Azərbaycançılıq ideologiyası 44 günlük Vətən müharibəsində qələbəmizə təsir göstərən mühüm məqam kimi
13 Yanvar 2022 15:02 SiyasətAzərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir
Azərbaycançılıq dünəndən bu günə, keçmişdən indiyə qədər olan zaman kəsimində azərbaycanlıları birləşdirən, onların birlik və bərabərliyini, həmrəyliyini möhkəmləndirən bir ideyadır. Bu gün dünyada yaşayan soydaşlarımızın həm birlik və bərabərlik nümayiş etdirməsi, həmrəy olması, həm də Azərbaycan dövləti ətrafında sıx birləşməsində Azərbaycançılıq ideologiyası mühüm rol oynayır desək yanılmarıq.
Bu bir danılmaz faktdır ki, bütün istiqamət və sahələrdə olduğu kimi azərbaycanlıların birlik və bərabərliyi, onların vahid bir ideya, Azərbaycançılıq ideyası ətrafında birləşməsində də ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsiz və ölçüyə gəlməzdir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev azərbaycançılıq ideyasının formalaşıb təşəkkül tapması, bu ideyanın inkişaf etdirilməsi, soydaşlarımızın həmin ideya ətrafında birləşməsi istiqamətiondə sistemli əaliyyət göstərib. İstər sovet Azərbaycanına rəhbərlik etdiyi 1970-80-cı illərdə yüzlərlə azərbaycanlı gəncin keçmiş ittifaq ölkələrinin nüfuzlu ali təhsil ocaqlarına oxumaq üçün göndərilməsi, istər ümummili liderin sayəsində Azərbaycanın tanınmış şair və yazıçıları, mütəfəkkirlərinin yubileylərinin Azərbaycanla yanaşı keçmiş SSRİ-nin ayrı-ayrı respublikaları, xüsusilə yaxın qonşularımızda qeyd olunması, istərsə də milli mənsubiyyətimiz, dəyərlərimizin qorunması, onların yad təsirlərdən uzaq tutulması istiqamətində Heydər Əliyev tərəfindən atılan addımlar məhz ümumilli liderin Azərbaycançılıq ideyasının daha geniş yayılması, soydaşlarımızın bu ideya ətrafında birləşməsinə verdiyi dəyərli töhfələrdən idi. Təsadüfi deyil ki, həm qeyd edilən yubiley tədbirlərində çıxışından, həm də ittifaq ölkələrinə azərbaycanlı gəncləri ali təhsil almağa göndərəndə onlarla keçirdiyi görüşlərdə Heydər Əliyev soydaşlarımıza harada yaşamasından asılı olmayaraq Azərbaycana bağlı olmalarını tövsiyə edir, onları azərbaycançılıq ideyası ətrafında birləşməyə istiqamətləndirirdi. Onu da qeyd etmək lazımdır ki, SSRİ-nin zamanında, Moskvanın qılıncının dalı və qabağının kəsdiyi illərdə belə bir ideya ilə çıxış etmək, gənclərə bunu təbliğ etmək kifayət qədər risk tələb edirdi. və belə bir riskə də yalnız və yalnız zəngin siyasi və idarəçilik təcrübəsi olan Heydər Əliyev gedə bilərdi.
Azərbaycançılıq ideyasının daha geniş mənada təşəkkül tapması, onun inkişaf etməsi də müstəqilik illərinə təsadüf etdi. Əslində bu dövr də məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və ümummilli lider 1990-cı illərin əvvəllərində xalqın təkidli tələbi ilə hakimiyyətə gəlib ölkə başçısı seçildikdən sonra Azərbaycançılıq ideyasının daha geniş yayılması, soydaşlarımızın bu ideya ətrafında sıx birləşməsinə nail olmaq istiqamətində sistemli və təqdirəlayiq addımlar atdı. Elə Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi təşəbbüsü və bu tarixi hadisənin reallaşması da məhz Azərbaycançılıq ideyasının yayılması, bu ideya ətrafında soydaşlarımızın daha sıx birləşməsinə təsadüf edirdi. Təsadüfi deyil ki, 2001-ci il noyabrın 9-da Bakıda baş tutan Dünya azərbaycanlılarının I qurultayında çıxışı zamanı Heydər Əliyev bu məsələyə xüsusi diqqət ayıraraq demişdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".
Ümummilli lider azərbaycançılıq ideyasının geniş yayılması, soydaşlarımızın bu ideya ətrafında birləşməsini zəruri hesab etməklə yanaşı, eyni zamanda bu ideyanın inkişaına xidmət edən bir sıra vacib məqamlara da diqqət yetirilməsinə diqqət çəkirdi. Heydər Əliyev bu sırada ilk növbədə mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz, musiqimiz, adət-ənənələrimizi qeyd edirdi: "Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir - ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şerlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır"
Dünya Azərbaycanlılarının Birinci Qurultayı bu mənada azərbaycançılıq ideyasının yeni dövrün tələblərinə uyğun daha da inkişaf etdirilməsi, dünyada yaşayan soydaşlarımızın bu ideya ətrafında sıx birləşməsi baxımından mühüm əhəmiyyətə malik bir hadisə oldu. Sonrakı illədə keçirilən 2, 3 və 4-cü qurultaylar isə bu prosesi daha da sürətləndirdi.
Günümüzdə azərbaycançılıq ideyası demək olar ki, həm bizim, həm də ulu öndər Heydər Əliyevin arzuladığı səviyyədədir desək yanılmarıq. Bunun əyani sübutu kimi 44 günlük Vətən müharibəsi və qazandığımız tarixi zəfəri göstərə bilərik. Bu tarixi zəfəri Müzəffər Azərbaycan Ordusu, onun qalib Ali Baş Komandanı ilə yanaşı, eyni zamanda azərbaycançılıq ideyası ətrafında yaratdığımız sıx birlik, həmrəylik qazandı. 44 günlük Vətən müharibəsi boyunca dünyanın istənilən ölkəsində yaşayan soydaşımız siyasi mənsubiyyəti və tutduğu mövqedən asılı olmayaraq azərbaycançılıq ideologiyası ətrafında birləşərək tarixi qələbəmizə öz töhfələrini verdilər.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Media İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir