"Rəqabət qabiliyyətli iqtisadiyyatın qurulması əsas hədəflər sırasındadır".

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 8-ci Zirvə görüşü bir sıra hadisələrlə yadda qaldı. Əsas etibarilə, ticari, iqtisadi, siyasi, sosial, hərbi münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində qərarlar qəbul edildi və bəyannamə şəklində bu öz əksini tapdı".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

"Azərbaycanın 2019-2021-ci illərdə ikiillik təşkilata sədrlik dönəmində önəmli stateji qərarlar qəbul olunmuş, bir sıra təşəbbüslər türkdilli dövlətlər tərəfindən təqdir edilmişdir. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın sədrlik dövrü dünyanın qlobal bəlaya düçar olduğu bir dönəmdə, COVID-19-la mübarizə dönəminə təsadüf etdi və cənab prezident İlham Əliyevin türkdilli dövlətlərin onlayn şəkildə konfrans keçirməsi ilə bağlı təşəbbüsünü bütün türkdilli dövlətlər dəstəkləmişdilər. 2009-cu ilin oktyabr ayında Naxçıvandan başlayan böyük bir yol bu gün qarşısına yeni hədəflər qoyub və bu hədəflər həm də, təşkilatın coğrafiyasının genişləndirilməsidir. Azərbaycanın sədrliyi dönəmində Özbəkistanın bu təşkilata tamhüquqlu üzvlüyü qeydə alınmışdır və son zirvə görüşündə Türkmənistan da müşahidəçi statusu qismində bu təşkilata qoşulmaqla bütün ailə tablosu öz yerini almışdır. Türkdilli dövlətlərin daha da inkişafı bizim böyük ailəmizi - Turan ailəsini daha da gücləndirir. Eyni zamanda, qeyd olunmalıdır ki, Azərbaycanın bu inkişafı, hərbi sahədə əldə etdiyi uğurlar, vətən müharibəsindəki zəfəri türk dövlətləri də ilhamlandırır və onlar bizim qələbəmizi öz qələbəsi kimi qeyd edirlər. Bu xüsusda Türkiyə Respublikası prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın türk dünyasının ali mükafatını müzəffər ali baş komandan İlham Əliyevə təqdim etməsi zirvə görüşü əsnasında baş tutmuşdur. Bu bütün Azərbaycan xalqına verilən mükafatdır, Azərbaycan xalqının yenilməz iradəsini, gücünü, birliyini və həmrəyliyini işarə edən bir ali mükafatdır. Ona görə bütün türk dünyasını təmsil edən dövlətlərə bu məsuliyyətə və etimada görə təşəkkür edirik. Eyni zamanda, qeyd olmalıdır ki, Özbəkistan işğaldan azad olunmuş ərazilərdə məktəb tikintisi ilə bağlı təşəbbüslə çıxış edib. Özbək qardaşlarımıza da bu xoş niyyətlərinə və təşəbbüslərinə görə minnətdarıq. Digər tərəfdən qeyd olunmalıdır ki, Azərbaycan tərəfi, eləcə də Türkiyə Respublikası türk dünyası arasında həmrəyliyin təşviq olunması ilə bağlı əsas lokomotiv rolunda çıxış edən dövlətlərdir.  Türkiyənin Yaxın Şərqdə, Şimali Afrikada və təmsil olunduğu regionda güclənməsi bütün türk dünyasını gücləndirir və hər bir dövlət Türkiyənin hərbi sənayesinə, hərbi qüdrətinə güvənərək gələcək perspektivlər haqqında fikir mübadiləsi aparırlar. Qeyd olunmalıdır ki, Türkiyə dövlətləri arasında əməkdaşlıq platforması artıq yeni adda fəaliyyət göstərəcək. Türk dövlətləri təşkilatı adı altında fəaliyyət göstərən bu regional platformanın qarşısında daha böyük hədəflər var və eyni zamanda qeyd olunmalıdır ki, bu hədəflər sırasında enerji və nəqliyyat yükdaşımaları əsas prioritet təşkil edir. Rəqabət qabiliyyətli iqtisadiyyatın qurulması əsas hədəflər sırasındadır".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31