Azərbaycanın Ermənistana Soçidə diplomatiya dərsi

Azərbaycanın Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra düşmənlə diplomatik müstəfidə aparılan savaş da ölkəmizin tam üstünlüyü ilə davam etdirilir. Bütövlükdə indiyədək keçirilmiş bütün görüşlərin gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər göstəir ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə də inamla qoruyub saxlayır. Dünən Soçidə keçirilən görüş də bunu bir daha təsdiq etdi. Əvvəlki görüşlərdə olduğu kimi, Prezident İlham Əliyev Soçidə növbəti dəfə Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi.

Soçi görüşünədək Ermənistan baş nazirinin təxribatçı bəyanatları, az qala Rusiyaya yalvarış tonunda olan fikirləri siyasi gündəmi zəbt etmişdi. Rusiya prezidenti Putinin "Valday"da birbaşa Ermənistana ünvanlanan mesajlarından sonra Paşinyanın 1 sutka ərzində Ermənistanda zəlzələ effekti yarada biləcək ardıcıl açıqlamaları - Rusiyanın təklif etdiyi sülh sənədini imzalamağa, Qarabağdakı sülhməramlılarının mandatını uzatmağa və Ermənistan Sərhəd Xidmətinin səlahiyyətlərini Rusiya FTX-na verməyə hazır olduğunu deməsi təkcə öz əhalisini razılaşmalardan xəbərdar etmək istəyindən yox, həm də canına düşmüş qorxu hissindən qaynaqlanırdı. Əslində isə Nikol Paşinyan və onun Qərbdəki himayədarları daha çox istəyir və çalışırsılar ki, bu görüş baş tutmasın, pozulsun. Çünki indiyədək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınan, Ukrayna üzərindəki Qərb-Rusiya savaşının nəticəsini gözləyən Paşinyan üçün budəfəki Soçi görüşünün çox ağır keçəcəyini və onun siyasi qədərini müəyyənləşdirəcəyi öncədən bəlli idi.

Əslində isə Soçi görüşünədək durumun izahı çox sadə idi. Azərbaycan atəşkəs olandan sonra üzərinə düşənləri yerinə yetirib: Laçın koridoruna alternativ yol açılıb, əsirlər təhvil verilib. Ermənistan isə öhdəlikləri icra etmir - nə Qarabağdan silahlılar çıxır, nə nəqliyyat xətlərinin bərpasına başlayır. Son dövrlər Qərbdən fəallaşma müşahidə olunur və Ermənistanı qızışdırırlar, ona siyasi dəstək verirlər. Fransa aşkar qərəzli mövqe tutmaqdadır, Birləşmiş Ştatların prezidenti Paşinyana məktubunda "Dağlıq Qarabağ xalqı" ifadəsini işlədir. Bu cür mövqe Ermənistanı qızışdırır ki, sülh sazişi ilə bağlı təşəbbüsləri rədd etsin. Bu səbəbdən İrəvan Qərbin himayəsinə arxalanaraq 10 noyabr sazişinin müddəalarını icra etmir. Amma Putin öz imzasına sahib çıxmaq üçün bu məsələləri gündəmə gətirməyə məcburdur. Məhz bu faktorları düzgün qiymətləndirərək Azərbaycan tərəfi görüş ərəfəsində təmkinli davranır və Paşinyanın ritorik əbəyanatlarına cavab verilmirdi. Soçidə üçtərəfli görüşdən öncə Azərbaycan və Rusiya prezidentlərinin görüşündə İlham Əliyevin "Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib"mesajı erməni liderinin neçəgünlük təbliğatını altüst etdi. Azərbaycan prezidenti bir daha diplomatiya dərsi keçərək sübut etdi ki, siyasət populizm deyil praqmatizm sənətidir!

Soçi görüşünün nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatını müzakirərəsi fonunda birgə bəyanat imzaladılar. Bu proses zamanı Ermənistan növbəti dəfə Rusiyaya nümayiş etdirdi ki, öz strateji tərəfdaşına qarşı satqınlıq və riyakarlıq siyasətini davam etdirir. Onun Şarl Mişelə çağırışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu. Paşinyanın ABŞ-ın təşkil etdiyi "demokratiya sammiti"nə dəvət alması ilə lovğalanması da Moskvanın diqqətindən yayınmayacaq. Çünki bu sammit "soyuq müharibə"dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır və bu koalisiyada yer alan yeganə KTMT və Avrasiya İttifaqı üzvü Ermənistandır. Bütün bunlara görə isə Ermənistan geosiyasi zərbələr alacaq, nəticəsi də heç də yaxşı olmayacaq. Soçi görüşü Ermənistanın kapitulyasiyasının növbəti təzahürü də oldu, Azərbaycanın sülh, əməkdaşlıq çağırışlarına hərbi təxribatlarla cavab vermək siyasətinin üstündən xətt çəkdi və Ermənistanın şovinist siyasətinin iflası kimi qiymətləndirilməlidir. Soçi görüşü eyni zamanda həm Ermənistan tərəfinin, həm də erməni ruporlarından qidalanan radikal müxalifətin iddialarını da alt-üst etdi, onların sadəcə bleflə məşğul olduqlarını isbatladı. Məsələn, onların Soçi görüşündən öncə müxtəlif uydurma fikirlər tirajlamaq niyyətlərinə əks olaraq, sənəddə hər hansı bir "Dağlıq Qarabağ münaqişəsi" ifadəsinə rast gəlinmədi. Bu da o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir. Həmçinin, sənəddə ATƏT-in Minsk Qrupuna dair heç bir bənd olmadı. Yəni, bəyanatda ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi diqqəti sülh danışıqlarının daha çox ikitərəfli formatına yönəldir. Bununla da xortladılmağa çalışılan status məsələsinin də artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarıldığı sübut olundu. Bir sözlə, hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapdı, Azərbaycan dövlətinin qətiyyətli mövqeyi bir daha nümayiş etdirildi. Heç şübhəsiz ki, İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Prezident İlham Əliyevdir.

Fəzail İBRAHİMLİ

Milli Məclis Sədrinin müavini

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31