8 noyabr! – 8 mayı əzib, sıradan çıxaran gün! - Əkbər QOŞALI

Əkbər QOŞALI

Beynəlxalq "Alaş" Ədəbi Mükafatı laureatı

Bir 1 nəfər şəkili ola bilər

ZƏFƏRİN ÖZÜ

8 noyabr! - 8 mayı əzib, sıradan çıxaran gün!

Nə vaxtsa, ağlımıza gələrdimi, mayla noyabrı qabaqlaşdıraq, müqayisə edək, birinə üstünlük verək? Əslində, may ayı bizimçün əziz aydı, bir çox əlamətdar günlərimiz, o cümlədən türk-müsəlman şərqində ilk cümhuriyyəti qurmağımız bu aya təvafüq edir; əslində, 1991-ci ilin 20 noyabr Qarakənd faciəsi ilə noyabrı daha ağrılı xatırlayırdıq... Lakin 1992-ci ildə mayı maylıqdan çıxaran 8 may - Şuşanın, 18 may - Laçının işğal günləri ilə sarsıldıq. Yalnız may ayı deyil... may neynəsin, ay neynəsin - az qala hər aya düşən faciələr, işğallar səpələnmişdi təqvimimizə... Və biz işğallarla barışmadıq, faciələrə boyun əymədik! Rəhmətlik Xalq şairimiz Cabir Novruz deyirdi:

"Millət əzər, əzilər də,

Kaş millətdə ruh yaşasın!

Əyri qəddi düzələr də,

Kaş millətdə ruh yaşasın"!

Atalar sözüdür: "İgid odur atdan düşə, atlana".

Bəli, 30 ilə yaxın ağır işğal illəri keçirsək də, ruhumuz, işimizin haqq işi olduğuna əminliyimiz, haqqın nazilsə də, üzülməyəcəyinə sarsılmaz inamımız bizi 8 noyabra gətirib çıxardı. 8 noyabr! - Şuşa azad olunmuşdur! Şuşa azad olunmuşsa, iş tamamdır!

Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev hələ oktyabrda qardaş Türkiyədən olan bir qrup aydınla görüşərkən müjdəni vermişdi: "Şuşasız bizim işimiz yarımçıq qalar"! Şuşa kimin əlindəsə, Qarabağda, Qarabağ kimin əlindəsə Qafqazda söz sahibidir. Biz əlbəttə, kiminsə torpağına göz dikməmişik, amma öz torpağımızı da kiməsə güzəştə gedəcək deyilik. Qafqazda söz sahibliyinə gəldiksə isə bundan daha təbii nə ola bilər? Üstün əhali sayı bizdə, ümumqafqaz yaddaşlı zəngin tarix bizdə, qədim mədəniyyət bizdə, daha böyük ərazi bizdə, güclü iqtisadiyyat bizdə, əlverişli coğrafi mövqe bizdə, xeyirxahlıq, insanlıq bizdə! Belə olunca, Azərbaycanın Qafqazda sözükeçərliliyi, əslində, bütün aborigen Qafqazlıların maraqlarına cavab verir.

Məhz bizim mədəniyyət paytaxtımız Şuşa Qafqazın konservatoriyasıdır.

Beləliklə, 8 noyabr yalnız Azərbaycanın Zəfər Günü deyil - haqqın təntənəsi, tarixi ədalətin bərpası, mədəniyyətin xilası günüdür! Sözüm sizə qərib gəlməsin: yadellilər 30 il içində Qarabağda yalnız abidələri, tikililəri dağıtmaq, var-dövləti talamaqla məşğul oldu, tikmədilər, yaratmadılar, qurmadılar - çünki fitrətlərində yoxdur! Çünki bu ərazilərin onlara aid olmadığını bilirdilər; bilirdilər ki, gec-tez rədd olub gedəcəklər. Hər şey bir yana, qəbirləri dağıdıb vandallar, ölülərin kəmiklərini çıxarıb! Bu vəsilə ilə 8 noyabr günü XXI yüzil üçün vandalizm və faşizm üzərində qələbə günüdür!

Biz zəfər ki bir xalq tərəfindən qazanılsa da, yalnız bir xalq deyil, bölgəyə, insana, haqq-ədalətə, mədəniyyətə xidmət edir, o ümumbəşəri zəfərdir! Zəfərimiz qutlu olsun!

Heç Şuşada olmamış oğulları Şuşaya aparan ruh, eşq, yol Şuşada bitməmişdir. Şuşadan Zəngəzura, Göyçəyə, İrəvana ulu yol görünür!

***

ƏZİZ ŞUŞA!

(Şuşa uğrunda döyüşmüş Vətən oğullarının adına bağışlayıram)

Ayağımız toxunub,

Nəfəsimiz dəyincə

Torpağına gül-çiçək,

Göyünə quş qayıdan,

Kor olan bulağına

Dirilib su qayıdan

Canımın canı şəhər!

Mənim qədim ölkəmin

Hər şəhəri əzizdir.

Şəhərlər inciməsin,

ancaq bu söz elə bil,

Sənin üçün yaranıb,

sənin üçün biçilib:

Əziz Şuşa!

Əziz Şuşa!

Demirəm,

biz səni

ana kimi,

bala kimi sevirik,

Çəmənində otlara,

göy üzündə buluda,

quşa kimi sevirik;

Əziz Şuşa,

biz səni

Şuşa kimi sevirik!

Hər yerdə ağ bulud var,

Göyüzünün quşları -

Quş varsa, qanadı var;

Su çoxdur, torpaq çoxdur,

Hər yerdə Şuşa yoxdur...

Əziz Şuşa,

keçmişdən sual vermirsən, sağ ol,

Əziz Şuşa, sən bizi qınamırsan,

çox sağ ol! -

Biz səni tərk etmişdik,

Sən bizi tərk etmədin,

Biz səndə olmasaq da,

Can Şuşa, sən bizdəydin!

Canımın canı şəhər,

insanlar bir şəhərə

necə aşiq olurlar? - necə tərif eyləyim.

Sevgi "niyə"siz olur,

Sevgi "necə"siz olur,

O "niyə"siz, "necə"siz sevgilərdi

and oldu,

inama qanad oldu

O and, o inam idi

Oldu - yolumuz oldu,

"Dərələrdən sel kimi,

təpələrdən yel kimi"

bizi sənə, bizi sənə gətirdi.

Sənə gələn yolumuz

Canımızdan başladı;

İlahi yazı varsa -

Alnımızdan başladı.

Yollar sənə gətirdi;

Yollar səndə qurtarmır -

Zəngəzurun,

Göyçənin,

İrəvanın yolları

səndən görünür, Şuşa!

əlini qəlbimə qoy,

gör bir necə döyünür...     

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31