Rusiya proseslərə öz maraqları kontekstindən yanaşır
11 Noyabr 2021 12:39 Siyasət"II Qarabağ savaşından sonra regionda vəziyyət bir neçə cəhətinə görə dəyişməyə başladı. Bu müharibədən və Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra uzun illər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vəsitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə ehtiyac qalmadı. Ona görə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin 2020-ci il dekabr ayında regiona sonuncu səfəri çərçivəsində Azərbaycanda olduğu zaman ölkə başçısı cənab İlham Əliyev həmsədrlərə açıq şəkildə bildirmişdir ki, Azərbaycan bu münaqişəni öz silahlı qüvvələri hesabına həll edib və onların fəaliyyətinə ehtiyac qalmayıb". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Samir Hümbətov deyib ki, 9-10 iyul 2021-ci il tarixlərində Azərbaycan hökuməti tərəfndən təşkil edilən və ölkəmizdə fəaliyyət göstərən xarici ölkə diplomatlarının Şuşaya səfəri zamanı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin diplomatları bu səfərə qatılmadılar: "Daha sonra isə 26 iyul 2021-ci ildə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Ermənistan-Azərbaycan sərhəddinə səfər edib və qoşunların təmas xəttində müşahidələr aparıb. Bu isə sözügedən dövlətlərin münaqişəyə nə dərəcədə ikili standartla yanaşmasının göstəricisi hesab edilə bilər". Ekspert deyib ki, Rusiya II Qarabağ savaşından sonra özünü regionda "sülhməramlı" göstərməyə çalışsa da, atdığı addımlardan bu niyyətdə olmadığı açıq şəkildə görünməkdədir: "Məhz bu səbəbdən Rusiya XİN sözçüsü Mariya Zaxarovanın ATƏT-lə bağlı söylədiyi fikirləri regiondan sabitliyin bərpasına və üzunmüddətli sülhün əldə edilməsinə kölgə kimi qiymətləndirmək olar. Zaxarova çərşənbə günü təşkil edilmiş brifinqdə çıxışı zamanı bildirib ki, "Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağa genişmiqyaslı səfərləri praktikasının tezliklə bərpasını vacib sayır". Daha sonra Zaxarov sözlərinə onu da əlavə edib ki, "Biz hesab edirik ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu Qarabağ tam formatlı səfərləri praktikasını mümkün qədər tez bərpa etmək vacibdir". Ekspert hesab edir ki, Zaxarovanın bu iki cümləsindən bir neçə nəticə çıxartmaq olar: "Rusiya ənənəvi olaraq proseslərə öz maraqları kontekstindən yanaşır. Rusiya ATƏT-i regiona yenidən dəvət etməklə münaqişənin daha da uzadılmasına çalışır. Rusiya ATƏT-i öz xarici siyasəti naminə istifadə etməyə çalışır. Rusiya bununla Azərbaycan və Türkiyəni şantaj etməyə çalışır".