Qədim Qobustanın İlahi ruhsal-mistik irsi...
1 İyul 2022 11:43 SiyasətQismət Yunusoğlu
Bakı Dövlət Universitetinin müəllimi
"Azərbaycanın sakral coğrafiyası" silsiləsindən XXVII yazı
Xəzər dənizi, Pirsaatçay (Pir Seyid)-Qozluçay (Cəngiçay) hövzələrinin qovuşan hissəsini tutan Qobustan bölgəsinin ölkəmizin digər təbii-coğrafi ərazilərindən fərqli olaraq zəngin dini-irfani, tarixi-maddi irsi həm də İlahi mistik dünyagörüşünün Kiçikdaş yataqları, Qayıblar-Şayıblar dağları, Pir Hüseyn Xanəgahı, Şeyx Eyyub və Sofu Həmid məqamgahları...) qaynaqlandığı heç şübhəsizdir, dünyəvi reallıqdır. Dini-sakral, mənəvi-ruhani və mistik-ilahi dünyagörüşünün kök saldığı Qobustan bölgəsinin müqəddəsliyi hər daşında, qayasında, dağında, dərəsində, qobusunda...yulğun-yovşan ətrindədir, Qobustan qayalarının yaşındadır, torpağının bərəkətində, insanlarının inancında-imanındadır.
Ümumiyyətlə, Qobustan bölgəsinin İlahi-Mistik dünyadərkinin pozulmaz nizamı (bu coğrafi məkan müqəddəs ocaqlar-ruhani ibadətgahlarla zəngindir) - düzəni coğrafi məkan kimi Babadağ zirvəsindən (3632 m, Pirsaatçay çayının mənbəyindən) başlayaraq Xəzər dənizi sahillərinədək (bu çayın mənsəbinədək) geniş yovşanlı-gəngizli düzləri, yaylaları, qobuları... tutyalamışdır.
Qobustanın cənubi-şərqdə qovuşduğu Şirvan düzündə yerləşən, Salyan nahiyəsi daxilindəki Xıdır-Zində məqamgahının şəcərə dəngəsi sayılan Xıdırlı kəndinin (Aran Qarabağın Ağdam nahiyəsində də eyni etimoloji kökə malik Xıdırlı kəndi mövcuddur) təbii-coğrafi yarımsəhra landşaft (tərəkəmə elatının bərəkətli yataqları-banıstan həndəvəri) yaranışın, müqəddəsliyin, ilkinliyin ruhsal-duyğusal məkanın qorunub saxlanılmasında mistik-dini bir qurşaqdır, ətrafı ziyarətgahlarla, ibadət ocaqları, qədim, bərəkətli, hala yurd yerləri-ocaqları və ruhların oyaq qaldığı qəbirstanlıqlarla ("Bəndovan piri", "Pir Saab", "Pir Əsgəran", "Həcər Ana ocağı","Yulğunlu pir", "Yeddi ocaq", "Pir Murad", "Bağdadi baba" ("Quşxana") qəbirstanlığı...) əhatələnib.
Qobustanın irfani müqəddəsliyinin namərhəm təsirlərdən qorunması bir neçə tarixi olayın timsalında görünür-bu yerlərə düşmən niyyəti ilə gələnlər Böyük Haqqın-İlahi Ruhun qəzəbinə tuş gəlir-1806-cı il fevralın 6-da Xəzər dənizinin sahilindəki Qala divarlarının önündə işğalçı çar Rusiyasının Qafqazdakı qoşunlarının komandanı, general P.D.Sisianovun (1754-1806) Bakı xanı Mirzə Məhəmməd xan Dərgahqulu xan oğlunun (1774-1845) qardaşı oğlu Aslan bəy tərəfindən öldürülməsi İlahi hökmlə bağlı olmuşdur və yaxud, 1918-ci ilin sentyabr ayında mənfur hay-daşnak və rus-bolşevik birləşmiş silahlı qüvvələrinə qarşı qələbə ilə nəticələnən Azərbaycan Milli Ordusu və Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusu Qazilərinin Bakı şəhərinin Şeyxlər yüksəkliyindən-Bibi Heybət tirəsindən başlanılan hücumu məhz Mistik-İlahi qüvvənin, gücün hökmü-nəticəsi deyildimi, bu qüvvə Haqq yolina İşıq saçır, qəlblərə Nur səpir, İgidlərə qüvvət-güc verir...
