Aşqabad sammitindən gözləntilər- RƏYLƏR
1 İyul 2022 10:05 Siyasət"Aşqabad sammiti Xəzər dənizinin hüquqi rejiminin daha da təkmilləşdirilməsi və Xəzər ölkələri arasında əməkdaşlığın yeni mərhələsinin açılmasında təsirli rol oynayacaq".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq, siyasətçi Aydın Quliyev deyib.
"Bu zirvədəki hadisələr, çıxışlar, müzakirələr Xəzər ölkələri arasında əməkdaşlığın yaranmasında və dərinləşməsində Azərbaycanın həm böyük rol oynadığını, həm də Azərbaycanın mühüm təsir imkanlarına malik olduğunu göstərdi.
Xüsusilə də Xəzər ölkələri arasında əməkdaşlığın hüquqi müqavilə bazasının möhkəmləndirilməsi yolunda Azərbaycanın indiyə qədər göstərdiyi səylərin nə qədər önəmli və əhəmiyyətli olduğu özünü göstərdi. Eyni zamanda, Azərbaycanın nəqliyyat logistika infrastrukturlarının Xəzər ölkələri arasında əməkdaşlığın inkişafına və Xəzər ölkələrinin potensiallarının əməkdaşlıq naminə üzə çıxarılmasında nə qədər önəmli rol oynadığını bir daha göstərdi.
Azərbaycan Prezidentinin məruzəsində Xəzər ölkələri arasında əməkdaşlığın vacib prinsipi olaraq bütün Xəzəryanı dövlətlərin mənafelərinin əsas götürülməsi olduqca əhəmiyyətli bir məqamdır və bu Azərbaycanın Xəzər ölkələri arasında əməkdaşlığın inkişafına həm nə qədər məsuliyyətli yanaşdığını göstərir, həm də bu əməkdaşlığı dərinləşdirmək üçün nə qədər geniş təsir imkanlarına və iradəyə malik olduğunu nümayiş etdirir.
Bəllidir ki, Xəzərin konvensiyasının imzalanmasında Azərbaycan çox böyük rol oynayıb və bu gün də elə sammitdə də görsəndi ki, ölkəmiz və Prezident İlham Əliyev konvensiyanın müddəalarının həyata keçirilməsində nə qədər ardıcıl iradə və siyasət sahibidir. Prezidentin Xəzər konvensiyasına uyğun olaraq indiyə qədər müxtəlif saysız sazişlərin imzalanmasını söyləməsi və ardınca hələ yeni-yeni sazişlərin imzalanmasına ehtiyac olduğunu söyləməsi ondan xəbər verir ki, Azərbaycan Xəzər dövlətlərinin əməkdaşlığının daha da dərinləşdirilməsi və Xəzər problemləri platforması üzərindən nə qədər uzaqgörən və aydın bir siyasət xəttinə malik olduğunu göstərir. Xüsusilə də, Azərbaycanın Xəzər ölkələrinin potensiallarının üzə çıxarılmasında, nəqliyyat dəhlizlərinin işinin yaxşılaşdırılmasında nə qədər əhəmiyyətli rola malik olduğunu göstərir.
Aşqabad sammiti və Azərbaycan Prezidentinin orada çıxışı Xəzər ölkələrinin əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, şaxələndirilməsində Azərbaycanın çox təşəbbüskar mövqedə olduğunu bir daha təsdiqlədi. Hər kəs görür ki, Azərbaycan sadəcə sözlərlə, bəyanatlarla kifayətlənmir və Xəzər ətrafında daha sağlam əməkdaşlıq mühitinin yaradılması üçün təsirli gücə, imkanlara malikdir, özünün bu imkanlarını, gücünü sərf etməkdə, ortaya qoymaqda qətiyyən qısqanclıq etmir və hər hansı pərdə arxası niyyətə malik deyil. Prezidentin məruzəsindən də gördük ki, Azərbaycan Xəzər ölkələrinin əməkdaşlığına hər hansı bir sətiraltı və sətirarası mənalarda yanaşmır, siyasəti şəffafdır, məqsədyönlüdür və dinamikdir.
Xəzəryanı ölkələrin əməkdaşlığı Azərbaycanın geniş nəqliyyat logistika imkanları ilə çox yaxşı uzlaşır. Çünki bizim ölkəmizin şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi ona Xəzəryanı dövlətlərin potensiallarını əlaqələndirmək və üzə çıxarmaqda çox böyük təsir imkanları verir.
