İrəvan əldə olunan razılaşmaları icra etmir

Ermənistan kimə və nəyə güvənərək bu addımları atır?

44 günlük Vətən müharibəsindən və bu müharibənin başa çatmasını özündə ehtiva edən 10 noyabr bəyanatından 14 aydan artıq vaxt keçsə də, lakin bu günə qədər məğlub ölkə kimi sənədə imza atan Ermənistan tərəfi müxtəlif bəhanələr gətirərək üçtərəfli razılaşmanın detallarına əməl etmir, həmişəki kimi pozuculuq fəaliyyəti ilə məşğul olur. Rəsmi Bakının istər 10 noyabr bəyanatı, istərsə də ondan sonrakı dövrdə Kreml rəhbəri Vladimir Putinin, Avropa İttifaqının prezidentinin təşəbbüsü ilə keçirilən görüşlərdə əldə edilən ümumi razılıqlara əməl edərək konkret addımlar atmasına rəğmən, qarşı tərəf keçmiş ampluasında qalaraq əldə edilən razılaşmaları icra etməyə tələsmir. Burada maraqlı məqamlardan biri ondan ibarətdir ki, işğal dövründə olduğu kimi, işğaldan sonrakı mərhələdə də tərəfləri barışdırmağa, iki qonşu ölkə arasında sabitlik və sülh yaratmağa çalışdıqlarını göstərməyə çalışan beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistanın pozuculuq əməllərinə qarşı sərt mövqe nümayiş etdirmirlər. Bu cəzasızlıq sindromu isə Ermənistanın pozuculuq əməllərinin daha da genişlənməsinə yol açır.  Elə ötən gün düşmən tərəfinin Kəlbəcər istiqamətindəki mövqelərimizi atəşə tutması da bunun əyani sübutudur.

Elə "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov da belə düşünür. O bildirib ki, Ermənistanın mütəmadi olaraq Azərbaycanla dövlət sərhədində və yaxud rus "sülhməramlıları"nın müvəqqəti nəzarət etdiyi Azərbaycanın Qarabağ bölgəsində yaratdığı insidentlər və pozduğu atəşkəslər getdikcə daha da sürətlənməkdədir. Mərkəz rəhbərinin sözlərinə görə, II Qarabağ savaşından sonra nə Rusiya, nə də Ermənistan imzaladığı 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamələrinin şərtlərinə əmək etmək niyyətində olmadıqlarını hər addımda göstərməyə çalışırlar: "Həm Rusiya prezidenti Vladimir Putinin, həm də Avropa Birliyinin vasitəçiliyi ilə Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında görüş baş tutsa və razılıqlar əldə edilsə də, Ermənistanın qətiyyətsiz mövqeyi ucbatından həmin görüşlər nəticəsiz qalıb. İstər Soçi görüşü, istər Brüssel görüşü, istərsə də son video konfrans vasitəsi ilə keçrilən görüşdə əldə edilən istənilən razılaşma Ermənistan tərəfindən pozulub. Demək olar ki, Azərbaycan tərəfi erməni terrorçu diversantlarının böyük hissəsini qaytarmasına baxmayaraq, Ermənistan hələ də Azərbaycanın bəzi tələblərini yerinə yetirmək niyyətində olduğunu göstərmir".

Samir Hümbətov diqqətə çatdırıb ki, Avropa İttifaqının prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron, Azərbaycan prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan videkonfransda Azərbaycanın bir sıra tələbləri ölkə başçısı tərəfindən dilə gətrilib: "Bura I Qarabağ savaşından bəri taleyindən xəbər bilinməyən 4 minə qədər hərbi və mülki vətəndaşımız haqqında məlumat, minaların xəritələrinin verilməsi, kommunikasiyaların açılması, delmitasiya və demarkasiya işlərinin başladılması, sülh və etimad mühitinin yaradılması daxildir. Bütün bu qeyd edilənlər barədə ümumi razılıq əldə edilsə də, görüşdən sonra Ermənistan tərəfi yenə razılaşmadan boyun qaçırdı. O zaman sual oluna bilər ki, Ermənistan kimə və nəyə güvənərək bu addımları atır? Onun belə addımlar atmasına stimul verən amillər nələrdir?".

Samir Hümbətovun sözlərinə görə, görünən odur ki, 10 noyabr 2020-ci il üçtərəfi bəyannamə ilə Azərbaycanın Qarabağ bölgəsində "sülhməramlı fəaliyyət" həyata keçirənlər və Qərbin münaqişədə maraqlı olan birsıra qüvvələri Ermənistan vasitəsi ilə pərdəarxası oyun oynamaq niyyətindədir: "Məhz buna görədir ki, erməni silahlı terrorçuları hələ də Qarabağ bölgəsindən çıxarılmır. Hadisələrin gedişindən belə qənaətə gəlmək olar ki, həm Rusiya, həm də Qərb ölkələri ermənilərin əli ilə müxtəlif formalı monipulyasiyalar etməkdə maraqlıdırlar. Ona görə də Ermənistanın əldə edilən razılaşmalatdan boyun qaçırması bundan sonra da ehtimal edilə bilər.  Fikrimcə, bu məsələ indiki halda bizim üçün o dərəcədə əlverişli olmasa da 5 ilin tamamında əlimizi gücləndirməyə ciddi dəstək ola bilər".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31