Putin taktikanı dəyişir
21 Mart 2022 13:32 SiyasətMüharibənin 3 həftədən artıq davam etməsi və ciddi nailiyyətin əldə olunmaması Putini taktikasını dəyişməyə məcbur edir. O planlarında dəyişiklik edərək Ukraynanın Paytaxtını deyil cənub və şərq ərazilərini ələ keçirməyi qarşısına məqsəd qoyub. Bu barədə nüfuzlu Amerika saytı olan "World Street Journal" məlumat verib.
Bu taktiki dəyişməni Putinin "B" planı da adlandırırlar. Bu plana görə Kiyev sonda Rusiyanın iddialarını qəbul etməyə məcbur olacaq , Ukraynanın cənub və şərq ərazilərində Kreml istədiyi üsul-idarəni yaradacaq. Putin bununla eyni zamanda, Rusiyanın Qərb hissəsini Krım yarımadası ilə birləşdirən quru yolunu əldə etmək və Donbas üzərində nəzarəti gücləndirmək istəyir.
Putinin "B" planı uğur qazanarsa onun hərbi məqsədlərinin genişləndirəcəyi heç kimdə şübhə yaratmır.
Kreml rəhbərinin taktiki gedişlərdə dəyişiklik etməsi heç də onun istəyi üzündən baş vermir. Təbii ki, Rusiya rəhbərliyində Kiyevin tutulması ilə müharibəni sona çatdırmaq və qarşıda qoyulan məsələləri birdəfəlik həll etmək mümkün olardı. Amma ,məlum olduğu kimi, Rus ordusu onun qarşısına qoyulan bu məsələni yerinə yetirə bilmir. Nəinki Ukraynanın paytaxtı Kiyevi, heç ikinci , üçüncü dərəcəli şəhərləri də ala bilməyən Rus hərbçiləri, sahədə taktikanı dəyişməyə məcburdurlar. Bu bəlkə də Kiyevin əsas müdafiə qüvvələrinin diqqətini ətraf rayonlara istiqamətləndirmək məqsədi güdür. İstənilən halda Rusiyanın Kiyev həmləsinin baş tutmadığını demək olar.
Rusiya maksimum vəzifəni-bütün Ukraynanı işğal etmək vəzifəsini- yerinə yetirə bilmədi və minimum məqsədlər uğranda işə başlayıb.
Rusiyanın taktikanı təkcə sahədə deyil havada da dəyişməsini sübut edən addımlar atır. O artıq aviasiyanın gücündən istifadəni də məhdudlaşdırır. Bunun əvəzində Qara Dəniz və Xəzər dənizindən atılan hipersonik raketlərə üstünlük verir. Bu silahların istifadəsi beynəlxalq hüquq normalarına əsasən qadağan olunsa da Rusiya bu silahlardan istifadə etdiyini heç kimdən gizlətmir. Rusiya bununla Amerika və NATO-ya bildirmək istəyir ki, onun qarşıya qoyduğu məqsədlərə çatması üçün heç bir hüquqi mane yoxdur.
Maraqlıdır, görəsən Putinin bu müharibəni planlaşdıran zaman əlifbanın neçə hərfindən istifadıə edib?
Əlimusa İbrahimov
Politoloq