Qazaxıstanda Rusiyanın atdığı addımların pərdə arxasındakı mənaları...

Politoloq Aydın Quliyev   Qazaxıstanda baş vermiş iğtişaşlarla  bağlı  bildirib  ki,   bu birbaşa  ölkənin daxilində sosial-iqtisadi vəziyyət və vətəndaş hüquqlarının durumu ilə bağlı olsa da, çox qısa müddətdə gedən mürəkkəb geosiyasi oyunların və mübarizələrin tərkib hissəsinə çevrildi. Yəni, əgər Qazaxıstanda aydın məsələdir ki, sosial-iqtisadi vəziyyətdə müəyyən problemlər və insan hüquqları sahəsində çatışmazlıqlar olmasaydı da fikrimcə, belə geosiyasi mübarizədə marağı olan qüvvələr gec-tez istənilən bəhanə ilə törətməyə cəhd edəcəkdilər. Ancaq ölkənin daxilində iğtişaşlar üçün obyektiv bazanın və səbəblərin olması müəyyən geosiyasi qüvvələrə öz planlarını həyata keçirmək üçün şans və imkan açdı: "Sözsüz ki, bu geosiyasi mübarizədə maraqlı olan qüvvələrdən biri, birincisi və ən böyüyü Rusiya və Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı oldu. Çünki, Qazaxıstan olduqca əhəmiyyətli bir geosiyasi məkanda yerləşdiyi üçün onunla  bağlı ən müxtəlif dünya mərkəzlərinin müəyyən maraqları var. Burada Çinin, Qərbin, Amerika Birləşmiş Ştatlarının, Avropa ölkələrinin də müxtəlif maraqları var. Təbii ki, Qazaxıstan Rusiyanın da həm MDB üzvü olduğu üçün, həm də KTMT-nin üzvü olduğu üçün birbaşa səlahiyyət zonasında və mənafe bölgəsindədir. Ona görə də, Qazaxıstanda baş verən proseslərin üzərində Rusiyanın xüsusilə maraqlı olması və o prosesləri öz maraqlarına uyğun yönəltməyə cəhdlər göstərməsi tam təbii bir haldır. Ancaq KTMT-nin bu ölkəyə hərbi müdaxiləsi tamamilə qanunsuz və bu təşkilatın nizamnaməsinə uyğun deyil. Çünki, konkret şəraitdə Qazaxıstanın ərazi bütövlüyü  və yaxud da onun sərhədlərinin toxunulmazlığı üçün hər hansı birbaşa və xaricdən gələn təhlükə yox idi. Nəzərə alsaq ki, KTMT-nin də nizamnaməsinin sütun prinsiplərindən biri məhz üzv dövlətin xarici sərhədlərinin toxunulmazlığı və yaxud da toxunulduğu məqamdırsa, onda KTMT-nin bu ölkəyə hərbi müdaxiləsi üçün obyektiv bir zəmin yox idi. O da var ki, konkret şəraitdə ölkəyə başçılıq edən və prezidentin səlahiyyətlərini yerinə yetirən, o cümlədən də, Təhlükəsizlik Şurası vəzifəsini yerinə yetirən şəxsin də bu məsələdə, yəni, ölkəyə xarici qüvvələri cəlb etməkdə nə qədər səlahiyyətli olması da kifayət qədər mübahisəlidir. Ona görə ki, Təhlükəsizlik Şurasının hazırkı vəziyyətdə faktiki keçmiş sədri olan Nazarbayevin hələ də olması və bu vəzifəni hansı şəraitdə Tokayevə təhvil verdiyi məlum deyil. Tokayevin xarici hərbi qüvvələri ölkəyə dəvət etməsinin özü də qeyri-legitim kimi səslənir ki, bu barədə beynəlxalq tribunalarda da fikirlər var.

Qazaxıstanda baş verən hadisələrdə müəyyən hadisələrin müəyyən ssenarisində Türkiyənin də adının hallandırılması cəhdləri var. Təəssüf ki, hətta Jirinovski qardaş ölkənin əleyhinə birbaşa ittihamla çıxış edərək bu hadisələrin təşkil olunmasında, bu hadisələrə təsir göstərilməsində Türkiyənin də bir müsəlman ölkəsi olaraq rol oynadığı barədə əsassız, heç bir dayağı olmayan fikirlər irəli sürüb. Təbii ki, türk dövləti olaraq, Türk Dövlətləri Təşkilatının üzvü olaraq və Qazaxıstanda müəyyən biznes investisiya əlaqələri qurduğuna görə Türkiyənin ümumən Qazaxıstan mövzusunda laqeyd qalması mümkünsüzdür və düzgün olmazdı. Təbii ki, Türkiyənin Qazaxıstanla  əlaqələrdə müəyyən maraqları var. Amma bu proseslərin təşkil olunmasında Türkiyənin birbaşa və yaxud dolayı maraqlı olmağı barədə fikir absurd səslənir və reallığa uyğun deyil. Bu ölkədəki proseslərin, təxribatların idarə olunması birbaşa KTMT-nin və Rusiyanın maraqları çərçivəsindədir.

Unutmayaq ki, Qazaxıstanda bu hadisələr NATO-Rusiya münasibətlərinin ən kəskin dövründə və və NATO sammitinin ərəfəsində baş verib. Mənim fikrimcə, Rusiya NATO sammiti ərəfəsində özü üçün vacib saydığı iki vəzifəni yerinə yetirməyə çalışdı. Bunun birincisi, Ukrayna ilə bağlıdır. Ukraynanın sərhədlərinə kifayət qədər ordu birləşmələri yerləşdirdi və Ukraynanın açıq-aşkar NATO-ya qəbul olunacağı təqdirdə kəskin hərbi addımlar atacağını açıq şəkildə bildirdi. İkincisi isə, Qazaxıstana, yəni, Orta Asiyanın bu böyük bölgəsinə vəziyyətdən istifadə edərək çox böyük qoşun birləşmələri yerləşdirə bildi. Rəsmi olaraq Qazaxıstanda guya 2500 KTMT hərbçisinin olduğu bəyan edilsə də, fikrimcə, Qazaxıstanda bu gün daha böyük hərbi kontingent var. Çünki, 23 milyon əhalisi, 3 milyon km² ərazisi olan bir ölkədə sabitliyin bərpasının təmin olunması məqsədi üçün 2500 nəfərlik hərbi kontingent kifayət qədər kiçik, təsirsiz rəqəmdir. Ona görə, məncə, Qazaxıstanda elan olunmayan və görünməyən sayda, miqyasda hərbi qüvvələrin yerləşdirilməsi bir faktdır. Çünki, hədəf təkcə Qazaxıstan deyil. Qazaxıstan elə bir ölkədir ki, bu ölkəyə, ölkədə proseslərə hakim olanın birbaşa Qırğızıstana, Tacikistana, Özbəkistana və Türkmənistana təsir göstərmək və yaxud da bu ölkələrdəki müəyyən arzuolunmaz təsirləri neytrallaşdırmaq imkanı var. Başqa sözlə desək, Qazaxıstan Orta Asiyanın ürəyi olan bir məkan kimi qəbul oluna bilər. Bu mənada NATO-nun sammiti ərəfəsində Rusiya Qazaxıstana görünməz dərəcədə hərbi qüvvələr yerləşdirməklə ikinci vəzifəni də yerinə yetirdi. Faktiki həm Ukrayna, həm Orta Asiya respublikaları NATO-nun genişlənmək planları çərçivəsində artıq tam nəzarətə götürülüb. Bir də Rusiya NATO ölkələrini fakt qarşısında qoydu. Onu da deyim ki, NATO-nun, Amerikanın Orta Asiya ölkələrində xüsusi maraqları var. Hələ, XX əsrin sonlarında, 90-cı illərində və bu əsrin əvvəllərində hətta Özbəkistanda, Qırğızıstanda  Amerikanın hərbi bazaları da var idi. Düzdür, bunlar o zaman Əfqanıstanda aparılan sülhyaratma əməliyyatları çərçivəsində vacib bilinən hərbi bazalar olsa da, çox böyük çətinliklə Rusiya həmin bazaların orta Asiyadan götürülməsinə nail ola bildi. Yəni, Amerikanın Özbəkistanda, Qazaxıstanda xüsusi maraqlarının olması qəti şəkildə şübhə doğurmur və doğurmamalıdır. Həm də Əfqanıstanla   birbaşa bağlı olan ölkələr olduğu üçün Özbəkistan və Qazaxıstan Amerikanın planlarında xüsusi vacib ölkələr sayılır. Bu mənada bu gün Qazaxıstanda baş verən hadisələrin Rusiya tərəfindən tam nəzarətə götürülməsi əslində geosiyasi maraq zonaları uğrunda gedən mübarizənin bariz təzahürüdür. Hansı ki, bunlar NATO-nun sammiti ərəfəsində baş verir. Hansı ki, Rusiya NATO-dan bu təşkilatın şərqə doğru genişlənməyəcəyi ilə bağlı tələbinə cavab gözləyir. Yəgin ki, artıq Rusiya MDB məkanında Qazaxıstan da, Qafqaz da daxil, özünün siyasi hegemonluğuna nail olmaq üçün konkret və birmənalı addımlar atmaq siyasətini həyata keçirməkdədir. Biz Qazaxıstanda Rusiyanın atdığı addımların pərdə arxasındakı mənalarını bu cür dəyərləndiririk. Yəni, təkcə Qazaxıstanın daxili işi yox, bu daxildə gedən prosesləri mühüm geosiyasi faktora çevirmək məsələsi var. Hansı ki, Rusiya artıq bunu həll etdi, Qazaxıstanın daxili tam nəzarətə götürməklə bu ölkənin ətrafındakı geosiyasi oyunlarda iştirak etmək istəyən digər oyunçuların demək olar ki, imkanlarını xeyli dərəcədə neytrallaşdıra bildi. Hələlik vəziyyət bundan ibarətdir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31