Payımıza düşən naqis qonşu- İRAN
28 Oktyabr 2022 11:09 SiyasətCənub qonşumuz İranın son zamanlar Azərbaycana qarşı aldığı radikal qərarlar siyasət gündəmini zəbt edib. Məsələ ilə bağlı ekspertlər öz fikirlərini Olaylar.az-la bölüşüb:
"Qarabağdakı istehkamların qurulmasında İran Ermənistana ideya, dəstək, vəsait verən iki-üç ölkədən biridir"- "Cümhuriyət" qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri Rəfael Becanov:
.jpg)
"İran hər zaman Azərbaycana qarşı olub. Müstəqilliyimizin ilk illərindən sərgilənən münasibət bu gün də davam etməkdədir. Torpaqlarımızın 28 illik işğalı dövründə İran Ermənistanın yanında olub. Sözdə ərazi bütövlüyündən danışsalar da, əməldə fərqli münasibətlər sərgilənib.
Qarabağdakı istehkamların qurulmasında İran Ermənistana ideya, dəstək, vəsait verən iki-üç ölkədən biridir. Azərbaycan Ordusunun 2-3 həmləyə darmadağın etdiyi Ohanyan səddi deyilən istehkamların qurulmasında İran müstəsna rol oynayıb.
Qarabağın işğaldan azad edilməsindən sonra İran Azərbaycan düşmənçiliyini açıq-aşkar ortaya qoyub. İndiyə qədər Ermənistanla gizli etdiyi müttəfiqliyi gün üzünə çıxarır. Qafanda açılan konsulluq bunu bir daha göstərdi.
İran Zəngəzur dəhlizinin açıılmasına etiraz edir. Əslində Zəngəzur dəhlizi Böyük İpək Yolunun bir hissəsi kimi İranın da marağında olmalıdır. Lakin biz əksi ilə qarşılaşırıq. Deməli, Ermənistanla birbaşa əlaqəni itirməmək və indiyə qədər Qarabağ üzərindən kullanılan tranzit yolunun tam olaraq özlərinin istifadəsində olmasını arzulayrlar.
İran rəsmiləri "sionist" rejimi ifadəsi adı altında Azərbaycan hədə-qorxu gəlir, təhdid edir. Hansı sionist rejimdən söhbət gedir, haradadır o rejim? Bütün bunlar bəhanədir. İran Azərbaycan düşmənçiliyini o ifadə altında kullanmağa çalışır. Sionist rejimindən danışan İranın 28 illik işğal dövründə müsəlman dövləti olaraq Ermənistana hər hansı təzyiqini, etirazını görmədik. O illər ərzində bir dəfə də olsun o ərazilərlə sərhəd bölgələrdə İranın hərbi təlimlərinin şahidi olmadıq. Amma İşğal faktı bitəndən və Azərbaycan öz sərhədlərinə nəzarəti bərpa edəndən sonra İran rejimi 3-cü hərbi təlimdir ki, sərhəddə keçirir.
Bir müsəlman və şiə ölkəsinin müsəlmançılığı budurmu? Ermənistan işğal olunmuş ərazilərdəki məscidlərdə donuz saxlayanda İran haradaydı? Görmürdü? Təbii ki, görürdü, amma Ermənsitanla olan strateji müttəfiqliyinə görə səsini çıxarmırdı. Belə hümmət birliyi, məzhəb birliyi olur? İran dini də, məzhəbi də öz siyasi məqsədləri üçün kullanan dövlətdir. Onun müsəlmançılığı da rejimini qorumaq üçündür.
İranın Zəngilanda hava limanının açılısı ilə eyni vaxtda Qafanda konsulluq açması onun xoş olmayan niyyətindən və Azərbaycan düşmənçliyindən xəbər verir.
İranın Ermənistanla müttəfiqliyi də, oradakı maraqları Azərbaycana qarşı yönəlib. Amma bu düşmənçiliyin İrana hər hansı faydası olmayacaq. Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Gücü, iqtisadi və hərbi resursları kifayət qədərdir. Eyni zamanda İran Azərbaycan qarşı etdiklərinin, Ermənistanla müttəfiqliyinin onun üçün yaratdığı fəsadları nəzərə almalıdır. Güney Azərbaycanda 30 milyondan çox soydaşımız var. Hüquqları pozulan, ana dili yasaqlanan soydaşlarımız İranın molla rejiminə tarixi dərs verəcək. Bu gün pozulan hüquqlarına nə qədər səbrlə yanaşsalar da, müstəqil Azərbaycana qarşı etdiklərinə səbr göstərməyəcələr.
