“ Bu gün Azərbaycanda demokratik qanunvercilik bazası formalaşdırılıb və bu da məhz Konstitusiyamızda əks olunub”

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü ilə əlaqədar Olaylar.az- a açıqlama verən siyasi ekspert  Rəfail Becanov bildirib ki, Konstitusiya dövlətin ali qanunudur. 12 Noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası demokratik, hüquqi dövləti özündə ehtiva edən və dünyəvi standartlara cavab verən mükəmməl ali qanunvericilik aktıdır.

"Azərbaycanın əsas qanununda hüquqi, sosial, siyasi və digər bütün funksiyalar öz əksini tapıb. Dövlətin vəzifə və öhdəlikləri kimi vətəndaşların da hüquq və vəzifələri Konstitusiyamızda ehtiva edilir.

1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyimizi elan etsək də, müharibə, Ermənistanın işğalçı hərbi təcavüzü, daxili siyasi qarşıdurmalar dövlət quruculuğunu tam həyata keçirməyimizə imkan vermirdi. Torpaqlarımızın Ermənistan tərəfindən işğalı, daxildə ard-arda baş verən dövlət çevrilişləri əsas qanunun - Konstitusiyanın hazırlanmasını və qəbulunu əngəlləyirdi.

Ölkənin daxilində hərbi-siyasi çevrilişlərin qarşısı tamamilə alındıqdan sonra Konstitusiyanın qəbulu mümkün oldu. Beləliklə də, 1995-ci ilin 12 noyabrında Azərbaycan Respublikasının əsas qanunu - Konstitusiyamız ümumxalq səsverməsi yolu ilə qəbul edildi və Azərbaycanda müstəqil və konstitusion dövlət quruculuğu ilə bağlı əsaslı işlər görülməyə başlandı.

Müstəqil və suveren Azərbaycanın Konstitusiyasının qəbulundan sonra digər qanunvericilik aktları da əsas qanuna uyğunlaşdırılmağa başladı. Bu gün Azərbaycanda demokratik qanunvercilik bazası formalaşdırılıb və bunun da baza prinsipləri məhz Konstitusiyamızda əks olunub.

Lakin zaman dəyişdikcə, dünyada və ölkədə yeniliklər baş verdikcə, Konsitutusiyada da dəyişikliklər labüd olur. Ona görə də 1995-ci ilin noyabr ayının 12-də qəbul edilən Konstitusiyamızda zaman-zaman müəyyən dəyişikliklər edilib.  Cəmiyyət inkişaf etdikcə, hüquqi münasibətlərin  yeni tələbləri yarandıqca bu yeniliklərin əsas qanunda da öz əksini tapması gərəkli olur. Buna görə 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsvermələri (referendum) ilə konstitusiyamıza əlavə və dəyişikliklərlər edilib. Təbii ki, bundan sonra da gərəkli olnada və ya ehtiyac yarananda yeniliklərə və inkişafa hesablanan dəyişikliklərin olması mümkündür.

Əsas məsələ odur ki, bütün dəyişikliklərin ali məqsədi cəmiyyətin inkişafı və qanunların təkmilləşdirilməsi və aliliyinin təminatıdır. Ədalətli sosial-iqtisadi münasibətlərin qorunması ilə azad xalq, azad cəmiyyət formalaşdırmaqdır.

Azərbaycan Konstitusiyası 30 il Ermənistan tərəfindən işğal olunan ərazilərdə tətbiq olunmayıb. Lakin indi başqa bir sevinci də yaşayırıq. İkinci Qarabağ müharibəsində Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdi və böyük bir zəfər qazandıq. İndi Konstitusiyamız bütün Azərbaycan ərazisində əsas qanundur. Ona görə də bu il Konstitusiya Günümüz daha sevincli, daha əzəmətlidir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31