Haqq-ədalətin bərpasının mükafatı

"Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qazanılan qələbə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının, dünyada ədalətsevər insanların qələbəsidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə,  Azərbaycan bu zəfəri ilə dünyada haqq-ədaləti bərpa etməyin modelini verdi. Noyabrın 12-də - Konstitusiya günümüzdə İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII zirvə görüşündə cənab Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Ali Ordeni dövlətimizin başçısına Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan  təqdim edib. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin imzaladıqları Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi qərarda yazılır: "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir". 
     Zəfərin böyük tarixi əhəmiyyətini Ali Ordeni Azərbaycan Prezidentinə təqdim edən Prezident Rəcəb Tayyib Ərdoğan belə ifadə edib: "Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev. Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan "Xarıbülbül" türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur. Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb. Fürsətdən istifadə edərək əziz Qardaşım cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etməkdən dərin məmnunluq duyur, azadlıq yolunda şəhid zirvəsinə ucalan qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edirəm". Günümüzün və şərəfli türk tarixinin qürurverici anlarından biri olan bu mükafat təkcə türk dünyasının deyil, dünyadakı ədalətsevər insanların ölkə rəhbərimizə mükafatıdır. Türk birliyinə xidmət haqq-ədalətə xidmət deməkdir. Azərbaycan bütün türk dünyasında qələbələrin müjdəçisidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31