30 milyonluq xalq ayağa qalxacaq və Güneydə müstəqillik, demokratik hərəkat başlayacaq. Müstəqil Azərbaycan isə dövlət olaraq öz soydaşlarının yanında olacaq".
"İrəvan anlayır ki, İranın bu məkrini özünün maraqlarının təminatına çevirə bilər"- siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı
_(1).jpg)
"İranın Qafanda başlayacaq yeni konsulluq fəaliyyəti uğursuz olacaq. Çünki hazırda regionun siyasi həyatında baş verən əsaslı dəyişikliklər icazə verməyəcək ki, İran bölgədə öz maraqlarını tam təmin etsin. Nəyə görə? Çünki İran bölgədə əsas söz sahibinə çevrilmiş qüvvənin - Rəsmi Bakının iradəsinin əleyhinə addımlar atır. Bakı istəyir ki, erməni havadarlarının istəklərindən kənar, regionun öz tarixi və siyasi həqiqətlərinə uyğun bir reallıq formalaşsın və sülh və normallaşma prosesi bu həqiqətlərə uyğun şaxələnsin. İran nə istəyir? İran istəyir ki, regiondakı xaos bitməsin, Ermənistan və Azərbaycan arasında sülh olmasın və beləcə regionun həyatına müdaxilə edə bilsin. İrəvan da bunun fərqindədir, ancaq İrəvan anlayır ki, İranın bu məkrini özünün maraqlarının təminatına çevirə bilər. Necə? İran "ən zəif bənd" olan Ermənistana deyil, Azərbaycana qarşı təzyiq edir və Azərbaycan əleyhinə addımlar atır. Bu isə, Ermənistana fürsət yaradır ki, Azərbaycanın təyin etdiyi sülh müqaviləsi şərtlərinə qarşı çıxsın və öz istəklərini dilə gətirsin.
Qafandakı konsulluq binası isə, tamamilə anti-Azərbaycan addımının təzahürüdür. Çünki Azərbaycan son zamanlar Ermənistan ərazisində və Azərbaycan torpaqlarını hədəf alan hərbi obyektləri məhv etməyə başlayıb. Bu isə, Ermənistana sülhdən başqa yollarının qalmadığını göstərmək üçün atılan effektiv addımdır. İran çalışır ki, Azərbaycanın bu təzyiq vasitəsini sıfıra endirsin. Çünki İranın olduğu, İranın qorumağa söz verdiyi bölgələrdə hərbi əməliyyatlar keçirmək Azərbaycan üçün istənilməz bir hal olacaq. Azərbaycan İranla münasibətləri pisləşdirməmək üçün bu təzyiqlərindən əl çəkə bilər. Bu isə Ermənistanı qorumaq, dolayı yolla bölgədə sülhü əngəlləməkdir.
Ancaq deyə bilərik ki, İranın bu məkrli niyyətləri baş tutmayacaq. Çünki, İran Azərbaycan əleyhinə bu addımları atarkən, tək Azərbaycanı deyil, Türkiyəni də hədəf alır. Bu isə, Tehrandan daha aktiv siyasi oyunçu olan, dünyada daha böyük söz sahibi olan Türkiyə dövlətində ciddi narazılıqlara səbəb olur. Bəs yaxşı, Azərbaycanı zəif görən İran, Türkiyə ilə qarşılaşmağa nə dərəcədə hazırdır? Hər halda, rəsmi Tehran odla oynamaq istəməz...
Azərbaycan tərəfi yaxşı anlayır ki, indi Azərbaycan-Türkiyə müttəfiqliyi fonunda regionda yeni reallıq formalaşıb və bu reallıq bütün riskləri ilə Bakı üçün təhlükəli deyil. Onun beynəlxalq və ehtibarlı tərəfdaşları, müttəfiqləri var...
Qısası, İran gərək konsulluğu Azərbaycanın xeyrinə açıb, onun qazandıqlarından özünə pay almağı hədəfləyərdi. İnanın, bu halda İran daha qazanclı çıxardı, nəinki Ermənistanın havadarı rolunda çıxış edərək..."
