İran daha çox Azərbaycanla əlaqələr qurmağa can atmalıdır- ÖZƏL

"İranın son dövrlər həyata keçirdiyi siyasət regional proseslərə qarşı yönəlib. Eləcə də, Araz çayı boyunca hərbi təlimlərin keçirilməsi Azərbaycan başda olmaqla digər dövlətlərə də bir açıq mesajdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Təlimlər zamanı pantonlar vasitəsilə Araz çayının keçilməsinin hərbi imitasiyasının formalaşdırılması Azərbaycana qarşı əzələ nümayişidir və bu həm də İran-Azərbaycan münasibətlərini kölgə altında qoyur.
Ötən il də İran oxşar hərbi təlimlər keçirmişdi və həmin dövrdə gərginliyin aşağı salınması üçün İranla anlaşma memorandumu imzalandı. Lakin buna baxmayaraq, İran öz geosiyasi ambisiyalarından əl çəkmək istəmir, digər tərəfdən Zəngəzur dəhlizinin reallaşmasına da qarşı çıxır. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi həm Cənubi Qafqaz dövlətləri- Azərbaycan, Ermənistan və Gürcüstan, eləcə də, İran, Türkiyə, Rusiya maraqlarına xidmət edir. Bununla Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın formalaşması üçün əlverişli şərait formalaşacaq. İqtisadi və nəqliyyat əsaslı əlaqələrin qurulması birmənalı şəkildə regional sülhü möhkəmləndirəcək.
Digər tərəfdən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın  İrəvana səfəri zamanı "Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir" deməsi, tamamilə qəbulolunmaz yanaşmadır. Çünki İranla Azərbaycan arasında tarixən bağlılıqlar olmuşdur və İran üçün İslam dəyərləri, eləcə də, din amili çox önəmlidir. Teokratik idarəetmə sistemini prioritet hesab edən İran dövləti Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək əvəzinə, regional sabitliyi pozan, Azərbaycan torpaqlarını işğal edən, ərazi iddialarından bu günə qədər geri çəkilməyən, Azərbaycan ərazisində separatizmi təşviq edən, eləcə də, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini keçirmiş dövlətlə münasibətlər qurur. Bu İranın özünün xarici siyasətinə və təhlükəsizlik doktirinasına ziddir. Lakin maraqlıdır ki, İran bu siyasətdən geri çəkilməməklə yanaşı, regional geosiyasi dəyişiklikləri özü üçün qırmızı cizgi adlandırır. Maraqlıdır ki, 30 illik işğal dövründə Azərbaycan sərhədlərinin dəyişdirilməsinə, geosiyasi balansın pozulmasına İran susqunluqla cavab verirdi. Vətən müharibəsində İran üzərindən silahların daşınması həyata keçirilmişdir.
Azərbaycan ordusunun Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etməklə bağlı bütün suallara aydınlıq gələndən sonra Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən İranın növbətçi bəyanatları səsləndi və uzun illər ərazi bütövlüyü prinsipinin üstün tutulmasına dəstək göstərən İran tərəfi reallıqda Xocalı soyqırımını törətmiş şəxslərlə münasibətlər qururdu, rəsmi səfərlər təşkil edirdi, onlara qucaq açırdı.
Azərbaycan Vətən Müharibəsindən sonra bütün ziddiyyətləri, fikir ayrıseçkiliklərini kənara qoyub, yeni səhifədə münasibətləri başlamaq üçün addım atdı. 3+3 platforması Bakı və Ankaranın irəli sürdüyü təşəbbüsdür və bu təşəbbüs yalnız təhlükəsizlik arxitekturasının gücləndirilməsinə xidmət edir. Cavabında isə biz, Ermənistanı dəstəkləyən İranı növbəti dəfə müşahidə edirik. Ona görə də, İran tərəfi iqtisadi sanksiyalar altına olmasını nəzərə alaraq, bu gün ictimai-siyasi vəziyyətin çox kəskinləşdiyini göz önünə gətirərək, daha çox Azərbaycan ilə əlaqələr qurmağa can atmalıdır.
İranda olan soydaşlarımızın hüquqlarının tapdalanması, onların ana dilində yazmaq, oxumaq, kütləvi şəkildə media orqanlarına sahib olmaq hüquqlarının tamamilə tapdalanmasını nəzərə alaraq, İran həm də bu hüquqların bərpasına çalışmalıdır. Xaricdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması rəsmi Bakının hər zaman diqqət mərkəzində olmuşdur. Onların təhlükəsizliyinin və sağlamlığının geniş şəkildə təmin olunması ən önəmli prioritet hesab olunmuşdur. Bu baxımdan, İranda olan çoxsaylı siyasi məhbuslar yalnız azərbaycanlılar üçün fundamental hüquqların bərqərar olmasına çalışıblar və məhz bu səbəbdən onlar azadlıqdan məhrum ediliblər. Ona görə də, bu gün İran tərəfi ilə Azərbaycan arasında münasibətlərin qorunmasına və təşviq olunmasına Tehran daha isti yanaşmalıdır. Əksinə, ziddiyyətlərin gərginləşməsi regional sabitliyi pozur, gərginliyi formalaşdırır və regionu inkişafdan saxlayır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31