Qafqazda yeni reallıq: Ermənistan Rusiyanın hərbi təsirindən imtina edir? – ÖZƏL

"Araz çayının şimalındakı Azərbaycan xanlıqlarının işğalı və ermənilərin Qafqaza köçürülməsi siyasəti ilə başlayan prosesdə Rusiya erməniləri Azərbaycana, o cümlədən Anadolu türklərinə qarşı düşmən təfəkkürü ilə, Daşnaksütyun dünyagörüşü ilə zəhərləyib. Bunun ardınca istər XX əsrin əvvəllərində qısamüddətli mövcud olan Ermənistan Respublikası, istər Sovet Sosialist Ermənistan Respublikası, istər Ermənistan Respublikası, istərsə də 1991-ci ildən sonrakı Ermənistanda hakimiyyətdə olan bütün erməni hakimiyyətləri Rusiyanın regiondakı forpostu funksiyasını oynamaq üçün Azərbaycan və Türkiyəyə qarşı zaman-zaman ideoloji cəhətdən zəhərlənmiş, "dənizdən dənizə böyük Ermənistan" və türk düşmənçiliyi ideologiyası ilə siyasi varlığını sürdürən təşkilatlar tərəfindən idarə olunub".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi deyib. Siyasi şərhçi bildirib ki, Nikol Paşinyan isə, demək olar ki, "Real Ermənistan" konsepsiyası ilə Rusiyanın ermənilərdən bir alət, bir vasitə, bir forpost kimi istifadə etmək siyasətinə son qoyur və ermənilərə, nəhayət, öz milləti üçün bir dövlət halında yaşamaq gələcəyi vəd edir. Belə olan halda ermənilərin əsl düşməninin Azərbaycan və ya Anadolu türkləri olmadığı ortalığa çıxır. Əksinə, bu xalqlar və bu dövlətlər Rusiyanın təsiri və təzyiqi sayəsində hər zaman Ermənistan tərəfindən işğala məruz qalıb, Ermənistanın təxribatları ilə üz-üzə qalıblar. Bu gün isə həmin ideologiyadan, yəni Rusiyanın ermənilərə təqdim etdiyi saxta "dənizdən dənizə böyük Ermənistan" və şovinist erməni millətçiliyi ideologiyasından imtina edən Ermənistan üçün nə Azərbaycan, nə də Türkiyə düşmən deyil. Əksinə, bu ölkələrlə iqtisadi əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi Ermənistan üçün sosial rifah olmaqla yanaşı, həm də təhlükəsizlik zəmanətidir. Belə bir şəraitdə, belə bir ortamda isə şübhəsiz ki, Ermənistanın Rusiyanın imperiya maraqlarının daha bir aləti olan KTMT kimi bir təşkilatda təmsilçiliyinə lüzum yoxdur. Həqiqətən də, erməni spiker Ruben Rubinyanın qeyd etdiyi kimi, KTMT Ermənistanın təhlükəsizliyində artıq ciddi rol oynamır. Əksinə, bu gün KTMT-nin mandatı altında Rusiyanın 102-ci hərbi bazasının Cənubi Qafqazda varlığı hələ də bu ölkədən, indi olmasa da, gələcəkdə Azərbaycana və Türkiyəyə qarşı növbəti xain planlarda istifadə olunması üçün baza rolunu oynaya bilər. O baxımdan Ermənistanın KTMT-dən çıxması və KTMT-dən çıxdıqdan sonra Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisindən çıxarılması, Ermənistan-Rusiya münasibətlərinin mərkəz-periferiya münasibətlərindən çıxaraq normal ikitərəfli əməkdaşlığa çevrilməsi həm Ermənistanın, həm də regionun geosiyasi və strateji maraqlarına uyğundur.

Ekspert qeyd edib ki, Ermənistan hakimiyyəti nə qədər tez KTMT-dən tamamilə üz döndərərsə, Azərbaycanla əldə olunan sülh sazişinin dərinləşməsi istiqamətində irəliyə doğru qətiyyətli addımlar atarsa, bu, təkcə Ermənistanın təhlükəsizliyinə deyil, ümumiyyətlə, regionun qarşıdurma məkanından çıxaraq qlobal iqtisadi keçişmə zonasına çevrilməsinə xidmət edə bilər. Bunun üçün də ən uğurlu iqtisadi əlaqə layihələrindən biri olan Orta Dəhliz marşrutunun bir istiqamətinin Ermənistan, Azərbaycan və Türkiyə ərazisindən keçməsi Ermənistanı bu qlobal iqtisadi inteqrasiya prosesinə yaxından cəlb edə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31