Babadağın zikr dolu havası və Xəzər dənizinin təlatümlü ruhani mehri Qobustanda Ruhlarınilkinliyinə, diriliyinə, saflığına... hopubmistik müqəddəsliklə, Haqq dərgahının ilahi sevgisi ilə - o cümlədən, Abşeron nahiyəsinin Yuxarı Güzdək kəndi də ilkinliyindən İlahi Haqqa tapınmış, İrfani-Təsəffüv təliminin iz (irs) saldığı məkana çevrilmişdir.
Kəndin şimal hissəsində, Qocalılar məhəlləsindəkiRəsulullah məscidinin 250-300 il yaşı var. Bir mərtəbəli ibadət otağı (eni və uzunluğu-8 m x 10 m), mərasim otağı (5 m x 20 m), bir minarəsi (10 m boyda) və həyəti 2015-2016-cı illərdəHacı İnqilab Əbdürrəhim oğlu Abdullayev (1956-2015) və Hacı Böyükağa Məhəmmədəli oğlu Güləliyev (1953) tərəfindən yenidən təmir edilmişdir.
Dini-dünyəvi təlimləri ilə Haqq yolunu nurlandıran (imanı ilə gücləndirən), 25 il ərzində İran və İraqda dövrün görkəmli din xadimlərindən ustad dərsi və mükəmməl təhsil alan Şeyx Mütəllim ağa bu məscidin mədrəsəsinə rəhbərli etmiş, 1937-ci ildə isə güllələnmişdir, 68 yaşında.
Şeyx Mütəllim Hafizi-Quran idi, dini və dünyəvi elmlərdən dərs deyib, əski nüsxəli dini kitablarından ibarət kitabxanası olub (deyilənə görə həmin kitabların xeylisini oğlu Mirzə Əhməd (1911-1966) 1960-ci illərin əvvəllərində ərəb və fars dillərinin kamil bilicisi, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) müəllimi Əli Fəhmiyə (1919-1975) vermişdir), kənd məscidi təmir edilərkən divarlardan yun və ipək parçaya büüklmüş 17-18 kitab tapılıb. Şeyxin geologiya-mineralogiya elmindən bilgisinin nəticəsi olub ki, kənd camaatının su ilə təminatı üçün ətrafda bir neçə yerdə quyu qazdırıb, onlardan biri (Lökbatan qəsəbəsi səmtində, cənuba tərəf 2 km aralıda) "Axund bulağı" adlanır, ordan indi də su çıxır, axıb gedir "Dərə ağıl" deyilən yerə, ora qədim tərəkə obasının yeri olub...
Abşeron yarımadasında yeganə bulaq çıxan yer oradır (qalan yerlərdə quyu qazılır), eləcədə üzə çıxan bulağın bir yerində su şirin, bir yerində şor, bir tərəfdə isti, bir tərəfdə soyuqdur...
Rəsullulah məscidinə bitişik "İmamalı çalası"nda100-120 il əvvəl göl olub, orada dəvə batıbmış və həmin göldən 1-1,5 km məsafədə qayanı parçalayıb nov çəkiblər qəbirstanlığın yaxınlığındakı hamama-qəbirqazanlar üçün (bu barədə İbrahim Qədir oğlu (1934-2012) danışıb).
Yuxarı Güzdək kəndinin sakral ocaqlarından biri də yaxınlığdakı (kənddən 1 km aralı, şimala tərəf) "Qırxqız piri"dir. Təbriz şəhərindən Xəzər dənizinin şimal sahillərinə və Volqaboyu ərazilərəuzanan qədim karvan yolu üstündə olub bu ziyarət yeri, həm də ibadətgah olub, eləcə də tərəkəmə-elat yolunun (Quba nahiyəsinin Qonaqkənd, Dərk kənləri simsarınadək-"Şələmərz yayalqları"na kimi) üstündə də bu məkan.
Rəvayətə görə, orada sığınacaq tapan bakirə qızların duası müqabilində yarılan dağa sığınan gözəllərin göz yaşlarından bulaq yaranıb, onun suyundan ehsan kimi evlərə paylanan xəmiraşı bişirərdilər kəndin ağbirçəkləri-Züleyxa Əsgər qızı (1918-1975), Bibixanım Qənbər qızı (1881-1956), Gülüstan Zal qızı (1897-1972), Maral Ağabala qızı (1909-1994)...
