“Azərbaycan Ermənistanın təxribatını müharibədə əks-hücuma çevirməklə sonu qalibiyyətlə bitən nəticələr ortaya qoydu”
11 Noyabr 2021 20:11 SiyasətPrezident İlham Əliyevin VIII Qlobal Bakı Forumunun açılışı zamanı çıxışı ilə əlaqədar açıqlama verən siyasi ekspert, "Bakıxəbər"qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, pandemiyadan sonra dünyanın vəziyyəti ilə bağlı müzakirələr aparmaq üçün VIII Qlobal Forumun Bakıya salınması böyük əhəmiyyətli, tarixi hadisədir. Çünki bu hadisə dünya ictimaiyyətinə, dünyanın məşhur dövlət və diplomatik siyasi xadimlərinə bir daha Azərbaycanın pandemiya ilə mübarizədə əldə etdiyi nəticələr barədə məlumat almasına səbəb olur. Eyni zamanda, Azərbaycanın son il yarım və iki il ərzində müharibə hazırlıqları və Qarabağ probleminin həlli istiqamətində atdığı diplomatik, hərbi addımların mahiyyəti ilə bağlı əlavə məlumatlar almasına kömək edir.
" Azərbaycanın, xüsusilə də son illərdə iqtisadi inkişaf, sosial müdafiə və sosial təminat modellərinin təkmilləşdirilməsi yönümündə atdığı addımlarla tanış olmaq üçün dünya ictimaiyyəti və beynəlxalq rəsmi dairələr bir daha müvafiq məlumatlar əldə etmiş olurlar. Əlbəttə ki, Azərbaycanın həm daxildə atdığı addımlar, həm də dünya miqyasında əldə etdiyi nəticələrlə bağlı dünya ictimaiyyətində və dövlətlərin siyasi xadimlərində lazımi rəyin yaradılmasında şəxsən prezidentin özünün VIII Qlobal Bakı Forumunda çıxışı olduqca təsirli əhəmiyyətə malikdir. Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın həm milli çərçivədə, həm də qlobal müstəvidə son il yarım müddətində əldə etdiyi nailiyyətlərin çox gözəl xronikasını təqdim edə bildi. Dünyanın taleyini həll edən məşhur siyasi xadimlər bir daha eşitdilər ki, Azərbaycan pandemiya ilə mübarizədə həm milli, həm də qlobal miqyasda olduqca böyük təşəbbüskarlıq nümunələri və real addımlar yaratmış bir ölkədir. Azərbaycanın pandemiya ilə bağlı atdığı bütün addımlar erkən, qabaqlayıcı, düşünülərək atılmış, eyni zamanda sistem xarakterli və bir-birini tamamlayan addımlar olub. Ölkəmizin qlobal miqyasda pandemiya ilə mübarizədə göstərdiyi təşəbbüskar addımların xüsusi əhəmiyyətini prezident bir daha qeyd etdi. Azərbaycanın rəhbəri dünyada az sayda şəxsiyyətlərdən biridir ki, dünyanın inkişaf etmiş və böyük dövlətlərinin vaksin ədalətsizliyi ilə məşğul olması, dünyanın müxtəlif ölkələrinə vaksinlərin paylanılmasını sadəcə bir gəlir və biznes mənbəyinə çevirdiklərini dəfələrlə açıq şəkildə deyib. Hətta bunu çox nüfuzlu beynəxalq tədbirlərdə də səsləndirib.Azərbaycan prezidenti ötən il həm Qoşulmama Hərəkatının onlayn formatda keçirilən zirvəsində, həm Türkdilli Dövlətlərin zirvə görüşündə, həm də Azərbaycanın təşəbbüsü ilə BMT Baş Məclisinin keçirtdiyi pandemiya ilə mübarizə ilə bağlı xüsusi sessiyasında məhz bu məsələlərə toxunaraq dünya dövlətlərini vaksin bölgüsündə ədalətli siyasət aparmağa çağırdı. Bu gün dünya üçün çox maraqlı olan 44 günlük Vətən müharibəsi və Qarabağ münaqişəsi reallıqları ilə bağlı bir daha əhəmiyyətli bir platforma təqdim etdi. Dünya üçün çox maraqlı idi ki, 44 günlük müharibəyə gedən yol nədən ibarət olub? Niyə Azərbaycan müharibəyə başladı? Azərbaycan buna nə qədər məcbur idi? Azərbaycanın başqa çıxış yolu vardımı? Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün müharibə variantına əl atmaqda nə qədər haqlı idi?
Təbii ki, belə sualların yaranması müəyyən miqyasda erməni lobbiçilərinin təsirinin nəticəsidir. Azərbaycanın bu müharibəyə məcburi şəkildə başlamaq siyasətini gözdən salmaq üçün belə suallar uydururlar. Ona görə də VIII Bakı Forumundakı çıxışı, məhz bu sualların detallı şəkildə cavabını verməklə bir daha dünyaya sübut etdi ki, Azərbaycan müharibəyə başlamaqda haqlı idi. Müharibəyə başlamaq Azərbaycan üçün ən sonuncu zərurət olub. Çünki 30 il ərzində ölkəmizin siyasət müstəvisində apardığı təbliğat bizim torpaqlarımızın azad olunması yönümündə bir addım da olsun irəliləyiş etmədi. Belə şəraitdə Ermənistanın qızışması, daha da həvəslənməsi və Azərbaycanı yeni-yeni torpaqların işğalı ilə hədələməsi bizim ölkəmizi müharibəyə sövq edən ən böyük arqumentlərə çevrildi. Bunun nəticəsidir ki, Azərbaycan məhz Ermənistanın təxribatını müharibədə əks-hücuma çevirməklə sonda qalibiyyət əldə olunan nəticələr ortaya qoydu. Dünya üçün çox maraqlıdır ki, müharibədən sonra Azərbaycanın əsas geosiyasi hədəfləri nədən ibarətdir. Prezident bu sualları da cavabsız qoymadı. O, qeyd etdi ki, bizim ölkəmiz yeni müharibəyə maraqlı deyil. Amma əgər kimsə bu bölgəni yenidən müharibəyə cəlb etməyə çalışacaqsa, Azərbaycanın buna layiqli cavabı olacaq. Azərbaycan Prezidentinin növbəti dəfə Ermənistana "biz sülh sazişi imzalamağa hər zaman hazırıq" kimi çağırışı ilə müraciət etməsi, Azərbaycanın nüfuzunu və apardığı siyasətin gücünü, hörmətini artırmaq baxımından olduqca əhəmiyyətli rol oynayır. Bundan başqa Azərbaycanın işğaldan azad olunmuş ərazilərində beynəlxalq kapitalın cəlb olunmasına çox geniş bir prizmadan baxması da prezidentin məruzəsində öz əksini tapan məsələlərdən biridir. Prezidentin bu forumda etdiyi məruzəsinin ən mühüm cəhətlərindən biri beynəlxalq miqyasda çox etibarlı bir tərəfdaş olduğunu səciyyələndirən tezislərlə bağlıdır. Bir sözlə, Azərbaycan prezidentinin VIII Bakı Forumunda çıxışı həm daxili inkişaf məsələləri, həm beynəlxalq miqyasda əldə etdiyi nəticələr, həm də gələcək planları ilə bağlı dünyada real problemlərin yaranmamasında böyük rol oynayacaq" Olaylar.az