Əgər Ermənistan sülh sazişini imzalamaqdan imtina etsə...

"Əgər Ermənistan sülh sazişini imzalamaqdan imtina etsə və yaxud bu məsələni uzadarsa təbii ki, Ermənistanın qeyri-səmimi davranışı ciddi və ağır nəticələrə gətirib çıxaracaq" 

Bu barədə Olaylar.az-a açıqlama verən siyasi ekspert Rəfail Becanov  bildirib ki, Brüssel görüşü bütün mənalarda əhəmiyyətli görüşlərdən biri oldu. Ona görə ki, Azərbaycanın mövqeyi tamamilə aydın şəkildə bir daha  elan edildi. Avropa İttifaqı da bu məsələdə vasitəçi kimi konstruktiv bir mövqe sərgilədi. Təbii ki, bundan öncə də müzakirələr aparılmışdı və Ermənistanın hətta müharibədən sonra kapitulyasiya aktı imzalayarkən 9  noyabrda belə üzərinə götürdüyü öhdəliklər vardı ki, bu öhdəlikləri yerinə yetirməliydi. Müəyyən gecikmələr var. Bir ildən artıq bir müddət keməsinə baxmayaraq hələ də bu öhdəliklər tamamilə yerinə yetirilməyib.

"Brüssel görüşündə bu məsələlər bir daha gündəmə gətirildi və Ermənistanın üzərinə böyük bir məsuliyyət qoyuldu ki, üzərinə götürdüyü hər bir öhdəliyi yerinə yetirməlidir. Hətta Azərbaycan Prezidenti birmənalı şəkildə bəyan etdi ki,  biz sülh tərəfdarıyıq,  biz müharibə istəmirik, istəyirik ki, nəzərdə tutulan bütün proseslər həyata keçirilsin. Kommunikasiyalar açılsın, bərpa edilsin, sərhədlərin delimitasiyası prosesi sona çatdırılsın. Nəticədə də artıq sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupunun yaradılması məsələsi öz həllini tapdı. Dəmir yol xəttinin çəkilməsi və  bu yolun bir müddətdən sonra açılması Azərbaycanın digər ərazilərini, Naxçıvan Muxtar Respublikası ilə birləşdirən dəmir yoll xəttinin açılması ilə bağlı məsələ demək olar ki, öz nəticəsini verdi. Razılaşdırmadan irəli gələn məsələlərin bir neçəsi demək olar ki, öz həllini tapdı. Bu görüşün gələcək aspektlərinə baxmaq mümkündür. Birincisi,   Azərbaycan qələbəsini bir daha təsdiqlədi və beynəlxalq səviyyədə  indiyə qədər bəzən Avropa  dövlətlərindən müəyyən ritorikaların  şahidi olurduq. Amma bu ritorikalar da artıq aradan qalxdı və Brüsseldə  Avropa İttifaqının da Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi bir daha təsdiqləndi. Biz vasitəçi  dövlət olaraq istənilən tövhə verə biləcək bir vəziyyətə hazırdıq. Bu dəfələrlə dövlət başçısı tərəfindən bəyan edilmişdi. Bu səfər də Avropa İttifaqı  məsələyə vasitəçilik etdi. Hesab edirəm ki,  ümumi prosesə müəyyən qədər də ciddi bir tövhə vermiş oldu. Hazırda Ermənistanın qarşısında durmuş əsas bir məsələ bu nəticələri tanımaq, bu prosesi icra etmək və sonuc olaraq regionda sülhün, sabitliyin, əmin-amanlığın möhkəmlənməsinə və daimi olmasına xidmət etməkdir.  Gözləyirik ki, Ermənistan bu məsələdə real addımlar atacaq. Bu real addımlar ondan ibarət olacaq ki, kommunikasiyalar dərhal açılacaq. Delimitasiya prosesi sürətlə və insidentsiz, təxribatsız başa çatacaq, regionda sabitliyin və sülhün möhkəmlənməsinə xidmət etmiş olacaq. Ona görə ki, bu Zəngəzur dəhlizi ilə bağlı məsələ təkcə Azərbaycan və Ermənistan arasında olan məsələ deyil. Bu artıq xüsusi geosiyasi əhəmiyyəti olan, Asiyanı Avropa ilə birləşdirən yeni bir dəhlizin, yeni bir infrastrukturun yaradılmasıdır ki, bundan da Ermənistan fayda götürəcək. O cümlədən digər region dövlətləri faydalanacaq. Hətta Çinə qədər  belə ümumi və faydalı bir prosesə çevriləcək və bir radistik dəhliz olacaq.  Bunlar çox əhəmiyyətli məsələlərdir. Hesab edirəm ki, Brüssel görüşünün əhəmiyyətli tərəflərindən biri budur. Digər bir tərəf isə Azərbaycan birmənalı şəkildə dövlət başçısı səviyyəsində Brüsseldə elan etdi ki, əgər o ərazilərdə gömrük postları olacaqsa bu eyni zamanda Laçın dəhlizində də olacaq.  Təbii ki, bu birtərəfli qaydada ola bilməz. Ermənistan artıq başa düşməli və nəticə çıxamalıdır. Görüşün nəticələrini belə qiymətləndirmək olar ki, regionda sülhə və sabitliyə gedən yolda böyük bir əhəmiyyətli proses oldu. Növbəti məsələ Ermənistanın sülh sazişinə hazırlaşmasıdır ki, regionda əbədi sülhə nail olaq. Əgər Ermənistan sülh sazişini imzalamaqdan imtina etsə və yaxud bu məsələni uzadarsa təbii ki, Ermənistanın qeyri-səmimi davranışının nəticəsi olacaq və bu da Ermənistana ciddi və ağır nəticələrə gətirib çıxaracaq"

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31