Ər-Riyad Vaşinqtona hansı mesajı verir?
11 Mart 2022 14:34 Siyasət"Rusiyaya enerji sanksiyalarından sonra Vaşinqton bazarda sabitliyi təmin etmək üçün iki istiqamətdə çalışır. Birincisi, Venesuella ilə danışıqlar aparılır, o cümlədən, nüvə danışıqlarını sürətləndirərək, İrana qarşı sanksiyaları yumşaltmaq və bu ölkənin neftini bazara çıxarmaq niyyətindədir. İkincisi, körfəz ölkələri - Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyindən neft ixracatını artırmasını istəyir". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, İran və Venesuella ilə məsələ hələ müzakirə olunduğu üçün cari dövrdə ərəb ölkələrinin ixracatı artırması problemi həll edə bilər. ABŞ mediası Bayden Administrasiyasının Səudiyyə və BƏƏ rəhbərliyi ilə danışıqlar aparmaq istəyinin bu ölkələr tərəfindən qəbul edilmədiyini, daha sonra BƏƏ-nin ixracatı artırmaq məsələsini OPEC-də müzakirəyə çıxaracağını yazır. Səudiyyə Ərəbistanı isə bu istəyi qəbul etmir. Tramp dövründən fərqli olaraq, Ər-Riyadın Bayden Administrasiyası ilə əlaqələri o qədər də isti deyil. Bütün bunların fonunda dünən gecə saatlarında yayılan xəbər xüsusilə diqqət çəkir: Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA Enerji Nazirliyinin rəsmilərinə istinadən paytaxt Ər-Riyadda neft emalı zavoduna PUA hücumunun edildiyini yazdı. Rəsmi məlumatda deyilir ki, "terror hücumu İranın dəstəklədiyi husilər tərəfindən törədilib və bu, təkcə Səudiyyə Ərəbistanını yox, həm də dünyanın enerji təhlükəsizliyinin hədəfə alınmasıdır".
Beləliklə, Ər-Riyad Vaşinqtona mesaj verir ki: - Razılaşmaq və neftini bazara çıxarmaq istədiyin İranın dəstəklədiyi qruplar "dünyanın enerji təhlükəsizliyini" təhdid edir; - İranla anlaşma olacaqsa, Səudiyyə Ərəbistanı ABŞ-ın neft siyasətini dəstəkləməyəcək; Və mövcud vəziyyətdə körfəzdə baş verə biləcək istənilən qəza dünya bazarında neftin qiymətinə ciddi təsir edə bilər.