Kəndin qədimliyi, dini-irfani təlim gücünün ruhsallığı quzey girişində salınmış əski qəbirstanlıqda da ünvan tapıb, "Əmanət qəbirlər", nəbati naxışlı sənduqələr, daş təqvimlər, cənub-qərbə 4-5 km aralıdakı "Qızıl qaya"da tapılmış XVI-XVII əsrə aid küp qəbrlər-dəfinələr timsalında, tərəkəmələrin dəstəmaz aldıqları çappalar olan yerlərdə(heyvan ayağı dəymən hissədə) də("Qum", "Böyük Daş", "Kiçik Daş", "Uzundərə" qış otlaqlarında, "Böyük Daş" yatağında Əbdürrəhim Məhərrəm oğlunun (1901-1969) çappası hələ də qalır, onu kənd sakini Qasım Heydər oğlu(1935-2012) tanıdıb 2001-ci ildə)...
İman-irfan sahibi olduğuna görə Əbdürrəhim Məhərrəm oğlu 1947-1948-ci illərdə Uzaq Şərqdə sürgünə göndərilib.
"Qızıl qaya"dan kəsilmiş daş (yüngül olduğu üçün səliqəli yonulurmuş) tabutlarda əhd və vəsiyyət edənləri Məkə və Mədinə, Kərbəla şəhərlərinə (ona görə də həmin yerlərin bir çox tikililəri məhz "Qızıl qaya" daşındadır) aparıb orada dəfn edərlərmiş.
Şərq tərəfdə, evlərdən 100 m aralıdakı "Yağış piri"ndə imanlı-inanclı kəslərin duaları qəbul olunardı, yağış həsrətlərinə son qoyulardı-ziyarətdən qayıdan Maral Ağabala qızı"Çoban aşı" bişirib paylayandan sonra.
Dini-sakral dünyagörüşünün-dünyadərkinin irfani həddi zənginliyi bu kəndin bir çox ruhani varlıq yiyələrinə nəsib olub. Onlardan biri də iman və haqq yiyəsiMəlik Əzim oğlunun (1883-1937) və Xədicə Səməd qızının (1898-1961) ocağında da dünyaya gəlib-mistik ruhun daşıyıcısı Sona Məlik qızı (1906-1991) idi.
Ona İlahi yolun müridi olmaq haqqı yuxuda gördüyü Bibi Heybət məscidində 3 gün qaranlıq otaqda tək-tənha qaldıqdan sonra nazil olmuş, ayıldıqdan sonra "Məkkəyə gedib ziyarət etdiyini, Peyğəmbər nəzərində olduğunu" bildirmişdir.
Mələklərlə danışdığını sonra bildirərdi, onun aləmində, irfani dünyadərkində hər kəsin öz adı vardı (sol çiyninə qonan mələyin adı Zeynəb idi). Onunla əvvəlcə öz dillərində, sonra doğma dilimizdə danışardı, "mən bu dili oxumamışam, bu dili və Quranı mənə oxudublar", deyərdi. El arasında ona "Bacı" deyərdilər, indi də ən çox icilənand:
-Bacının goru haqqı-dır.
.. ...1970-ci illərdə kənddə Heydər Canbaxış oğlu (1927-2014) "mədə xərçəngi" xəstəliyinə tutulur, həkimlər tərəfindən evinə göndərilir ki, son günləridir... Sona Məlik qızı Allah-Təalanın dərgahına üz tutdu, dualımüalicələri ilə onu sağaltdı, dünyaya qaytardı, ona ailə qurmağı, 5 oğul, 1 qız atası olmağı nəsib etdi.
Qardaşı Hüseynbala (1936-1954) kənddə yaşayırdı, sətəlcəm olur, aparırlar Puta kəndindəki xəstəxanaya, orda öldüyünü deyiblər, gətirib dəfn edirlər. Hüzr məclisində Bacı hüşunu itirir, ona əyan olur ki, qardaşını diri-diri basdırıblar...
1979-cu ilin sentyabr ayında qardaşı qızı Rəfiqə Hacıbala qızının nişan mərasimində mələklər ona "gözaydınlığı" verdilər, hüçunu itirdi, bayıldı, mələklər Bacıya "Cumik" deyirdilər...
I Qarabağ müharibəsi başlayan ərəfədə Sona Məlik qızı demişdir ki, sonda biz qalib gələcəyik, amma bu uzun müddətdən sonra olacaq...
Hər il mayın 2-si Bacının anım günü keçirilir, ellikcə qəbri ziyarət edilir, məqbərəsində namaz qılınır, qurbanlar kəsilir.
Ruhu şad, İlahi məqamı mübarək olsun...
(Yazının hazırlanmasında həm də Abşeron rayonu, Yuxarı Güzdək kənd sakinləri Qəşəm Əbdürrəhman oğlu Məhərrəmovun (1952), Mələk Hacıbala qızının (1952) və Məlik Hacıbala oğlu Əzimovun (1964) məlumatlarından istifadə olunmuşdur.)