"İran rejimi İslam dünyasının, bəşəriyyətin yaxasında qara yaradır"- politoloq Elçin Mirzəbəyli

"Azərbaycanda çox önəmli layihələrin keçirildiyi zamanda, xüsusilə, İranla həmsərhəd bölgədə hava limanının açıldığı bir şəraitdə İranın xarici işlər nazirinin Ermənistana səfər etməsi, bəyanatlarla çıxış etməsi İranın Azərbaycana qarşı indiyə qədər sərgilədiyi davranışların davamıdır. İran açıq-aşkar düşmən mövqedə dayanan, bir çox hallarda hətta, Azərbaycana qarşı Ermənistandan daha çox aqressiya ilə yanaşan ölkədir. Ölkə özlüyüdə İslam adını daşısa da, İslamın əsas dəyərlərindən biri olan müsəlman həmrəyliyinə bütün dünya müsəlmanlarına münasibətdə zidd hərəkətlər edir. 1979-cu ildən bu yana qoşulduğu bütün müharibələrə və qarşıdurmalara nəzər yetirsək, hər birinin müsəlmanlara qarşı olduğunu görə bilərik. İran sözdə Qərbin əleyhinə qərarlar verir, gurultulu nitqlər səsləndirir ancaq, konkret atılan addımlar müsəlman ölkələrinin əleyhinə olur. 1970-1980-ci illərdə İran-İraq müharibəsini, İranın körfəz ölkələrinin gəmilərinə qarşı törətdiyi cinayət xarakterli aksiyaları, İranın Suriyada, Livanda,İraqdakı cinayətlərini nəzərə alsaq, bütün bu coğrafiyanın yalnız müsəlman ölkələri olduğunu görə bilərik. Azərbaycanla münasibətdə də İran, ilk gündəm başlayaraq Ermənistanpın maraqlarını müdafiə edib. Torpaqlarımızın işğalı prosesində Ermənistana hərtərəfli dəstək verib. Daha sonra işğal prosesinin davamlı olması və uzanması üçün əlindən gələni əsirgəməyib. İndi isə bölgədə yaranan yeni reallıqlar İranın maraqlarına uyğun deyil. İran öz qonşuluğunda müstəqil, suveren, sekulyar, inkişaf yolunu tutan dövlətin varlığını təhlükə sayır. Xain xoflu olar deyirlər. Bu xainlik molla rejiminin fitrətindədir. Molla rejimi hər addımda bunu Azərbaycana göstərir.
Qafanda konsulluq açmaqla İran heç nəyə nail ola bilmir. Bu, ikrah doğuran davranışlar bir dövlətin bütövlükdə simasına, üslubuna uyğunsuzdur. Çünki, müsəlmanların məscidini dağıdan, ziyarət yerlərini, qəbiristanlıqlarını dağıdan bir ölkədə konsulluq açması Azərbaycana olan münasibətdə nə qədər ikiüzlü olduğunu ortaya qoyan faktordur. Düşünürəm ki, bunu hər kəs görüb, qiymətləndirməlidir. Azərbaycanlıların ruhən, mənəvi olaraq, tarixən bağlı olduğu Təbriz şəhərində Ermənistan konsulluğunun açılması məsələsi ləyaqətsizliyin davamıdır. Bu, həm də İran vətəndaşı olan ayrı-ayrı xalqaların nümayəndələrinə olan hörmətsizlikdir. Ermənilər Güney Azərbaycan coğrafiyasında azərbaycanlılara və digər xalqlara qarşı ötən əsrin əvvəllərində amansız qətliamlar törədiblər. İranın mövcud rejimi ermənilərin törətdikləri qətliamları təbii qəbul edir, müdafiə edir. Bunlar şərəfsizliyin ən yüksək nöqtəsidir. Bunlardan sonra kimsə İranın simasız, əxlaqsız, İslam simasına, türk düşmənliyinə haqq qazandırmağa çalışacaqsa, həmin şəxsin nə qədər xəyanətkar olması sübut ediləcək. İranın mövcud rejimi dəyişmədikcə, İran ərazisində yaşayan xalqların çıxış yolu yoxdur. Bu, rejim İslam dünyasının, bəşəriyyətin yaxasında qara yaradır".
Səlimi