Azərbaycan həm torpaqlarını işğaldan azad etdi, həm də BMT-nin funksiyasını yerinə yetirmiş oldu

İstiqamət: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Azərbaycan həm torpaqlarını işğaldan azad etdi, həm də BMT-nin funksiyasını yerinə yetirmiş oldu

Azərbaycan nəhayət ki, tarixi ədaləti bərpa etdi. Müzəfər Ali Baş Komandan, Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi Zəfərə imza ataraq 30 ilə yaxın işğal altında olan ərazilərimizi düşməndən azad etdi. Tam bir il bundan əvvəl Azərbaycan bu uğura, qələbəyə nail oldu.  2020-ci il, sentyabr ayının 27-də yeni ərazilər zəbt etmək hücuma keçən Ermənistan düşünmürdü ki, Azərbaycan qısa müddətdə ərazilərini işğaldan azad edə bilər. Ancaq Ali Baş Komandan qətiyyəti və Silahlı Qüvvələrimizin şücaəti çoxlarının mümkünsüz hesab etdiyi işi mümkünə çevirdi.

Cəmi 4 günə düşmənin 30 ilə yaxın müdətdə işğal altında olan bütün şəhər və rayonlarımızı azad edən, həmçinin uğurlu müharibə taktikası ilə düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu, ümumilikdə Azərbaycan və onun rəhbəri Cənab İlam Əliyev bu tarixi Zəfərlə bir neçə reallığı dünyaya, eyni zamanda regiona sübuta yetirdi

Azərbaycan Ordusu və onun Ali Baş Komandanı hər şeydən əvvəl "münaqişənin müharibə yolu ilə həlli yoxdur" deyənlərə, daha dəqiq desək problemlə məşğul olduqları görüntüsü yaradan ölkələrə sübut etdi ki, Dağlıq Qarabağ problemi məhz müharibə yolu ilə həllini tapdı. Əslində Azərbaycan hər zaman, sözügedən münaqişə meydana çıxandan onun danışıqlar, sülh yolu ilə həllinə tərəfdar olub. Bütün dövrlərdə sülh danışıqlarına sadiq qalıb. Hətta 44 günlük Vətən müharibəsi başlamadan, Ermənistan ərazilərimizə 27 sentyabr, 2020-ci il tarixdə hücum etmədən bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının videoformat çərçivəsində keçirilən sessiyasında çıxışı zamanı beynəlxalq aləmi Ermənistan tərəfindən gözlənilən növbəti təxribatlar barədə məlumatlandırmış və düşmən ölkənin yeni ərazilər zəbt etmək üçün hücum planı hazırladığını dünyaya bəyan etmişdi. Azərbaycan dövlət başçısı bununla həm də beynəlxalq aləmi Ermənistanın gözlənilən təxribatına qarşı vaxtında addım atmağa çağırmışdı. Lakin dünya birliyi hər zamanki kimi ikili standartlardan, ermənipərəst mövqe nümayiş etdirməkdən yana olaraq Ermənistana qarşı konkret adım atmadı və nəticə etibarilə Ermənistanın növbəti təxribatı, ona qarşı əkshücum əməliyyatı, 44 günlük Vətən müharibəsi baş verdi. Və Azərbaycan öz ərazilərini işğaldan azad etdi.

Azərbaycan 44 günlük Vətən müharibəsi ilə həm də elə Birləşmiş Millətlər Təşkilatının funksiyasını yerinə yetirmiş oldu.

Hamıya məlumdur ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının  Dağlıq Qarabağ problümi ilə bağlı 4 qətnaməsi vardı və həmin qətnamələrdə Azərbaycanın işğal edilmiş ərazilərindən erməni hərbi birləşmələrinin çıxarılması öz əksini tapmışdı. Lakin təəssüflər olsun ki, sözügedən qətnamələrin qəbulundan keçən illər ərzində nə Ermənistan beynəlxalq hüququ heçə sayaraq həmin qətnamələrə əməl etmiş, nə də istər BMT, istərsə də beynəlxalq aləm, münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu və onun həmsədr ölkələri Ermənistana həmin qətnamələrin icrası məqsədilə təzyiq göstərmişdi. Mövcud cəzasızlıq mühitindən sui - istifadə edən Ermənistan isə daha geniş ərazilər əldə etmək  niyyətinə düşmüşdü. Lakin Azərbaycan 44 günlük Vətən müharibəsi ilə bütün bu mənfi tendensiyaların qarşısını aldı. Həm torpaqlarını işğaldan azad etdi, həm də BMT-nin funksiyasını yerinə yetirmiş oldu.

Hər kəsə məlumdur ki,  Ermənistan daima Azərbaycan xalqına, Azərbaycan dövlətinə, ümumilikdə türklərə qarşı nifrət hissi ilə yanaşıb, zaman-zaman öz çirkin əməlləri,  insanlıq əleyhinə cinayətləri ilə kütləvi qırğınlar, terror əməlləri həyata keçirib. Elə 44 günlük Vətən müharibəsi günlərində də Ermənistan bu mənfur əməlindən əl çəkmədi, döyüşlərin getdiyi ərazidən  yüzlərlə kilometr kənarda yerləşən şəhər və rayonlarımızı kimyəvi silahlardan, uzaq mənzilli raketlərdən atəşə tutdu. Gəncə və Bərdə şəhərlərinin Vətən müharibəsi dövründə raket zərbəıərinə məruz qalması, nəticədə onlarla dinc sakinin həyatını itirməsi ermənilərin insanlıq əleyhinə  cinayətlərinin  əyani sübutudur. Azərbaycan haqlı olaraq Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri barədə dünya birliyi, beynəlxalq təşkilatları məlumatlandırsa da lakin; təəssüflər olsun ki, bu məsələdə də ikili standartlar özünü açıq şəkildə büruzə verir və Ermənistanın insanlıq əleyhinə cinayətlərinə göz yumulur.

Bu gün Azərbaycan dövləti 44 günlük Vətən müharibəsi zamanı düşməndən azad etdiyi əzəli torpaqlarını, şəhər və rayonlarını yenidən qurur, onları dirçəldir. Erməni işğalından azad edilən hər bir şəhərimizdə, rayonumuzda, kənd və qəsəbəmizdə bu inkişaf, quruculuq-abadlıq işləri özünü büruzə verir. Qısa müddət ərzində görülən işlər və əldə edilən nəticələr onu deməyə əsas verir ki, məcburi köçkün soydaşlarımız tezliklə öz doğma yurd-yuvalarına qayıdacaq və Qarabağda yenidən həyat canlanacaq. Qarabağ indi əvvəlkindən daha cəlbedici, daha heyranedici olacaq və xarici turistləri özünə cəlb edəcək. Çünki buna həm maddi, həm də insani potensialımız kifayət qədər çatır.

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31