Azərbaycanın siyasi rolu regional səviyyədən dünya səviyyəsinə qədəm qoyur
1 İyul 2022 11:48 SiyasətBir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Belə bir təşkilatın tədbirlərinin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verir. Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. 2018-ci ilin 5 aprel tarixində Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilib.
Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Belə ki, 2019-cu ilin oktyabrın 25-də ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. 2022-ci ilin 30 iyun tarixində ölkəmizdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı öz işinə başlayıb."Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunub.Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatlarının təmsilçilərinin iştirakı təmin olunub. Konfransda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydaları, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq edilib, "Bakı Bəyannaməsi" qəbul olunub, qurumun sədri və sədr müavinləri seçilib. Bu isə o deməkdir ki, İlham Əliyev sədrlik etdiyi Qoşulmama Hərəkatını gücləndirir. Bununla da Azərbaycanın siyasi rolu regional səviyyədən dünya səviyyəsinə qədəm qoyur. Konfransda çıxış edən Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının hazırkı dünyadakı proseslərdə əhəmiyyətli beynəlxalq platforma olmasının aktuallığından danışaraq, bir sıra təşəbbüslərlə çıxış edib. Dövlətimizin başçısı konfransda çıxış edərək bildirib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təkcə ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə deyil, parlamentlərarası əlaqələrin də inkişafına mühüm töhfə verəcək: "Biz istəyirik ki, səsimiz qlobal səviyyədə duyulsun. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi irəli sürdüyümüz yeganə təşəbbüs deyil. Digər təşəbbüs isə Gənclər Şəbəkəsidir. Gələn ay Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək. Gənclər Şəbəkəsinin toplantısı Bakıda keçiriləcək". Dövlət başçısı həmçinin qeyd edib ki, Azərbaycan hər zaman həm regional, həm də qlobal məsələlərdə öz mövqeyini nümayiş etdirib: "Biz Qoşulmama Hərəkatının sədri kimi ədalətsizliyə qarşı, beynəlxalq hüququn qorunması uğrunda mübarizəmizi davam etdirəcəyik. Ölkəmizin Hərəkata üzv dövlətlərin fəal dəstəyini daim hiss etdiyini vurğulayan dövlətimizin başçısı deyib: "Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi zamanı üzvlərin yekdil həmrəyliyini gördük. Ölkəmizin təşkilata sədrlik müddətinin uzadılması da üzv dövlətlərin Azərbaycana dəstəyinin göstəricisidir". Prezident İlham Əliyevin QH-nin gələcək fəaliyyəti ilə bağlı təşəbbüsləri BMT-dən sonra ən böyük ikinci beynəlxalq platformada yüksək diqqət və maraqla qarşılanıb.
Alim