Prezident İlham Əliyev: Azərbaycan regionda sülhə, sabitliyə və vəziyyətin proqnozlaşdırıla bilən olmasına sadiqdir (YENİLƏNİB)
14 Dekabr 2021 19:28 SiyasətAzərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqdir.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Biz cənab Baş katiblə Cənubi Qafqazda postmüharibə vəziyyətini müzakirə etdik. Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqdir. Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik.
Biz, həmçinin cənab Baş katiblə regionda enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Mən cənab Baş katibə məlumat verdim ki, bu gün Azərbaycan NATO-ya üzv 4 ölkənin etibarlı təbii qaz təchizatçısıdır. Əminəm ki, qarşıdakı illərdə onların sayı arta bilər. Bu, həmçinin regional sabitlik, təhlükəsizlik üçün mühümdür. Çünki, enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Ümumilikdə biz NATO ilə yüksəksəviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq. Biz çox şadıq ki, NATO bizim səylərimizi qiymətləndirir və bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gəldik. Bir daha dəvətə görə təşəkkür edirəm".