Rusiya ilə imzalanan müqavilələr nə dərəcədə etibarlıdır?
1 İyul 2022 12:11 SiyasətRusiyanın bəzi dairələrinin Azərbaycana qarşı təxribat xarakterli addımları səngimək bilmir. Etiraf edilməlidir ki, bu işdə Rusiyanın bir sıra kütləvi informasiya vasitələri vasitəçi rolunda çıxış edir. Elə ölkəmizə qarşı dəfələrlə təxribatçı əməlləri ilə fərqlənən Vladimir Solovyov bu dəfə özünün efirinə dəvət etdiyi erməni mənşəli şəxsi qondarma Dağlıq Qarabağın xarici işlər naziri kimi təqdim edib. Xatırladaq ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun bu günlərdə ölkəmizə səfəri çərçivəsində informasiya təhlükəsizliyi ilə bağlı sənəd imzalanıb. Çox təəssüf ki, imzalanan sənədin mürəkkəbi qurumamış Rusiya mətbuatı ölkəmizə qarşı təxribata əl atıb. Həmçinin verilən son məlumatlara görə Ermənistan müxalifətinin təmsilçiləri Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi və ətraf bölgəsinə səfər edib və Azərbaycan ərazilərində öz dayaq dəstələrini yaratdıqlarını bildiriiblər. Açıqlamalara görə məqsəd "artsax"ın Azərbaycanın tərkibinə qaytarılmasına əngəl olmaqdır. MCP SŞ-nın üzvü, politoloq Vüqar Dadaşovun bildirdiyinə görə, məlum faktdır ki, Ermənistan müxalifəti birbaşa Rusiyadan idarə olunur və onlara Moskva komanda verir. Maraqlısı da odur ki, Rusiya ardıcıl olaraq Azərbaycan ilə müxtəlif müqavilələr bağlamaqla separatizmə qarşı olduğunu, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə dəstək ifadə edən hətta müttəfiqlik anlayışı ilə dövlətlərarası beynəlxalq müqavilələr belə bağlayır. Bir neçə gün bundan əvvəl 24 iyunda Rusiya ilə maraqlarımızı əks etdirən növbəti saziş imzalanıb: "Sözsüz ki, Rusiya ilə bağlanan sazişin Azərbaycan üçün əhəmiyyətini danmaq və azaltmaq ədalətsizlik olardı. Ermənistanla Azərbaycanın sülh sazişi müqaviləsinin müzakirəsi və bağlanmasının mümkünlüyü fonunda Rusiya ilə Azərbaycan arasında bu müqavilənin regionda Azərbaycanın maraqlarının təmin edilməsinə müsbət təsir edə bilər. Ancaq Rusiya ilə bağlanmış bu müqavilənin hər bir tərəf üçün öz məqsədi var təəssüf ki, bu müqavilənin ümumi və bərabər məqsədi yoxdur. Yəni ki, bu müqavilə də hər iki tərəf ayrı-ayrılıqda öz ovunu ovlamaq istəyir. Rusiya bu müqavilə ilə əsas məqsədini maskalayır və onun məqsədi Azərbaycanı Rusiyaya daha çox bağlamaq və öz təsir dairəsindən uzaqlaşmağa imkan verməməkdir. Əgər diqqət etsək görərik ki, bu müqavilədə "beynəlxalq hüququn fundamental prisipləri" ifadəsi əsas dayaq nöqtəsi kimi vurğulanır, ancaq Rusiya heç bir zaman beynəlxalq hüququn fundamental prinsipinə əməl etməyib. Bu prinsipin əsası qonşu dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmət etmək, ölkələrin daxili işlərinə qarışmamaqdı. Rusiya Moldovaya hücum edərək onun Dnestryanı ərazilərini işğal etməsi, Gürcüstsna təcavüz edin onun 20% ərazisini işğal etməsi və həmin işğal etdiyi əraziləri müstəqil dövlət kimi tanıması, Ukraynaya ərazisinə soxulub, onun böyük bir hissəsini işğal etməsi, müstəqil dövlət kimi tanıması məgər beynəlxalq hüququn fundamental prinsiplərinin kobudcasına pozulması deyilmi?! Ona görə də Rusiya ilə bağlanan bu son müqavilə onun özü üçün heç bir əhəmiyyətə malik deyil-məqsəd Azərbaycanla bağlılığı gücləndirməkdir. Ukrayna və Moldovaya Avropa Ittifaqına namizəd statusunun verilməsi, Gürcüstanda Avropa inteqrasiyasına çağırışların güclənməsi və mitinq şəklini alması Rusiyanı narahat etməyə bilməzdi. Rusiya ilə Azərbaycan arasında 24 iyunda bağlanan bu son müqaviləyə də yuxarıda qeyd etdiyim konteksdən baxmaq daha düzgün olardı".
Onun bildirdiyinə görə, ümumiyyətlə Rusiya ilə bağlanan hər hansı müqavilənin bu ölkə üçün hər hansı bir öhdəlik yaradacağına ümid etmək sadəlövhlükdür və bu qənaəti tarix özü sübut edib: "Elə bu ilin fevral ayında Rusiya və Azərbaycan arasında görüşündə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında imzalanmış Bəyannamə də həmçinin. Yeri gəlmişkən, sözü gedən Moskva bəyannaməsini sevgi, istək, qardaşlıq və real müttəfiqlik mahiyyətinə əsaslanan Azərbaycan və Türkiyə arasında Şuşa bəyannaməsi ilə eyniləşdirmək qətiyyən düzgün deyil. Qısaca qeyd edim, fərq ondadlr ki, Rusların bağladığı hər bir müqavilə, saziş imperialist hisslərinə, Türkiyə ilə bağlanan Şuşa bəyannaməsi isə Azərbaycanın daha da güclənməsi və maraqlarının təmin edilməsinə xidmət edir. Türkiyə ilə Rusiyanı müqayisə etmək xeyirlə şəri müqayisə etmək deməkdir. Moskvanın diktəsi ilə Ermənistan müxalifətinin Azərbaycanın Xankəndi və ətraf ərazilərində "dayaq nöqtəsi" də qənaətin növbəti sübutudur. Hər bir halda Azərbaycan da bu yaranmış geosiyasi vəziyyətdən maksimum istifadə etməyə qadirdir və hələlik Rusiya müvəqqəti olsa da Azərbaycan maraqlarının təmin edilməsinə açıq şəkildə mane olmaqdan çəkinmək məcburiyyətindədir hərçənd ki, Moskvanın gücü Ermənistanın müxalifətindən o yana deyil. Bu halın özü də Azərbaycanın strateji hədəfləri üçün yeni şanslar deməkdir".
Alim