Ölkəmiz 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həm də parçalanma təhlükəsindən xilas oldu
11 Noyabr 2021 13:42 Siyasət"Azərbaycan müstəqillik əldə etdikdən sonra konstitusiyanın hazırlanması mühüm bir vəzifə kimi qarşıda dururdu. SSRİ-nin tərkibindən çıxandan sonra, yəni, 1991-ci ildən sonra ölkədə baş verən proseslər, Qarabağda separatizmin baş qaldırması, Ermənistanla gedən mübarizə və müharibə hüquqi və demokratikləşmə istiqamətində addımların atılmasını ləngidirdi. Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra hüquqi münasibətlər sisteminin qurulması istiqamətində önəmli bir addım atıldı və konstitusiya komissiyası formalaşdı".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
![]()
"Həmən dövrdə konstitusiya komissiyasının tərkibinə ölkədə çox güclü siyasi nüfuza malik olan iqtisadçılar, hüquqşünaslar, siyasətçilər, siyasi partiya rəhbərləri, dilçilər daxil edildi və ölkəmizin, müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası geniş müzakirələrdən sonra hazırlandı və bununla bağlı referendum keçirildi. Konstitusiyanın qəbulu həm də Azərbaycanın davamlı inkişafını təmin edirdi. Çünki, burada olan fəsillər həm Naxçıvanın beynəlxalq səviyyədə tanınmış statusunu, eyni zamanda, bələdiyyələrlə bağlı yeni bir institutu, ombudsman ilə bağlı məsələləri, həm də insan haqları və azadlıqlarını əks etdirirdi. Azərbaycan totalitar rejimin tərkibində olanda bu cür azadlıqlardan məhrum idi. Söz və fikir azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı və digər bu kimi yeni ifadələrin həm leksikologiyaya, həm ölkənin ictimai-siyasi həyatına daxil olması əlamətdar hadisə idi. Digər tərəfdən həm də burada qanunvericilik sistemində ən prioritet olan hüquqi aktın qəbul edilməsi, ondan sonra digər qanunvericilik aktlarının qəbul olunmasını da labüd edirdi və bu xüsusla ölkədə qanunvericilik külliyyatı formalaşdı. Ötən dövrdə konstitusiyamıza bir sıra əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər əsas etibarilə dövrün çağırışlarına cavab verməklə yanaşı, həm də ölkəmizin daha post-modern demokratik dövlət qismində çıxış etməsini şərtləndirirdi. Digər tərəfdən 1995-ci ildə konstitusiyanın qəbul olunması ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində mümkün olmuşdur. Ötən dövr ərzində Azərbaycanda gedən bütün seçkilər, demokratikləşmə prosesi, vətəndaşların rifahının artırılması və eyni zamanda, digər önəmli geoiqtisadi və geosiyasi proseslərdə hər zaman ölkəmizdə olan ilk konstitusiyaya istinad edilir və bu daha çox ulu öndər Heydər Əliyevin xidmətləri kimi yada salınır. Qeyd olunmalıdır ki, ölkəmiz həm də 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında parçalanma təhlükəsindən xilas oldu. Ölkədə çox ciddi şəkildə parçalanma meyilləri var idi, vahid ideya və qayə ətrafında bütün xalqın birləşdirilməsi və vahid konstitusiyasının bütün ölkə ərazisində hüquqi təsirinin olması ölkənin davamlı inkişafını və dövlətçilik ənənələrini də formalaşdırdı".
Röyalə Xəyal