Çox sevindirici haldır ki, ölkənin Prezidenti orda Vətən müharibəsində Azərbaycanın əldə etdiyi nəticələri və xüsusilə də yeni reallıq olan Zəngəzur dəhlizini gözəl şəkildə təqdim etdi və düşünürəm ki, Xəzəryanı dövlətlərin olduqca maraqlarına uyğundur ki, Zəngəzur dəhlizi kimi bir kommunikasiya vasitəsi artıq gerçəkləşir. Ona görə ki, Xəzəryanı ölkələrin əməkdaşlığının dərinləşdirilməsində indiyə qədər mövcud infrastrukturlar, yollar, imkanlar təbii ki, Zəngəzur dəhlizinin əvəzi deyil. Zəngəzur dəhlizi Xəzəryanı ölkələrin əməkdaşlığını və potensialını birləşdirilməsini prinsipcə, keyfiyyətcə yeni bir mərhələyə çıxardır.
Aşqabadda şimal-cənub nəqliyyat dəhlizi çərçivəsində Bakı konfransının keçirilməsi ilə bağlı Prezidentin səsləndirdiyi fikir fikrimcə, Xəzər ölkələrinin hamısının diqqətini cəlb etdi. Ona görə ki, onlar həm gördülər ki, Azərbaycan nə qədər ardıcıl siyasət aparır, həm də bir daha əmin oldular ki, Xəzər ölkələrinin münasibətlərinin dərinləşdirilməsində, güclənməsində Azərbaycanın həqiqətən böyük imkanları var. Bundan başqa prezidentin də məruzəsində gördüyümüz kimi, Azərbaycan Xəzərin ekologiyası və ətraf mühitinin qorunmasında da ardıcıl siyasət aparan bir ölkədir. Azərbaycanın bu sammitdə Xəzərin suyunun azalması ilə bağlı ifadə etdiyi narahatlıq əslində Xəzəryanı ölkələrin mənafelərinə uyğun olan bir davranışdır və burada hər şey heç də Azərbaycanın imkanları daxilində olmadığı bəlli olsa da, amma hər kəs görür ki, Azərbaycan bu məsələdə ən təşəbbüskar və yaradıcı mövqelərdən birindədir. Çünki Xəzərin suyunun azalması bu unikal hövzənin ümumən ortadan çıxması kimi çox qorxulu bir perspektivdən xəbər verir ki, Azərbaycanın bu sahədə həyəcan təbili çalması olduqca əhəmiyyətlidir.
Xəzər ölkələrinin imkanlarının uzlaşdırılması nə qədər geniş çevrəni, nə qədər çox sayda istiqamətləri əhatə eləsə, bu regionun bir o qədər mənafeyinə uyğundur. Heç bir şübhə yoxdur ki, Xəzəryanı ölkələrin əlaqələrinin genişləndirilməsi, iqtisadi, investisiya, ticarət, əməkdaşlıq, nəqliyyat, yükdaşıma və s. sahələrdə potensiallarının üzə çıxması və bir-biri ilə əlaqələndirilməsi regionun inkişafı naminədir və bu işdə yəni, regionun inkişafında Xəzər ölkələrinin əməkdaşlığının əlaqələndirilməsində ən açar və təsirli mövqeyə Azərbaycan malikdir".

Politoloq İlyas Hüseynovun sözlərinə görə, cənab Prezident İlham Əliyevin VI Xəzər Zirvə görüşündə çıxışı mühüm aktuallıq kəsb edir:
"Xəzər dənizində əməkdaşlığın genişləndirilməsinə böyük ehtiyac var. Zəngəzur dəhlizi kontekstində hər 5 dövlət üçün böyük perspektivlər formalaşdırılır, Azərbaycan 3+3 ideyası altında dövlətlərin birləşdirilməsinin tərəfdarı kimi çıxış edir. Bu xüsusda Zəngəzur dəhlizi həm Cənubi Qafqazda olan dövlətləri, həm də regional güc mərkəzləri olan Rusiya, Türkiyə və İranı da vahid ideya altında birləşdirəcəkdir. Ona görə də, Xəzərdə həm enerji nəqliyyatının həyata keçirilməsi, həm də Avropa bazarında enerjiyə olan asılılığın nəzərə alınması kontekstində fəaliyyətin genişləndirilməsi bu gün müasir trendlərlə uyğunluq təşkil edir.
Digər tərəfdən ekoloji məsələlərin həllində də əməkdaşlıq çox mühümdür. Çünki qlobal iqlim dəyişiklikləri mütləq şəkildə nəzərə alınmalıdır və burada Xəzərin təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı ekoloji problemlər də diqqət çəkən məsələlər sırasındadır.
