçün əvəzedilməz fürsət verdi. Azərbaycan dövləti, Azərbaycan Xalqı, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr - 10 noyabr 2020-ci tarixlərində dünyanın gözünün içinə baxaraq, 44 günlük "Vətən müharibəsi" ilə torpaqlarımızı azad etdi. Bununla da Azərbaycan BMT-nin erməni qüvvələrinin işğal olunmuş torpaqlarımızdan çıxarılmasına dair məlum qətnamələrini də özü icra etmiş oldu".

Yalçın Hacızadə deyib ki, bu qələbə təkcə 30 illik işğalın yox, 200 illik erməni düşmənliyinin cavabı idi: "Bu qələbə böyük Ermənistan planının məhv edilməsi, onların bu planı yerinə yetirmək üçün növbəti pilləni keçmələrinin qarşısının alınması idi. Müharibənin gedişi müddətində Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm cəhbədəki prosesləri idarə edir, yeni strateji planlar müəyyənləşdirir, həm də Baş diplomat kimi  işin informasiya, xarici siyasət tərəflərini də uğurla həyata keçirirdi.  Azərbaycan Ordusu qarşısında param-parça olan, minlərlə itki vermiş, yüzlərlə ağır texnikası, hava hücumundan müdafiə vasitələri məhv edilmiş və ya hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan dövləti 10 noyabr 2020-ci ildə Rusiya Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin imzaladığı "Üçtərəfli Bəyanatla" rəsmi şəkildə təslim omağı qəbul etdi.  Bəyanata uyğun olaraq erməni işğalçıları zəbt etdikləri Laçın, Kəlbəcər və Ağdam rayonlarından verilmiş tarixə uyğun olaraq çıxdılar. İşğal altında olan rayonlarımız müharibəsiz, amma müharibənin yaratdığı siyasi vəziyyətə görə azad olundu.  Bəyanatın Ermənistan tərəfindən imzalanması, bəyanatın şərtlərinə uyğun olaraq işğal etdiyi rayonlarımızdan öz hərbi qüvvələrini çıxarması Ermənistanın rəsmi şəkildə işğalçı olduğunu qəbul etməsidir. Bilirsiz ki, Ermənistan uzun müddət idi ki, torpaqların hansısa bir qondarma respublika tərəfindən işğal olunduğunu, həmin qüvvələrin onlara aid olmadığını bildirirdi. Əlbəttə, bu bəyanatın Ermənistan tərəfindən imzalanmasının digər əhəmiyyəti odur ki, biz işğalçının hərəkətlərinə beynəlxalq hüquqi qiymət verilməsində maddi sübut kimi istifadə edə biləcəyimiz rəsmi sənəd əldə etmiş olduq. Üçtərəfli Bəyanatın şərtlərindən (9-ci bənd) biri də bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasıdır. Bu şərtə əsasən də Naxçıvan Muxtar Respublikası ilə  Azərbaycanın qərb rayonları arasında quru əlaqə yaradılır. Ermənistan Respublikası da bu əlaqədən istifadə edən Azərbaycan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinə və təhlükəsizliyinə zəmanət verir. Bu hərəkət xəttini biz "Zəngəzur dəhlizi" olaraq adlandırırıq və bunun bizim üçün iqtisadi, komunikasiya üstünlükləri ilə yanaşı tarixi əhəmiyyəti də çox böyükdür. Dəhlizin keçəcəyi Zəngəzur bizim tarixi torpaqlarımızdır və 100 il bundan öncə Ermənistana verilib. Doğrudur, həmin tarixi torpağa qarşı bizim rəsmi iddiamız yoxdur, amma gözümüz olmasa da könlümüz ordadır. Həmin torpaqlardan zorla köçürülmüş hər bir azərbaycanlı və ümumiyyətlə hər bir vətəndaşımız həmin tarixi torpaqlarımızı görmək istəyir. "Zəngəzur dəhlizinin" açılması Azərbaycanın geostrateji önəmini daha da artırır. Qısa yol vasitəsilə Azərbaycan-Naxçıvan-Türkiyə xətti formalaşır. Şərq-qərb, Avropa ilə Asiya üzərində körpü rolunu oynayan ölkəmizin üçün böyük tranzit imkanları yaranır. Əlbəttəki, bu dəhliz region ölkələri, elə səfil vəziyyətdə olan Ermənistan üçün də böyük fürsətlər açır. Türkiyə vasitəsilə Avropaya, açıq dənizlərə, Azərbaycan ərazisindən keçməklə Rusiyaya çıxışı olur.  Kapituliyasiya aktının imzalanmasından iki il keçir və Azərbaycan üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri uğurla aparılır".

Politoloq onu da deyib ki, Ermənistan beynəlxalq hüququn ən qeyr-ciddi üzvü olduğunu imzaladığı kapituliyasiya aktının şərtlərinin yerinə yetirməməsində də göstərir: "Qələbədən sonra müharibənin nəticələrinin rəsmiləşdirilməsi, Üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsi sahəsində makro siyasət Azərbaycan dövlətinin xeyrinə həyata keçirilir. Çünki  Prezident İlham Əliyevin dediyi kimi, "dəmir yumruq enməyib, düşmənin başını əzməyə hər zaman hazırdı". Əlbəttə, Azərbaycan dövlətinin gücü, onun liderinin siyasi iradəsi bu sahədə qarşıya qoyulan məqsədlərə çatacağımızın göstəricisidir".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31