Cənab prezidentin çox məhsuldar görüşləri də keçirilmişdir və bu görüşlərdə Azərbaycanın geostrateji prioritetlər ön planda idi. Azərbaycan məhz İran və Rusiya vasitəsilə 3+3 platformasını reallaşdırmaqda davam edir və Mərkəzi Asiya dövlətləri üçün də bu kontekstdə mühüm prioritetlər formalaşdırılır.
Son dövrlər Mərkəzi Asiya dövlətlərinin Azərbaycana böyük marağı hiss olunmaqdadır. Cənab Prezident İlham Əliyev də bir müddət öncə Özbəkistanda rəsmi səfərdə idi. Digər tərəfdən, Qazaxıstan və Türkmənistan da Azərbaycana dost dövlətlərdir. Ona görə də Qazaxıstan və Türkmənistan üçün də Xəzər dənizi vasitəsilə qərbə çıxış imkanları bu gün siyasi gündəlikdədir.
Önəmli məsələ Xəzər dənizinin hərbiləşdirilməsi, digər dövlətlərin bura daxil olmasının qabaqlanması məsələləridir. Bu razılaşmalar bir müddət öncə də qeyd olunmuşdu. Hazıra isə bu görüş məhz hərbi seqmentin mövcudluğu ilə bu gün dünyada gedən proseslər ilə birlikdə bir qədər də aktuallaşır. Ona görə də dövlətlərin mövqeyi bu görüşlər vasitəsilə izah olunur və daha da möhkəmləndirilir.
Düşünürəm ki, Aşqabadda keçirilən görüş çox önəmli xarakter daşıyırdı və çox yaxşı siyasi-iqtisadi nəticələri olacaq. Çünki Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bu dəhliz vasitəsilə yükdaşımalar ölkəmizin geosiyasi əhəmiyyətini bir qədər də artıracaqdır və regionda olan dövlətlər üçün iqtisadi üfüqləri daha da gücləndirəcəkdir. Ona görə də bu gün iqtisadi inteqrasiya tərəfdarı olan dövlətlər rəsmi Bakı ilə əməkdaşlıqda maraqlıdır, Azərbaycanın da əsas mövqeyi bundan ibarətdir ki, iqtisadi əsaslar əsasında münasibətlər daha da dərinləşsin və xalqların rifahına xidmət etsin".

Siyasi şərhçi Asif Nərimanlı bildirir ki, Zəngəzur dəhlizinə Avrasiya beynəlxalq nəqliyyat şəbəkəsinin əsas komponentlərindən biri olaraq baxılmalıdır:
"Söhbət Çindən Avropaya gedən yükdaşımaların məhz orta dəhliz üzərindən keçirilməsi, yəni, Mərkəzi Asiyadan Azərbaycan və oradan Türkiyə üzərindən Avropaya çıxışından gedir. Təbii ki, Azərbaycanın əsas çıxışlarından biri Gürcüstan üzərindəndir. Lakin, Zəngəzur dəhlizi həm də bu marşruta bir növ alternativ kimi istifadəyə verilir ki, hər hansı bir problem yarandıqda daşımalar Zəngəzur dəhlizindən də keçsin.
Burada əsas səbəb odur ki, Çin və Amerika arasında geosiyasi qarşıdurma var. Hansı ki, Amerikanın növbəti əsas hədəfi Çindir. Bir növ Amerikanın məhz Çinin biokimyəvi yol lahiyəsinə Gürcüstan marşrutu üzərindən müəyyən müdaxilələr ola bilər. Məhz buna görə Azərbaycan tərəfi Zəngəzur dəhlizi layihəsini irəli sürməklə bu geosiyasi proseslərdə bir növ ev tapşırığını yerinə yetirdi və həm qərb ilə əməkdaşlıq etməklə yanaşı, həm də gələcəkdə Çindən gələn daşımalarda əlavə bir marşrut təklif edir. Bu baxımdan Zəngəzur dəhlizi bütün Avrasiyanın nəqliyyat şəbəkəsində önəmli rol oynayan əsas dəhlizlərdən biridir.
Prezident İlham Əliyevin məhz Xəzəryanı ölkələrin sammitində gündəmə gətirdiyi məsələlər təsadüfi deyil. Çünki birincisi, Xəzəryanı ölkələr olan Mərkəzi Asiya ölkələrindən daşımalar burda rol oynaya bilər. İkincisi isə məhz İran və Rusiya üzərindən mümkün daşımaların orta dəhliz, Azərbaycan üzərində birləşdirilməsi ideyası da var. Yəni, daşımalar Azərbaycan üzərində orta dəhlizdə birləşdirilə bilər və buradan Avropa bazarına çıxarıla bilər".
Röyalə Xəyal